AZ

BİR DİREKTOR, BİR ŞAGİRD layihəsində Tünzalə Zeynalova və Qönçə Qismətli

Azərbaycan Ədəbiyyat Fondunun Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə keçirdiyi “Bir direktor, bir şagird” adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir.

Hazırda təqdimatda Bakı şəhəri 53 nömrəli tam orta məktəbdir.

DİREKTOR:

Tünzalə Zeynalova 1991-ci ilin sentyabr ayından Bakı şəhəri Nəsimi rayonu 14 nömrəli tam orta məktəbdə pedaqoji fəaliyyətə başlayıb. 1995-ci ildən həmin məktəbdə ibtidai siniflər üzrə direktor müavini, 1998-ci ildən təşkilatçı, 2003-cü ildən 2015-ci ilə qədər isə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb. Bir neçə beynəlxalq təlimlərin iştirakçısı olub. 2003-cü ildə “Təhsildə keyfiyyət ili” çərçivəsində keçirilən “Pedaqoji mühazirələr”in respublika mərhələsində I yerə layiq görülüb. 2015-ci ildə YUNİSEF və Xəzər Universitetinin birgə təşkil etdiyi “Potensial məktəb direktorları” təlim kursunu uğurla bitirərək Bakı şəhəri 283 nömrəli tam orta məktəbə direktor təyin olunub. 2018-2019 ,2019-2020 və 2022/2023 cü tədris ilidə təhsil müəssəsinin idarə olunmasında yüksək fəaliyyətinə və idarəçilik səriştəsinə görə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Fəxri fərmanla təltif edilİib. Təhsil nazirinin 04 oktyabr 2019 cu il tarixli, K-1516 nömrəli əmri ilə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanına layiq görülüb. ATİAHİ-nin 100 illik yubileyi münasibətilə 01 mart 2021 ci il tarixli, 28 nömrəli qərarı ilə Həmkarlar ittifaqındakı fəaliyyətinə görə “Yubiley döş nişanı” ilə təltif edilib. 2022 və 2023-cü illərdə rayonun ictimai həyatında fəal iştirak etdiyinə, təhsilin inkişafında göstərdiyi yüksək nəticələrə görə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 2022 və 2023 cü ildə Fəxri Fərmanla təltif edilib. 2022-ci ildə Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI qrant müsabiqəsinin ümumtəhsil kateqoriyası üzrə “Təhsilin inkişafında incəsənətin rolunun artırılması” mövzusunda, 2023-cü ildə VII qrant müsabiqəsinin fərdi kateqoriyası üzrə “Qrafik dünya, Təhsildə dizayn bacarıqlarının artırılması” mövzusunda qalib olub. 2000 – ci ildən Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür. 2017-2021 ci illərdə YAP Binəqədi rayon Təşkilatının sədr müavini vəzifəsində çalışıb. 2020-ci ilin 15 iyul tarixindən hal hazıra kimi Bakı şəhəri 53 N li tam orta məktəbin direktorudur.

ŞAGİRD:

Mən, Qönçə Qismətli Vüqar qızı Yasamal rayonu 53 nömrəli tam orta məktəbdə 10-cu sinifdə oxuyuram. 2023-cü ildə Bakı şəhəri üzrə Təhsil İdarəsinin keçirdiyi “Düşünən Şagird” müsabiqəsində ikinci yerə layiq görülmüşəm. 2024-cü ildə Bakı şəhəri üzrə Təhsil İdarəsi və Bakı Ali Neft Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən Bakı Elm Olimpiadasının final mərhələsində 3-cü yerə layiq görülmüşəm.

Boş zamanlarımda rəsm çəkməyi, mütaliə etməyi və hekayə yazmağı sevirəm.

HEKAYƏ

Bir an, yoxsa bir ömür

– İşıqlar!

– 3, 2, 1… Motor!

– Cənab Yoko Caya, Uşaq Yardım Fonduna göstərdiyiniz yardım üçün sizə minnətdarıq. Eyni zamanda bu sizin birinci yardım aksiyanız deyil. İnsanlara kömək əli uzatmağınızın səbəbi nədir?

– Uşaqlığım məhdudiyyət içərisində keçib və ehtiyacın nə olduğunu təəssüflər olsun ki, çox yaxşı bilirəm. Atam kənd məktəbində müəllim işləyirdi. Aldığı məvacib çox az idi və qazandığının böyük bir hissəsini şagirdləri üçün xərcləyərdi. Buna görə də ailəmiz çətinliklə dolanırdı. Mən də məktəbə gedirdim, oxumağa həvəsli idim. Yeni-yeni kitablar almağı arzulayırdım. Bu səbəbdən dostumla dərs oxumaq bəhanəsi ilə evdən çıxıb kəndimizin yaxınlığındakı mədəndə bir müddət muzdlu işçi kimi işləməyə başladım. Orada işlədiyim vaxtlar mənim yaddaşımda dərin və ağır izlər buraxıb. Mədən vulkanın ətəyində yerləşirdi. İşçilər soyuyub daşlaşmış maqmatik süxurları yarır, arabalara yığır və aparıb təhvil verirdilər. Tərkibində kükürd olan bu süxurlar muzdlu işçilərin ailələrinin yeganə qazanc yeri idi. Vulkandan çıxan zəhərli qazlar onların ağciyərlərini tədricən sıradan çıxardığı üçün əksəriyyətinin yaşı 50-ni keçmirdi. Belə çətin şəraitdə işləyən insanların zəhərli qazlardan qorunmaq üçün əleyhiqaz belə almağa imkanları yox idi. O zaman özümə söz verdim ki, gələcəkdə bu tərz həyat yaşayan insanlara kömək edəcəm.

– Bəs cənab Yoko, bilmək istərdik ki, sizin uğurunuzun sirri nədir?

Yoko Caya bir müddət düşündükdən sonra dedi:

– Mənim uğurumun sirri? Qəribə səslənsə də, qardır.

Zalda təəccüb nidaları eşidilidi:

– Necə yəni qar? Yəni siz düşünürsüz ki, uğurunuzun sirri qardır? Göydən yağan qar?!

– Bəli, bu sizin üçün gözlənilməz cavab kimi səslənə bilər. Qara fərqli prizmadan baxmaq mənim dünyamı büsbütün dəyişdi. Ümumiyyətlə, hamı fikirləşir ki, hər bir uğurun, nailiyyətin sirrini böyük şeylərdə axtarmaq lazımdır və ya böyük işlər edə bilmək üçün digərlərinə əl açmalıyıq. Kiçik detal və hadisələrin insanın həyatını tamamilə dəyişə biləcəyini unutmamalıyıq.

Zaldan təəccüb nidaları kəsilmirdi. Tamaşaçıların sual dolu baxışları Yokonun xəyalında kiçik qar dənələrinə çevrildi. İndi o nə insanları görür, nə də onları eşidirdi. Xəyalı onu qarla ilk dəfə tanış olduğu günə apardı.

Ətrafdakı qar sükutunu ayağının altından çıxan xartıltı səsləri pozurdu. Hava soyuq idi, lakin bu səssiz dünyada təkbaşına olmaq hissi insana sözlə izah oluna bilməyəcək bir həyəcan verirdi. Qarın üstündəki hər bir addım sanki zamanın bir anını dondurur, bütün dünyanı unudaraq yalnız bu anı yaşamağa dəvət edirdi. Bu qeyri-adi bir sakitlik idi. Xəyalların və düşüncələrin qanad açıb uça biləcəyi və heç vaxt itməyəcəyi bir məkan…

Üfüqdən azca boy verən günəşin hərarəti onu isitməsə də, indiyə qədər qanayan yaraları artıq onu ağrıtmırdı. Günəşin şüaları bərq vururdu və qarın üstündə yaranan rəngarəng parıltılar sayrışıraq sanki gözlərinin önündə rəqs edirdi. O, icazə verdi ki, bu mənzərə onu daha məsum və ümidlərin solmadığı bir yerə aparsın. Bu sükutda düşüncələrin dərin dalğaları ilə üzərək iki fərqli dünyanın müqayisəsinə daldı.

Bir tərəfdə Avropa, digərində vətəni olan və ona həyatının yolunu bəxş edən İndoneziya. Bir tərəfdə iqtisadi inkişaf, yüksək təhsil, maddi rifah, uzun ömür… Digərində iqtisadi çətinliklər, məhdudiyyətlər, qısa sürən ömür və həmişə onun əl-qolunu bağlayacaq zəncirlər…

Qət elədi ki, Avropa universitetindən qazandığı təqaüdü, iş imkanlarını öz ölkəsinin inkişafına, gələcəyinə sərf edəcək. Atası kimi əliaçıq olacaq, lakin onun xeyriyyəçiliyinin miqyası daha geniş olacaq. Bunun üçün yaxşı təhsil alaraq təcrübə qazanmalı və uğurlu iş adamı olmalıdır.

Jurnalistin sonuncu sualı onu xəyallarından ayırdı.

– Cənab Yoko, gənclərimizə tövsiyyəniz nədir?

– Davamlı öyrənməyi vərdişə çevirin! Davamlılıq və əzmkarlıq uğurun açarıdır. Kiçikdən başlayın, böyüməyə doğru gedin. Risk etməkdən qorxmayın. Məsuliyyətli və dürüst olun. Komandanızı düzgün seçin. Sosial məsuliyyəti unutmayın!

“Ədəbiyyat və incəsənət”

Seçilən
17
1
veteninfo.az

2Mənbələr