Milli Məclisin deputatı Kamal Cəfərovun fikrincə, 8 Noyabr – Zəfər Günü yalnız ərazi bütövlüyümüzün bərpası deyil, həm də Azərbaycan xalqının əsrlər boyu arzuladığı azadlıq və milli qürurun təcəssümüdür.
QHT.az xəbər verir ki, deputat bu zəfərin Ali Baş Komandan İlham Əliyevin dəmir iradəsi, xalqın birliyi və mənəvi gücünün nəticəsi olduğunu vurğulayır. Cəfərov, müstəqillik dövründə yetişən yeni nəslin dövlət kimliyinin mahiyyətini anlamasının, tarixi düzgün öyrənməsinin, vətənə və milli dəyərlərə bağlılığının vacibliyini önə çəkir.
Deputat gənclərimizin düşüncələrinin milli ideya ilə formalaşdırılmasının və Azərbaycan dövlətinin müstəqilliyi və rifahının möhkəmləndirilməsinin əhəmiyyətini qeyd edir. Bu ideyanı əsas istiqamət götürərək hər bir fərdin Azərbaycanın gələcəyi üçün məsuliyyət daşıdığını və Ulu Öndər Heydər Əliyevin "21-ci əsr Azərbaycanın yüksəliş əsri olacaqdır" fikrini gerçəkləşdirmək yolunda öz töhfəsini verməli olduğunu bildirir. Cəfərov hesab edir ki, bu müqəddəs ideya ətrafında birləşən gənc nəsil Azərbaycanın rifahının, dövlət müstəqilliyinin və gücünün təminatıdır.
Pərvanə Fərhadqızı