AZ

COP29 və Ukraynanın Sülh formulası

Ukraynada Rusiya təcavüzünün səbəb olduğu vəhşi, qanlı müharibə davam edir, bu müharibə hər gün insan həyatına son qoyur, evləri, infrastrukturu dağıdır, ekologiyaya və ətraf təbii mühitdə saysız-hesabsız itkilərə səbəb olur. Ukrayna bu dünyada hər kəsdən çox sülhə can atır, çünki bu Rusiya-Ukrayna müharibəsinin vəhşiliyini hər gün hiss edən bizik. Biz yaşamaq hüququ, azadlıq və ədalət uğrunda mübarizənin önündəyik. Ukrayna Avropanın və dünyanın sabit gələcəyi üçün etibarlı əsasa çevriləcək ədalətli sülh axtarır və buna yeganə alternativ yol Ukrayna Prezidenti Volodımır Zelenskinin Sülh Formulasıdır (Ukrayna Sülh Formulası).

Qlobal təhlükəsizlik üçün mühüm əhəmiyyət kəsb edən 10 bənddən ibarət olan Sülh Formulası dünya ictimaiyyətinin dəstəyini qazanmış və bu il İsveçrədə keçirilən Birinci Sülh Sammitində onun əsas prinsipləri 100-dən çox ölkə və beynəlxalq təşkilatın nümayəndələri ilə hərtərəfli müzakirə edilmişdir. Sammit Ukrayna təşəbbüsünün əhəmiyyətini, aktuallığını və alternativsizliyini sübut edən Sülhün əsasları haqqında Birgə Kommünikenin qəbulu ilə başa çatıb.

Ukrayna Prezidenti Volodımır Zelenski BMT Baş Assambleyasının bu ilki sessiyasındakı çıxışı zamanı xüsusilə vurğulamışdı: “Biz BMT Nizamnaməsinə əməl etməli və öz hüququmuzu - Ukraynanın ərazi bütövlüyü və suverenliyi hüququmuzu təmin etməliyik, necə ki, hər hansı başqa millət üçün bunu etdiyimiz kimi... Biz ekosidin qarşısını almalıyıq və müharibənin səbəb olduğu təbiətin məhvini dayandırmalıyıq." Sülh Formulasının əsas bəndlərindən biri BMT Nizamnaməsinin həyata keçirilməsi və Ukraynanın ərazi bütövlüyünün və dünya nizamının bərpasıdır. Bu, mühüm prinsipdir, çünki beynəlxalq hüquq normalarına qayıdış təkcə Ukraynanın təhlükəsizliyinə deyil, həm də bütün beynəlxalq münasibətlər sisteminin sabitliyinə təminat verir. Biz Azərbaycan Respublikasına Ukraynanın ərazi bütövlüyü və suverenliyinə ardıcıl və sistemli dəstəyə, eləcə də bizim üçün vacib olan bu vaxtda humanitar yardıma görə səmimi minnətdarlığımızı bildiririk. Ukrayna da COP29-un Bakıda keçirilməsini alqışlayır. Biz vaxtilə Şərqi Avropa ölkələrindən BMT-nin İqlim Konfransına (COP29) ev sahibliyi etmək üçün Azərbaycanın müraciətini ürəkdən dəstəkləmiş, iqlim və ekoloji problemlərə qarşı qlobal mübarizə üçün bu addımın əhəmiyyətini dərk etmişdik. Əminik ki, Bakıda keçiriləcək COP29 ölkə liderlərinin qlobal iştirakını tələb edən ekoloji və enerji təhlükəsizliyi məsələlərinin həllinə mühüm töhfə verəcək. Ukrayna həm də Sülh Formulasının mühüm elementləri olan ətraf mühitin mühafizəsi və enerji təhlükəsizliyi məqsədini bölüşür.

Ukrayna Sülh Formulasının birinci bəndi Radiasiya və Nüvə Təhlükəsizliyidir, üçüncü və səkkizinci bəndlər də bütün bəşəriyyət üçün fundamental çağırışları, xüsusən də Enerji və Ətraf Mühitin Təhlükəsizliyini əks etdirir. Bu məsələlər xüsusi əhəmiyyət kəsb edir, çünki qlobal enerji böhranları, Avropada ən böyük olan Zaporejye AES-in Rusiya tərəfindən işğalı və ekoloji təhlükələr bütün dünya birliyinin birgə səylərini tələb edir. Bu mövzular tezliklə Bakıda öz işinə noyabrın 11-də başlayacaq COP29-da müzakirə olunacaq. Ətraf mühitin mühafizəsi, iqlim risklərinin minimuma endirilməsi və enerji təhlükəsizliyinin təmin edilməsi bütün dünyanı birləşdirən vəzifələrdir və biz COP29-un təşkili və keçirilməsində Azərbaycanın səylərini dəstəkləyir və bu mühüm tədbirin həyata keçirilməsində uğurlar arzulayırıq.

Təhlükəsiz gələcək uğrunda mübarizəyə sadiq olan Ukrayna hətta müharibə dövründə də qlobal iqlim problemlərinin həllində dünya birliyi ilə fəal əməkdaşlıq edir.

Biz əminik ki, yalnız birgə səylərlə hərtərəfli, ədalətli və davamlı sülhə nail olmaq, eləcə də dünyanı gələcək nəsillər üçün qoruyub saxlamaq olar.

Yuriy Husyev

Ukraynanın Azərbaycandakı səfiri

Seçilən
14
turan.az

1Mənbələr