AZ

Qarabağ “yaşıl dünya”ya çevrilir

Misirli ekspert, Mərkəzi Asiya və Qafqaz üzrə tədqiqatçı Əhməd Abdah Tarabeyk Azərbaycan mediasına müsahibəsində ölkəmizin işğaldan azad edilmiş ərazilərinin “yaşıl”zonaya çevrilməsi imkanlarından danışarkən Qarabağ və Şərqi Zəngəzurun zəngin bərpaolunan enerji potensiala malik olduğunu bildirərək bu torpaqlarda yaşayış sahələrinin “yaşıl” enerjiyə keçidlə bağlı qlobal tendensiyalara uyğun yenidən qurulduğunu, çaylar vasitəsilə təmiz elektrik enerjisi alındığını bildirib.

Tədqiqatçının sözlərinə görə, işğalçıdan təmizlənən torpaqlarda “yaşıl” həyat tərzini şərtləndirən digər layihələrin icrası da diqqətdə saxlanılıb. Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ilə bağlı iqtisadi inkişaf kursunda bu ərazilərin “yaşıl” enerji zonasına çevrilməsi əsas istiqamətlərdən biri kimi müəyyənləşdirilib və bu, həmin ərazilərdə kifayət qədər bərpaolunan enerji potensialının mövcudluğu ilə əlaqələndirilib.

Qeyd edək ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl” enerji zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 may 2021-ci il tarixli Sərəncamı əsasında beynəlxalq məsləhətçi şirkətin cəlb olunması qərara alındı və icrası istiqamətində Yaponiyanın TEPSCO şirkəti ilə əməkdaşlığa başlanılaraq müvafiq konsepsiya sənədi hazırlandı.

Konsepsiyanın məqsədi işğalçıdan təzlənən torpaqlarda zəngin bərpaolunan enerji potensialından yararlanmaqla ərazini ekoloji cəhətdən təmiz “yaşıl” enerji ilə təmin etmək və enerji səmərəliliyinə malik “yaşıl” texnologiyaların tətbiqi perspektivlərini araşdıraraq təkliflər formalaşdırmaq olub. Bunun üçün müxtəlif ssenarilərin tətbiqi ilə ərazilərin enerji tələbatı modelləri hazırlanıb.

“Yaşıl” enerji zonasının yaradılması çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda bərpaolunan enerji mənbələrindən elektrik enerjisi istehsalının gerçəklədirilməsi, tikililərin damlarında günəş panellərinin qurulması, həmçinin küçələrin və yolların işıqlandırılmasında günəş enerjisi əsaslı LED lampalardan istifadə olunması, “ağıllı” enerji idarəetmə texnologiyalarına önəm verilməsi kimi tədbirlər nəzərdə tutulub. Bununla yanaşı, Azərbaycan hökuməti 2021-ci ilin noyabr ayında Qlazqo şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi Konfransında (COP26) baza ili ilə müqayisədə 2050-ci ilə qədər istixana qazı emissiyalarının 40 faizə qədər azaldılması və işğalçıdan təmizlənən ərazilərdə “xalis sıfır emissiya” zonası yaradılması niyyəti bəyan edilib. Bununla da Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonasına çevrilməsinə başlanılıb.

Beləliklə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları işğaldan azad ediləndən sonra bu ərazilərdə “yaşıl” texnologiyaların tətbiqi ilə bağlı layihələrin həyata keçirilməsi diqqət mərkəzində saxlanılıb. Bununla əlaqədar Nazirlər Kabinetinin 2022-ci il 21 iyun tarixli sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022–2026-cı illərdə “yaşıl” enerji zonasının yaradılması üzrə Tədbirlər Planı”na əsasən, genişhəcmli işlərin icrasına başlanılıb.

Azərbaycan Prezidentinin 2022-ci il 16 noyabr tarixli sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda da Qarabağ və Şərqi Zəngəzurda “yaşıl” enerji layihələrinin həyata keçirilməsinə mühüm önəm verilib. Dövlətimizin başçısı tərəfindən bu məqsədin gerçəkləşməsi üçün 2021-ci il mayın 3-də “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl” enerji zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” sərəncam da imzalanıb.

Qarabağ və Şərqi Zəngəzurda bərpaolunan enerji potensialının gerçəkləşməsini bu ərazilərin əlverişli coğrafi şəraiti və iqlim xüsusiyyətləri, həmçinin “yaşıl” enerji mənbələrindən, o cümlədən günəş, külək və su resurslarından geniş istifadəyə münbit zəmin şərtləndirir. Prezident İlham Əliyev işğalçıdan təmizlənən torpaqların bərpaolunan zəngin enerji potensialını nəzərə alaraq o əraziləri “yaşıl” enerji zonası elan etməsi də məhz həmin amillə bağlıdır.

Mütəxəssislərin araşdırmalarına görə, Qarabağ və Şərqi Zəngəzurda 4 min meqavatdan artıq günəş və 500 meqavatadək külək enerjisi potensialı mövcuddur. Artıq həmin potensialın hərəkətə gətirilməsi istiqamətində konkret tədbirlər həyata keçirilir, aparılan bərpa-quruculuq işlərində “yaşıl” texnologiyaların tətbiqinə üstünlük verilir.

Qarabağ və Şərqi Zəngəzurun zəngin bərpaolunan enerji potensialı haqqında aydın təsəvvür yaratmaq üçün bəzi göstəriciləri də diqqətə çatdıraq. Əvvəlcə qeyd edək ki, Yer səthinə düşən günəş radiasiyasının miqdarına görə, Füzuli, Cəbrayıl, Zəngilan rayonları Naxçıvan Muxtar Respublikası ərazisindən sonra ikinci yerdə dayanır. Burada bir kvadratmetr üfüqi səthə düşən günəş radiasiyası ildə 1600–1700 kilovat/saat təşkil edir. Bu torpaqların ümumi günəş enerjisi potensialı 3–4 min meqavatdır.

Aparılan araşdırmalara əsasən, 6 rayonda (Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər) günəş elektrik stansiyalarının tikintisi üçün ümumi sahəsi 14 min 427 hektar və güc qoyuluşu potensialı 7 min 214 meqavat olan 8 perspektiv ərazi müəyyənləşdirilib. Hər bir ərazi üzrə düşən günəş radiasiyasının miqdarına görə gözlənilən enerji istehsalı dəqiqləşdirilib.

Qarabağda külək enerjisinin istehsalı da planlaşdırılır. Belə ki, regionun dağlıq hissəsində 100 metr hündürlükdə küləyin orta illik sürətinin saniyədə 7-8 metr olduğu geniş ərazilər mövcuddur. Kəlbəcər və Laçın rayonlarının Ermənistanla sərhəd ərazilərində küləyin orta illik sürəti saniyədə 10 metrə çatır. Ümumilikdə, Qarabağın dağlıq ərazilərində külək enerjisinin potensialı 300–500 meqavat həddində qiymətləndirilir. Ölçü müşahidə stansiyalarının quraşdırılması yolu ilə bu sahənin də dəqiq potensialının hesablanacağı nəzərdə tutulur.

Bütün bunlardan başqa, Kəlbəcər və Şuşada termal su ehtiyatları var. Qarşıda duran vəzifələrdən biri də həmin mənbələrdən enerji məqsədli istifadənin mümkünlüyünü tədqiq etməkdir. Qarabağ bölgəsində, həmçinin daş kömür yataqları mövcuddur. Məsələn, Tərtər rayonunun Çardaqlı kəndi 8,5 milyon ton daş kömür ehtiyatına malikdir.

İşğaldan azad olunan ərazilər su ehtiyatlarının zənginliyi ilə də seçilir. Ümumilikdə, Azərbaycanın yerli su ehtiyatlarının 25 faizi məhz həmin sahələrdə formalaşır. Bununla yanşı, sözügedən torpaqlarda 14 çay və 9 su anbarı yerləşir. Mütəxəssislərin fikrincə, bu ərazilərin yerüstü və yeraltı su ehtiyatlarından həm içməli, həm də aqrar sahədə suvarma suyu kimi istifadə etmək üçün zəngin potensial var.

 

Seçilən
26
xalqqazeti.az

1Mənbələr