AZ

“Faciəvi heç bir hadisə baş verməyib” - “Şamaxı”nın baş meneceri böhran söhbətini yaxın buraxmadı

Misli premyer- liqasının 12-ci turu “Şamaxı” üçün uğursuz oldu.

Evdə “Zirə”yə uduzan “şirlər” artıq 5 oyunduqələbəyə həsrətdi. Halbuki mövsümün əvvəlində ardıcıl uğurlu oyunlardan sonra onları Avropada görənlər də var. Görəsən, komanda hansı problemlə üzləşib? Baş məşqçi Ayxan Abbasovun yeni transferlərə ehtiyac olması ilə bağlı fikirləri nə dərəcədə düzgündü? Bu sualları “şirlər”in baş meneceri Kamran İsmayılova ünvanladıq:

“Komanda daxilində heç bir problem yoxdu. İşimizi davam etdiririk. Üç oyunda avrokuboklara vəsiqə üçün oynayan komandalara məğlub olmuşuq. Bu ərəflərdə zədəli və cəzalı futbolçularımız var idi. Heyətimiz o qədər də geniş deyil. Bu məqamların hər biri təsir göstərdi. Yolumuza davam edirik. Bu mövsüm komandanın məqsədi premyer-liqada qalmaqdı. Faciəvi heç bir hadisə baş verməyib. Sözsüz, kiçik bir eniş zolağımız var. İnanırıq ki, bunu keçəcəyik. Yaxın zamanlarda işimizin bəhrəsini görərək, uğurlu bir dönəmə ayaq basacağıq. İstənilən komandanın yeni transferlərə ehtiyacı var. Məşqçinin də həmişə yeni transfer istəyi olur və bu da normaldı. İstənilən klub inkşaf etmək istəyir. Futbolda inkşafın bir tərəfi də yeni transferlərləkomandanı gücləndirməkdi. Onsuz da çempionat başlayanda bilirdik ki, heyətimiz geniş deyil. Əvəzləmə baxımdan müəyyən çətinliklər çəkirik. İtiklərin əvəzini doldurmaqda problemlərlə üzləşirik. Buna baxanda, sözsüz, transferlərə ehtiyac var. Klubun bəlli bir büdcəsi var. Transferlər də büdcəyə bağlı olan məsələdi. İstər-istəməz ayağımızı yorğanımıza görə uzadacağıq. Ayxan Abbasovun fikri ilə razıyam. Yeni futbolçuların axtarışındayıq. Ehtiyac olduğunu bilirik. İnanıram ki, sonda iki amilin balansını tapa biləcəyik. Büdcə daxilində bu prosesləri həll edə biləcəyik. Müəyyən dərəcədə komandanı gücləndirə biləcəyimizə inanıram”.

ƏSƏD SEYİDOV
Seçilən
19
football-plus.az

1Mənbələr