“8 Noyabr – Zəfər Günü” ərəfəsində Respublika Uşaq Kitabxanası və “TEAS Press Nəşriyyat Evinin” birgə təşkilatçılığı iləuşaq yazarı Mürşüd İsmayılzadəylə görüş keçirilib.
Kulis.az xəbər verir ki, tədbirdə “3 alma” uşaq ədəbiyyatının bölməsinin əməkdaşları, Rahim adına 7 nömrəli məktəbin şagirdləri və müəllim heyəti iştirak ediblər. Tədbir Dövlət Himni ilə açıq elan olunub, sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Öncə kitabxananın direktoru qonaqları salamlayaraq tədbirin əhəmiyyətini vurğulayıb. Şəhla Qəmbərova həmçinin Mürşüd İsmayılzadənin müəllifi olduğu “Zəfəri yaşadanlar, yaşayanlar” adlı kitabdan geniş şəkildə danışıb, qeyd edib ki, yazıçının kitabda yer alan hekayələri 44 günlük Vətən müharibəsinə həsr olunub. Sadə həyat hekayələri ilə yanaşı, müəllif Azərbaycan xüsusi təyinatlılarının döyüş əməliyyatları haqqında danışır, Hadrut döyüşündən bəhs edir. Hekayələrdə həmçinin canını torpaqlarımızın işğaldan azad olunması uğrunda fəda edən şəhidlərimizin həyatı, döyüşləri, zabit və əsgərlərimizin igidlikləri təsvir edilir.
Mürşüd İsmayılzadə çıxışında oxucuların diqqətinə çatdırıb ki, kitabın ərsəyə gəlməsində iştirak etmək mənim üçün vacib və şərəfli missiyalardandır. Xalqımızın tarixinə qızıl hərflərlə yazılan Vətən müharibəsində yaşadıqlarımızı, duyduqlarımızı bu kitabda canlandırmağa çalışmışıq. 44 günlük Vətən müharibəsi xalqımızın qəhrəmanlıq ruhunun təntənəsidir.
“3 alma” uşaq ədəbiyyatının bölməsinin əməkdaşı Arzu Cəfərova kitab və görüş haqqında öz fikirlərini bildirib, qeyd edib ki, kitab vətənpərvərlik ruhunda yazılıb və zəfəri bizə yaşadan qəhrəmanlarımız haqqında hekayələri özündə birləşdirir. “Zəfəri yaşadanlar, yaşayanlar kitabı” yazarın müəllifi olduğu digər kitablar kimi oxucuların böyük marağına səbəb olub. Hər birinizə bu kitabı oxumağı tövsiyə edirəm.
Sonda məktəblilər yazıçıya kitabla bağlı suallar ünvanlayıb, növbə ilə görüş haqqında təəssüratlarını bildiriblər, müəllifin kitabından ilhamlanaraq ərsəyə gətirdikləri maketləri yazıçıya göstəriblər və onlara “Göy qurşağı” uşaq jurnalı hədiyyə olunub.
Tədbir Şanlı Zəfər tarixinin yeniyetmə və məktəblilər arasında təbliği, mütaliə vərdişlərinin artırılması məqsədilə təşkil olunub.