Rusiyada mühəndis çatışmazlığı kritik səviyyədədir və artıq hər 5 şirkətdən biri kadr çatışmazlığından əziyyət çəkir.
Hafta.az-ın “Vedomosti” qəzetinə istinadən yazdığına görə, ümumi kadr ehtiyacını ödəmək üçün Rusiyaya 600 mindən çox mühəndis lazımdır.
hh.ru iş elanları platformasının məlumatına görə, 2024-cü ilin yanvar-oktyabr ayları arasında Rusiyada mühəndislik sahələrində 636 mindən çox iş elanı yerləşdirilib. Bu rəqəm 2023-cü ilin eyni dövründə yerləşdirilən 565 min reklamla müqayisədə 13 faiz artıma uyğundur. Bəzi kateqoriyalarda reklamların sayı 150 faiz artaraq 3800-dən 9 minə çatıb.
Qəzetə danışan elektronika istehsalçısı “Aquarius” şirkətinin insan resursları və təşkilati inkişaf üzrə vitse-prezidenti Viktoriya Haba bildirib ki, mühəndislərin çatışmazlığı səbəbindən ilin birinci yarısında mühəndis maaşları 16 faiz artıb.
Haba bildirir ki, Rusiyada bütün mühəndislik sahələrində kadr çatışmazlığı var. Layihə mühəndisləri ən çox ehtiyac duyulan mütəxəssislər arasında önə çıxsa da, sahədəki boşluğun ölçüsü 30 min olaraq ifadə edilib. Texnologiya sahəsində 20 min mühəndisə ehtiyac var.
İşəgötürənlər mühəndis namizədlərini cəlb etmək üçün maaş təkliflərini artırmağa davam edirlər. hh.ru məlumatlarına görə, yerli bazarda mühəndislərin orta əməkhaqqı 2024-cü ildə 18 faiz artaraq 87669 rubldan 103662 rubla (1050 dollar) çatıb.
DevOps mühəndisləri 247400 rubl (2545 dollar), baş mühəndislər 143600 rubl (1480 dollar), quraşdırma mühəndisləri 104300 rublla (1073 dollar) ən yüksək maaş təklifi olan vəzifələr olub.
Bu arada, Rusiyada işsizlik səviyyəsinin rekord həddə - 2,4 faizə olaraq qaldığı bir vaxtda, bunun uğur deyil, "bəla mənbəyi" və ölkədəki əmək bazarında ciddi struktur problemlərinin əlaməti olduğu vurğulanır. Aparıcı maliyyə ekspertlərindən biri Aleksey Zubets bildirib ki, bu aşağı göstərici işçi çatışmazlığı yaradır, maaşların sürətlə artmasına və nəticədə inflyasiya təzyiqlərinə səbəb olur. Xüsusilə mühəndislik kimi kritik sahələrdə 600 min nəfərlik işçi qüvvəsi çatışmazlığı var və bu çatışmazlıq texnologiyanın inkişafı və istehsal proseslərinə böyük təzyiq göstərir.
İşçi qüvvəsinin çatışmazlığı təkcə mühəndislik sektorunda deyil, digər sektorlarda da öz təsirini hiss etdirir. Xüsusilə yüksək maaş tələbləri kiçik və orta biznesi çətin vəziyyətə salır. İri şirkətlər maaş artımı və sosial müavinətlərlə işçiləri cəlb etməyə çalışsalar da, kiçik müəssisələr bu rəqabətə tab gətirməkdə çətinlik çəkirlər. Mütəxəssislərin fikrincə, maşınqayırma sahəsindəki boşluğu aradan qaldırmaq üçün gənclər bu sahəyə yönəldilməli və təhsil sistemi də bu zərurətə uyğun olaraq yenidən qurulmalıdır.
Mühəndis çatışmazlığını doldurmaq üçün xaricdən işçi qüvvəsinin gətirilməsi də həll yolu hesab olunur. Bununla belə, dil və təhsil uyğunluğu kimi problemlər bu həllin mümkünlüyünü məhdudlaşdırır.