İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilərdə torpaqların kəmiyyət və keyfiyyət göstəricilərini əks etdirən elektron kadastr uçotu, eləcə də torpaqların bonitirovkası, iqtisadi qiymətləndirilməsi və s. kimi torpaq kadastrı və yerquruluşu işləri davam etdirilir.
İşğaldan azad olunmuş Ağdərə rayonunda aparılan yerquruluşu vətorpaq kadastrı işləri çərçivəsində 2024-cü ildə 166 091 ha ərazidə yerquruluşu işləri, 134 704 hektar çöl torpaq tədqiqatı və çöl geobotaniki tədqiqat işlərinin həyata keçirilməsi planlaşdırılır.
Bu işlərin həyata keçirilməsi bölgənin malik olduğu torpaq ehtiyatlarının həcminin, məqsədli təyinatına uyğun tərkibinin müəyyən edilməsinə imkan verəcəkdir.
2024-cü ilin avqust ayından indiyədək Ağdərə rayonu üzrə 153 516 ha ərazidə çöl-ölçmə işləri aparılıb, hazırda işlər davam etdirilir.
Qeyd edək ki, dağıdılmış yaşayış məntəqələrinin, kənd təsərrüfatı, meşə və digər təyinatlı torpaqların, o cümlədən onların hüdudları daxilində yerləşən bütün komponentlərin koordinatları Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən çöl-ölçmə işləri zamanı müasir cihazlarla təyin olunur. Ərazidə GPS vasitəsilə çöl-ölçmə işlərini aparmaq üçün fasiləsiz fəaliyyət göstərən AzPOS stansiyalarına istinad edilir.
Torpaq kadastrı işləri çərçivəsində torpaq və geobotaniki tədqiqatlar aparılaraq torpaqların bonitrovkası işləri həyata keçirilir. Bu il ərzində Ağdərə rayonu üzrə ümumilikdə, 134 704 ha ərazidə torpaq, geobotaniki və aqrokimyəvi tədqiqatların aparılması nəzərdə tutulub.
Cari ilin əvvəlindən başlayaraq bu günə kimi 70 291 ha ərazidə çöl torpaq tədqiqatı, 37 304 ha ərazidə çöl geobotaniki və 27 109 ha ərazidə aqrokimyəvi tədqiqat işləri aparılıb. Torpaq və bitki nümunələri götürülərək aqrokimyəvi analizlərin aparılması üçün Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinə verilib.
Torpaq və geobotaniki tədqiqatların nəticələri torpaqların vahid elektron kadastrı uçotu informasiya sisteminə daxil edilir.
İşğaldan azad olunmuş ərazilərdə torpaqların kəmiyyət və keyfiyyət göstəriciləri ilə bağlı aparılan elektron kadastr uçotu daşınmaz əmlakın vahid dövlət kadastrının formalaşdırılmasına, torpaqlardan istifadənin və onun mühafizəsinin səmərəliliyinin artırılmasına, torpaq ehtiyatlarının səmərəli idarə edilməsinə imkan verəcəkdir.