“İsrailin müdafiə nazirinin istefaya göndərilməsi, və bu istefanın xüsusən də Yaxın Şərqdə İsrail tərəfindən idarə olunan və həyata keçirilən döyüşlərin qızğın vaxtında baş verməsi İran üçün vaxt udmaq baxımdan müəyyən imkanlar yarada bilər. Belə bir mülahizənin dolayı yolla İrana necə faydası ola biləcəyi maraq doğurur. Əgər məcburi istefa həqiqətən iddia olunduğu kimi Netanyahu hökumətində baş verən qarşıdurma nəticəsində baş veribsə, bu, şübhəsiz hərbi əməliyyatların, müharibənin hybrid formalarının həyata keçirilməsində müəyyən xaosa gətirib çıxaracaq”.
Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov deyib.
Politoloq bildirib ki, İran əlinə düşən fürsətdən istifadə edərək müdafiəsini gücləndirə, proksi qüvvələrin təchizatını artıra, qruplaşdıra bilər:
“Təbii ki, yeni təyin olunmuş müdafiə naziri Yaov Qallant da fərqli siyasət yeridə və strateji və taktiki yeniliklər tətbiq edə bilər. Bu da ordunun əməliyyatlarında labüd ləngiləmələrlə nəticələnəcək ki, İran bu ləngimələrdən də faydalanacaq. Yeni nazirin fərqli prioritetlərinin olması mümkündür ki, bu da İrana regional fəaliyyətlərini gücləndirmək və İsrailin potensial hərəkətlərindən qaçmaq üçün resursların yerini üçün əlavə vaxt verə bilər. Əgər istefa İsrail hökumətindəki daha böyük böhranın bir hissəsi kimi baş veribsə, bu da öz növbəsində İran üçün yeni imkanlar anlamına gələ bilər. İran müharibənin uzanması istiqamətində ortaya çıxan bütün imkanlardan istifadə etməyə çalışacaq”.
Ə. İbrahimovun sözlərinə görə, ABŞ-da keçirilən seçki və Donald Trampın ikinci dəfə hakimiyyətə gəlməsi regionda yeni reallıqlar yaradır:
“İsrailin Trampa ümidləri çox böyükdür və orada hesab edirlər ki, Tramp birinci prezidentlik dövründə İsraillə münasibətdə həyata keçirməyə imkan tapmadığı məsələləri tamamlayacaq. Məhz buna görə də Trampın yenidən seçilməsi üçün həm ABŞ-də, həm də İsraildə bütün Yəhudi təşkilatları səfərbər olunmuşdu. Tramp region qüvvələrini əvvəlki kimi ətrafına toplaya biləcəkmi? Düşünürəm ki, Trampın ilk prezidentliyi dövründən keçən müddət İran və onun regiondaki proksilərinin mənafeyinə işləyib. İran 5 il bundan qabaqkı İran deyil. Heç onun region üzrə proksiləri də. Bu o anlama gəlir ki, təkcə İsrail deyil, Tramp da öz münasibətləri və siyasətində ciddi dəyişikliklər etməlidir”.
//Gülnarə Abasova, Editor.az