Rusiya Tur Operatorları Assosiasiyası (ATOR) 2024-cü ilin oktyabr ayında Antalyaya gedən rusiyalı turistlərin sayı ilə bağlı qiymətləndirmə dərc edib.
Publika.az xəbər verir ki, hesabata görə, Antalya çimərlikləri bu il rus turistlər üçün çox məhsuldar dövr keçirib. Ötən ilin eyni ayında 431 min olan rusiyalı ziyarətçilərin sayı bu il 519 minə yüksəlib. Keçən oktyabr ayı ilə müqayisədə Antalyaya gələn rusiyalı turistlərin sayında 20 faiz artım olub.
ATOR rəsmiləri oktyabrda rusiyalı turist axınındakı bu artımı iki əsas amillə əlaqələndiriblər. Əvvəla, bir çox turist yay mövsümü qiymətlərinin yüksək olması səbəbindən tətil planlarını bilərəkdən payıza keçirib və mövsüm sonu endirimlərindən yararlanıb.
İkincisi, 2024-cü ilin payızının kifayət qədər isti keçməsi və hətta noyabr ayında dənizin temperaturu 26 dərəcəyə çatması səbəbindən Kəmər kimi bölgələrdə tətil imkanları əlverişli olub.