AZ

Dünya dini liderlərinin COP29 Bakı iştirakçılarına müraciəti qəbul edilib

Dini Liderlərin Qlobal Sammitinin iştirakçıları BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakı iştirakçılarına müraciət ünvanlayıb.

"Report" xəbər verir ki, müraciətdə deyilir:

"Biz, COP 29 çərçivəsində 2024-cü ilin 5-6 noyabr tarixlərində Bakı şəhərində “Dünya Dinləri Yaşıl Planet uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammitinin iştirakçıları BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP 29) Təşkilat Komitəsini və zirvə iştirakçılarını səmimiyyətlə salamlayır, xeyir-dualarımızı yetirir, ali tədbirin işinə Uca Yaradandan uğurlar diləyirik.

Dini Liderlərin Qlobal Sammitinə Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev cənablarının himayədarlığı, özəl diqqəti və iştirakçılara dərin məzmunlu müraciəti tədbirimizə verilən böyük dəyərdir. COP 29 Bakı Zirvəsini Azərbaycan xalqının və dövlətinin böyük uğuru kimi qiymətləndirir, 2024-cü ilin Prezident İlham Əliyev cənabları tərəfindən Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsini planetin gələcəyi naminə insan həmrəyliyinə xidmət edən dəyərli qlobal təşəbbüs kimi alqışlayırıq. Azərbaycanın ətraf mühitin qorunmasına verdiyi önəmi, bu istiqamətdə səmərəli addımlarını təqdir edir, Yer üzündə ilahi düzənin bərpası yönündə əhəmiyyətli fəaliyyət kimi dəyərləndiririk.

Biz, dini liderlər əminik ki, insanın mənəvi baxımdan islahına, mənən sağlamlaşdırılmasına böyük ehtiyac vardır. İnsanların qəlblərində təbiətə, bütün yaradılmışlara hörmət, qayğı hissini aşılamadan, ətraf mühitin toxunulmazlığı, müqəddəsliyi fikrini təlqin etmədən bu sahədə uğur qazanmaq çox çətindir. Bütün ənənəvi dünya dinləri ətraf mühitə mərhəmət, ehtiram ruhunu təşviq edir və əks təqdirdə yaşanacaq fəlakətli imtahanlardan xəbərdar edir. Biz, dini liderlər hər zaman moizə və xitablarımızda insana təbiətin bir parçası, ekosistemin bir zərrəsi olduğunu xatırladır, təlqin edirik ki, bəşəriyyətin mövcudluğunu təmin etmək üçün ən mühüm məqam Yaradanın hökmlərinə uyğun, ətraf mühitlə mənəvi harmoniyada yaşamaq, ilahi nizama riayət etməkdir. Əminik ki, hər kəs öz xitabət kürsüsündən yararlanaraq ümumi işə öz töhfəsini verməli, təhsildə, təlimdə, ibadətdə bütün səy və fəaliyyətlərimizin amalı bu həqiqətləri beyinlərdə və qəlblərdə bərqərar etmək olmalıdır.

Dini Liderlər olaraq biz, öncəki COP 28 Sammitində dünyada hökm sürən ekoloji böhranların və təhdidlərin aradan qaldırılması sahəsində beynəlxalq səviyyədə konkret fəaliyyət planını və proqramlarını dəstəkləmiş, qlobal iqlim böhranının aradan qaldırılması üçün müvafiq direktivlərin icrası prosesində fəal iştirak etməyə hazır olduğumuzu bildirmişik. Ümidvarıq ki, Azərbaycanda keçirilən COP 29, həmçinin, dünyada sülhə, qlobal atəşkəsə çağırışlar üçün faydalı və səmərəli müstəvi olacaqdır. Biz, Azərbaycan dövlətinin qlobal atəşkəs çağırışını bəyənir və ona öz dəstəyimizi ifadə edirik. Azərbaycanın son dönəmdə yaşadığı tarixi reallıqlar bir daha sübut edir ki, dünya hələ də yaradıcı və dağıdıcı qüvvələrin qarşıdurması ilə üz-üzədir. İşğalçı qonşu dövlətin hərbi cinayətlərinə, ekoloji terror, vandalizm xarakterli dağıdıcı əməllərinə qarşı biz bu gün Azərbaycanın timsalında təbiətə, ətraf mühitə qarşı cinayət əməllərinin ağır fəsadlarını aradan qaldıran, bərpa işlərini alternativ enerjiyə əsaslanan yaşıl iqtisadiyyat təməlləri üzərində həyata keçirən, bölgənin ekoloji tarazlığını bərpa edən qurucu, yaradıcı dövlət nümunəsini görürük. Ərazi bütövlüyünü bərpa etmiş Azərbaycan dövləti bu gün ekosidin, urbisidin və kultursidin ağır nəticələrini aradan qaldırmağın örnək modelini bütün dünyaya nümayiş etdirir.

Biz, dini liderlər əminik ki, ətraf mühit və iqlim dəyişikliyi ilə bağlı taleyüklü məsələlərin həlli istiqamətində siyasi, ictimai və dini liderlərin birgə səylərinin artırılması və qlobal dialoqun gücləndirilməsi olduqca vacibdir. COP 29 tədbirində problemin siyasi, iqtisadi səbəbləri müzakirə edilərkən mühüm məqam olan mənəvi, dini-əxlaqi aspektin diqqətdə saxlanılmasını tövsiyə edirik. Bəşərin mənafeləri naminə din xadimlərinin səylərinin ümumi səylərlə birləşdirilməsini vacib hesab edirik və bu əməkdaşlıq COP tədbirlərinin inklüzivlik çağırışına tam uyğundur. Bu məramla, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı nəzdində Dini liderlərin daimi fəaliyyətdə olan Məşvərət Şurasının yaradılmasını tövsiyə edir və bu təkliflə çıxış edirik. Bu Şura COP sessiyaları arası müddətdə problemə dair əsaslı təklif və əməli təcrübələrə, ətraf mühitə, təbiətə yanaşmada ekoloji etika anlayışlarına əsaslanan ictimai əhəmiyyətli səmərəli layihələr həyata keçirər, dini dəyərlərə istinadən maarifləndirici ədəbiyyat, dərs vəsaitləri, dini moizələr toplusu hazırlayar, iqlim problemlərinin həllinin ideoloji bazasını möhkəmlətməklə ümumi hədəfə doğru nailiyyətlərimizi artırar. COP 29 Bakı tədbirində təklifimizin dəyərləndirilməsini və yeni təsis olunacaq dini liderlər platformasına təşkilati, maddi və mənəvi baxımdan hərtərəfli dəstək göstərilməsini istərdik.

COP sessiyalarına sədr ölkələr - Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan və Braziliyanın həmsədrliyi ilə COP sədrləri üçlüyü dövründə Dini Liderlərin COP ilə davamlı əməkdaşlıq etməsi üçün effektiv platformanın təmin edilməsi COP tədbirləri adına böyük nailiyyət, real töhfə ola bilər.

Uca Rəbbin yaratdığı ən böyük dəyər olan insan həyatının qorunması, bütün yaradılmışların və Yer üzünün xilası – qanunların, mənəviyyatın və ədalətin aliliyi ilə mümkündür. Bu cəhətdən, Birləmiş Millətlər Təşkilatının əlaqələndirici rolunun artırılması zəruridir. BMT İqlim Dəyişikliyi Konfransının qarşıdakı zirvə görüşünə xeyir-dua verir, uğurlar arzulayırıq. Bir daha Azərbaycan dövlətinə təşəkkürlərimizi bildirir, dəyərli tədbirin təşkilatçılarına və iştirakçılarına nəcib fəaliyyət və səylərində uğurlar diləyirik. Uca Yaradan bütün xoş məramlarımıza rəvac versin, Yer üzünü və bəşəriyyəti hifz etsin! AMİN!".

Seçilən
62
24
ekologiya.az

10Mənbələr