AZ

COP29: İdman ekologiyaya necə təsir edir?

İdman hər il böyüyən və inkişaf edən nəhəng bir sənayedir. Belə olduğuna görə də o, ekologiyaya öz təsirini göstərir. COP29-un startı ərəfəsində bunun nə qədər təhlükəli olduğunu və nə edilə biləcəyini anlamağa çalışaq.

Bir çox insan idmanı sağlamlıq, qələbələr, enerji və faydalarla təsəvvür edir. Əslində isə onun ətraf mühitə mənfi təsiri də çoxdur. Təəssüf ki, bu, şüurlu yanaşma tələb edən ciddi mövzudur. İdman sənayesinin inkişafı ilə bağlı əsas ekoloji nəticələri nəzərdən keçirək.

Enerji xərcləri və emissiyalar

Olimpiya Oyunları və ya dünya çempionatları kimi irimiqyaslı idman tədbirlərinin təşkili və keçirilməsi intensiv enerji istehlakını nəzərdə tutur. Stadionların tikintisi, onların təmin edilməsi, soyuq mövsümdə işıqlandırılması və qızdırılması böyük miqdarda karbon emissiyasına və parnik effektinin yaranmasına səbəb olur. Bu proseslər qlobal istiləşməyə səbəb olur və iqlim dəyişikliyinə təhlükə yaradır.

Tullantılar və çirklənmə

Bir çox idman növləri ətraf mühiti çirkləndirən avadanlıq və materialların istifadəsini tələb edir. Məsələn, plastik butulkalar, qida qabları və işlənmiş idman avadanlıqları yarışın keçirildiyi yerdə qala bilər. Təkcə London marafonu zamanı idmançılar və azarkeşlər 750 000 ədəd plastik butulka atırlar. Bu, 7 ton tullantı deməkdir.

Təbii mühitin dəyişdirilməsi

İdman qurğularının tikintisi yerli ekosistemlərin məhvinə, meşələrin qırılmasına və təbii relyefin dəyişməsinə səbəb ola bilər.

Artan su istehlakı

Qolf və ya avtomobil yarışları kimi bəzi idman növləri su istehlakını artıra bilər – meydançalar və trasların daim suvarılması lazım olur. 30 hektar qazon üçün gündə 15-30 min litr su istifadə edilir.

Səs-küy və işığın təsiri

Futbol matçlarından və avtomobil yarışlarındakı səs-küy və işıq yaxınlıqdakı sakinləri narahat edə bilər. Yaxınlıqda yaşayan insanların yuxusuzluq, stress və digər sağlamlıq problemlərindən əziyyət çəkməsi mümkündür. Quşlar və vəhşi heyvanlar stressə tab gətirə bilmir və belə əraziləri tərk edir, çoxalmağı dayandırır və bəzi hallarda da ölür.

Nəqliyyatdan çıxan qazlar

İdmançılar, tamaşaçılar və təşkilatçılar yarışlara getmək üçün çox vaxt uzun məsafə qət etməli olurlar. Təyyarələr, avtomobillər, qatarlar – istənilən nəqliyyat vasitəsi ilə səyahət karbon və digər zərərli maddələrin atılması ilə nəticələnir. Bu mənada səyahət etməyin ekoloji baxımdan ən təmiz yolu qatardır. Dəmir yolu nəqliyyatı sərnişin daşımalarının təxminən 40%-ni təşkil etsə də, ümumi parnik qazlarının yalnız 2%-ni istehsal edir.

Ekoloji təsiri necə azaltmaq olar?

İdman təşkilatları və icmalar daha davamlı və ekoloji cəhətdən təmiz təcrübələr üçün səy göstərməlidirlər. İdmançılar və azarkeşlər özləri də bu təşəbbüsü dəstəkləyə bilərlər.

Tədbir keçirərkən nələrə diqqət etməli?

İdman obyektlərinin tikintisi zamanı diqqət yetiriləcək məqamlar var.

Stadionlar, zallar və digər obyektlər yaradılarkən dayanıqlı tikinti prinsiplərinin nəzərə alınması, ekoloji cəhətdən təmiz materiallardan istifadə edilməsi və tullantıların düzgün çeşidlənməsi vacibdir. Yeni obyektlər tikərkən təbii ərazilərin qorunması haqqında da düşünmək lazımdır.

Məsələn, 2020-ci il Tokio Olimpiya oyunları ekoloji cəhətdən ən təmizi hesab olunur: yapon memar Kenqo Kuma stadionu taxtadan yaradıb, təkrar emal olunan materiallardan məşəllər hazırlanıb, idmançıların daşınması üçün elektromobillərdən istifadə edilib. Bu, hələ görülən işlərin tam siyahısı da deyil.

Zibil qabları hazırlanmalı və tullantılar yerə atılmamalıdır

Zibil qutularının olmaması idman yarışları zamanı ərazinin çirklənməsinin əsas səbəblərindən biridir. Ziyarətçilərin istədiyi yerə şüşə, qutu və kağız atmasının qarşısını almaq üçün kifayət qədər qab hazırlamaq lazımdır. Əlbəttə ki, bundan sonra da zibil atacaq insanlar olacaq, amma onların sayı azalacaq və bu, tədbirdən sonra təmizliyi asanlaşdıracaq.

Kağız, plastik və digər tullantıları çeşidləmək qabiliyyətinə malik qutular quraşdırsanız, bu, eko-maarifləndirmə istiqamətində daha bir addım olacaq.

Ekoloji cəhətdən təmiz və təkrar emal edilə bilən qablardan istifadə edilməlidir

Qida zonalarında təkrar emal edilə bilən qabların istifadəsi çirklənməni azaltmağın başqa bir yoludur. Lakin tədbirdən sonra təşkilatçılar tullantıların təkrar emal üçün lazımi yerlərə getməsini təmin etməlidirlər.

Plastik və kağızdan istifadəni azaldın!

Çox vaxt mühüm hadisələr bayram ləvazimatları və simvollarla doldurulur – plastik bayraqlardan tutmuş üzərinə loqosu vurulmuş köynəklərə qədər. Onların əksəriyyəti də yarışdan sonra atılır. Təşkilatçılar sərfiyyatı azaltmaq üçün alternativ yollar haqqında düşünməlidirlər. Ziyarətçilər isə ehtiyac duymadıqları şeyləri almamağa və ya götürməməyə çalışmalıdırlar.

Yaşıl Marketinqə sadiq qalın!

Bəzəkli kağız parçalarını yaymaq əvəzinə, sosial media reklamlarından istifadə etməlisiniz. Sponsorların adları həkk edilmiş birdəfəlik butulkaların, su stəkanlarının satışı və paylanılması,  tədbirin və reklam kampaniyasının simvolları ilə bəzədilmiş təkrar istifadə olunan şüşələr, termoslar və butulkalarla əvəz edilə bilər.

Nəqliyyat təmin edilməlidir

Tamaşaçıların bir yerdən başqa yerə getməsini və rahatlıqlarının təşkili vacibdir: azarkeşlər üçün avtobuslar sifariş edilməlidir. Təkbaşına getmək istəyənlər üçün isə velosipedlər ayrılmalıdır. Bunun üçün də velosiped dayanacaqları hazırlanmalıdır. Nə qədər az avtomobil istifadə edilərsə, ətraf mühitə təsir bir o qədər az olar.

İdmançı və ya həvəskarsınızsa, nə etməlisiniz?

Ekoloji cəhətdən təmiz materiallardan hazırlanmış idman geyimləri alın. Bir çox idman forması brendi ətraf mühitin qayğısına qalmağa çalışır. İdman şirkətləri təkrar emal edilmiş materiallardan daha çox məhsul istehsal edir. Siz həmişə belə paltarların lehinə seçim edə və dostlarınıza tövsiyə edə bilərsiniz.

İdman meydançalarından və parklardan istifadə edin!

İctimai məşq yerləri, velosiped yolları və açıq havada məşq avadanlığı sizə ekoloji məsuliyyətlə məşq etməyə imkan verir. Belə giriş nöqtələri nə qədər çox olsa, insanın sağlamlığını və fiziki hazırlığını qorumaq üçün bir o qədər az əlavə resurslara ehtiyacı olacaq. Mümkün olduğu qədər işə və ya idman zalına piyada və ya velosipedlə gedin.

İdman vasitəsilə ekoloji ideyaları təbliğ edin!

İdmançılar yüksək səviyyəli tədbirlər zamanı ətraf mühitin çirklənməsi məsələlərinə diqqəti cəlb edə bilərlər. Bu, insanları təbiətə qarşı daha məsuliyyətli olmağa və təbii ehtiyatlardan daha qənaətlə istifadə etməyə ruhlandırır. Tədbirlərdə siz ətraf mühitə kömək edən xeyriyyə proqramları və layihələri reklam edə bilərsiniz. Bu cür tədbirlər üçün informasiya dəstəyi ətraf mühitə təsirin azaldılması istiqamətində yaxşı addımdır.

ABBAS

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu

Seçilən
20
futbolinfo.az

1Mənbələr