“Azərbaycanda kredit faizləri yuxarı olduğundan insanlar ölkə iqtisadiyyatına, ərzaq təhlükəsizliyinə, yeni iş yerlərinin açılmasına ciddi töhfə verə bilmirlər. Amma kredit faizi aşağı olsa, insanlar ölkə iqtisadiyyatına töhfə verərlər”.
Ölkə.Az xəbər verir ki, bunu deputat Siyavuş Novruzov Mərkəzi Bankı İdarə Heyəti üzvlərinin vəzifəyə təyin edilməsi haqqında məsələni müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, bir zamanlar Azərbaycanda 207 bank fəaliyyət göstərirdi, hazırda 22 bank fəaliyət göstərməkdədir. “Ölkədə regional bankların və xarici ölkələrlə birgə bankların açılmasına ehtiyac var”, - o qeyd edib.
Ölkədə valyutadəyişmə məntəqələrinin az olduğunu qeyd edən Novruzov əlavə edib ki, COP29 dövründə Azərbaycana on minlərlə insan gələcək, amma Bakıda cəmi 60-70 valyutadəyişmə məntəqəsi fəaliyyət göstərir: “Bazar günü isə cəmi bir valyutadəyişmə məntəqəsi işləyir. Təsəvvür edin, həmin gün minlərlə insan növbəyə durub valyuta dəyişəcək.
Digər tərəfdən valyutadəyişmə məntəqəsləri həm də iş yerləridir. Bunların açılmasına0 ciddi ehtiyac var. Valyutadəyişmə məntəqələri təkcə banklarda deyil, banklardan kənarda da açılmalıdır və bu problem öz həllini tapmalıdır”.
Deputat eyni zamanda əmanətlərin sığortalanmasında yaranan problemlərə diqqət çəkib. O bildirib ki, banklar ancaq böyük həcmli vəsaitlər sığortalanır. “Nəticədə insanlar pullarını evdə sandıqda saxlamalı olur. Banka qoyulan istənilən miqdardan vəsait bank tərəfindən sığortalanmalıdır.
Qaldırdığım digər məsələ isə bankların aztəminatlı ailələrin övladlarınının təhsil haqqı ilə bağlıdır. Bu gün banklar şəhid və qazilərin kredit borclarını silir və bu, təqdir olunur. Lakin hesab edirəm ki, hər bank 15-20 aztəminatlə ailənin övladının təhsil haqqını ödəsə, daha yaxşı olar.
Mərkəzi Bank xüsusən də bölgələrdə vətəndaşlara fərdi ev tikintisinə uzunmüddətli güzəştli kredit verməsi məsələsini nəzərdə keçirsə yaxşı və faydalı olar”.
Mürtəza
Ölkə.Az