AZ

“Qardaşım mənə xəsarət yetirdi, oğlu isə boğmaq istədi” — Qardaşlar arasında mülk davası

Gədəbəy rayonunda 1965-ci il təvəllüdlü Xalid şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qardaşı Tofiqə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-
ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin sentyabrın 21-də baş verib. Xalid həmin gün saat 10 radələrində qardaşı Tofiq ilə mübahisəli torpaq sahəsində qoz yığan zaman aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə və münaqişə zamanı qəsdən əvvəlcə əlində olan ağac ilə onun sağ qulaq nahiyyəsinə vurub. 

Daha sonra isə Xalid Tofiqi təpik və yerdən götürdüyü əsa ilə bədəninin müxtəlif nahiyələrinə vuraraq, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Xalidin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Xalid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Tofiq onun doğma qardaşıdır: “Hazırda yaşadığım ev ata mülküdür. Qardaşım Tofiq məndən ata mülklərində yaşadığıma görə pul istəyib. Ona pul vermədiyim üçün aramızda narazılıq yaranıb”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, sentyabrın 21-də, saat 10 radələrində təsərrüfatlarında olan iribuynuzlu heyvanları örüş sahəsinə ötürərək geri qayıdan zaman qardaşı Tofiq əlində balta ilə onun yaşadığı evin həyətində olmasını və arvadı Samirə ilə mübahisə edərək, onun ünvanına nalayiq ifadələr işlətməsini eşidib: “Qardaşıma iradımı bildirdim. Bizim aramızda mübahisə baş verdi. Mübahisə zamanı qardaşıma zərbələr endirdim”. 

Təqsirləndirilən ifadəsində törətdiyi əməldən peşman olduğunu deyib. Bildirib ki, qardaşından üzr istəyib, ona vurduğu ziyanı aradan qaldırıb, onunla barışıb. 

İş üzrə zərərçəkmiş qismində ifadə verən Tofiqin sözlərinə görə, arvadı Leyla ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir: “2007-ci ildən ömürlük birinci qrup əlillik dərəcəsi ilə əmək pensiyası alıram. Xalid mənim doğma qardaşımdır. Aramızda əmim Nurəddinin vəsiyyətnamə ilə mənə verdiyi 0,08 hektar torpaq sahəsinə görə narazılıq var. Həmin torpaq sahəsi evimdən bir qədər yuxarıda qardaşımın evi ilə qonşuluqda yerləşir. Samirə qardaşım Xalidin arvadı, Sədi isə oğludur”. 

Zərərçəkmiş qeyd edib ki, 21 sentyabr 2023-cü ildə saat 10 radələrində aralarında mübahisəli olan 0,08 hektar torpaq sahəsində olan qoz ağacından nəvələri üçün qoz yığmaq
üçün gedib:

“Fiziki imkanlarım yaxşı olmadığı üçün əsa və qurumuş ağacları qırmaq üçün balta ilə getmişdim. Həyətə çataraq orada əyləşdim. Qardaşım Xalidin oğlu Sədini səsləyərək qoz yığmaq üçün mənə kömək etməsini istədim. Həmin vaxt mənim dayandığım yerdən təxminən 15-20 metr kənarda evin həyətində olan qardaşım arvadı Samirə ünvanıma nalayiq ifadələr işlədərək, nə üçün həyətə gəldiyini bildirdi. Samirə evdə olan əri Xalidi səsləyərək, həyətə çağırdı. Bu zaman Xalid evin həyətinə çıxaraq ünvanıma nalayiq ifadələr işlətdi, evin həyətindən oturduğum yerə gəldi. Əlində olan ağacla sağ qulaq və sifət nahiyyələrimə zərbələr endirdi. Mən yerə yıxıldım. Təxminən 15-20 dəqiqə özümü itirdiyim üçün yerdə qaldım. Yerdə olan zaman qardaşım mənim baltamı və əsamı götürərək, evinin həyətinə apardı.
Yerdən qalxaraq dəmir tordan tuta-tuta təxminən 15 metr onun evinin həyətinə tərəf getdim. Əsamı və baltamı verməsini istədim. Evin həyətində qardaşım əlində olan ağacla qollarıma və ayaqlarıma zərbələr endirdi. Onun zərbələrindən yayınmaq istəsəm də, fiziki cəhətdən məhdudiyyətli olduğum üçün ona güc çatdıra bilmədim. Qardaşı mənim kürək, bel və sinə nahiyyələrimə təpik zərbələri endirdi. Xalid mənim əlimdən yerə düşmüş və özü ilə evinin həyətinə apardığı əsanı götürərək dirsəyiçə zərbələr vurdu. Zərbələrin təsirindən pis oldum və Xaliddən məni vurmamasını istədim. Xalidin oğlu Sədi boğazımdan tutaraq, sürüdü, evin həyətində olan dəmir çarpayıya tərəf apardı. Orada Sədi başımı çarpayıya vurdu. Mənim səsimə evdən arvadım çıxaraq gəldi. İp gətirərək məni boğmaq istəyən Sədi arvadımın gəlməsini gördü, ipi yerə atdı. Arvadım onlara irad bildirdi. Bu zaman Sədi atvadəımın boğazımdan tutaraq, onu yerə yıxdı, təpik zərbələri endirdi. Arvadım onların əlindən çıxaraq yaşadığımız evə qaçdı. Yolda olan zaman polis əməkdaşlarını gördü və onlara hadisə barədə məlumat verdi. Polis əməkdaşları hadisə verən yerə gəldi. Arvadım polis əməkdaşlarına hadisə barədə ərizə ilə müraciət etdi. Hadisə yerinə kənar şəxslər toplaşmayıbmlar”.

Bu cinayət işinə Gədəbəy Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Xalidin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az
Seçilən
21
demokrat.az

1Mənbələr