AZ

İli sahilində əfsanə şəhər – İNİN (FOTO)

Yazını böyüt
Yazını kiçilt

Bu yaxınlarda Çin Xalq Respublikasında səfərdə idim. Bir az da dəqiq desəm, Çinin Sincan-Uyğur Muxtar Rayonunda. İlk dayanacağım rayonun inzibati mərkəzi Urumçi şəhəri olsa da, burada çox qalmadım - elə həmin gün ölkənin qərb sərhədlərində yerləşən İnin şəhərinə uçdum. Ona görə də təəssüratlarımı dünyanın ən təmiz, ən yaşıl şəhərlərindən olan İnindən bölüşməyə çaşlayacağam. 

İnin şəhərinə də ilk dəfədir gəlirəm. Tarixi adı Kulca olan bu qədim məkan haqda az-çox oxuduqlarımdan bilirdim. Etiraf edirəm, buranı Çinin geri qalmış ucqar əyalətlərindən biri kimi təsəvvür edirdim. Hündür göydələnləri, inkişaf etmiş şəhər infrastrukturunu görəndə yanıldığımı anladım...

Yaşıl şəhər

Çinin Sincan-Uyğur Muxtar Rayonunun şimal-qərbində - Qazaxıstanla sərhəddə yerləşən İnin şəhəri həm də 272 min kvadratkilometr ərazisi və 7 milyon civarında əhalisi olan İli - Qazax Muxtar Dairəsinin inzibati mərkəzidir. Aşağı-yuxarı 1 milyon sakini olan bu gözəl şəhər İli çayının hər iki sahilində yerləşir.

Şəhər başdan-başa yaşıllığa qərq olub. Hava limanından qalacağım “İli Hotel”ə uzanan yolun kənarlarını xırda, tünd yaşıl yarpaqlı, bakalvari görkəm verilmiş qaraağac, qovaq və çinar ağaclarının kölgəsinə sığınmış rəngarəng gül-çiçəklər bəzəyir. Şəhərin şüşə kimi yolları, tərtəmiz küçələri, saysız-hesabsız parkları məni sözün əsl mənasında ovsunladı. Hələ gölləri demirəm, Sincanın əksər şəhərlərində olduğu kimi, İnində də bir çox təbii və süni gölləri görmək mümkündür. Bəzilərində qayıq xidməti göstərilən bu göllərdə sakinlər və şəhərin qonaqları balıq tuta, ətrafında salınmış parklarda dincələ bilərlər.

Şəhərin küçələrində avtomobillər qədər əksəriyyəti elektrikli olan motosikl və adi velisopedlər var. İctimai nəqliyyat əla işləyir, amma sakinlər motosikldan istifadəyə üstünlük verirlər. Bunu nəzərə alan rəhbərlik bu nəqliyyat vasitələri üçün ayrıca zolaqlar ayırıb.

Qazaxıstan ərazisində Balxaş gölünə tökülən İli çayı şəhərin ortasından axır. Düzdür, gündüz çayın sahilinə getmək imkanım olmadı, amma gecə də görünüşü möhtəşəm idi. Geniş və dərin dərəsinin sahillərini birləşdirən körpü, eləcə də sol sahildəki karusel gecənin qaranlığında işıq saçaraq İlinin yamyaşıl ləpələrində əks olunurdu deyə, havanın soyuq olmasına baxmayaraq, şəhər sakinləri çayboyu uzanan parkda əylənirdilər.

İnin şəhərinin gəncləri üçün İli çayı həm xoşbəxtliyin şahididir. Toydan əvvəl əksər bəylə gəlin bura gəlir, çayın fonunda fotosessiya edirlər. Hə, sonra da parkdakı elektromobillərlə dərəboyu tura çıxırlar. Bax, İnin şəhərində həyat belə yaşanır...

Xalqları birləşdirən məkan - Lusin

İnində məni təəccübləndirən çox yer vardı, amma ən maraqlısı Lusin məhəlləsi oldu. Bura bizim turizm məqsədilə seçilmiş Balaxanı kəndini xatırladır. Amma bir fərq var ki, Lusin daha zəngin mədəni irsə sahibdir. Tarixi, təbiəti də bu zənginliyə əlavə dəyər qatır. Yamyaşıl küçələr boyunca sıralanmış həyət evlərinin divarları qədim yerli və ümumçin ornamentləri, fərqli folklor nümunələri ilə süstlənib, dam örtükləri rənglənib və sair. Küçələr boyunca heykəllər, adi ağacdan quraşdırılmış maraqlı guşələr diqqət çəkir. Küçələrə səpələnib şəkil çəkən və ya maraqla ora-bura baxan yerli və əcnəbi turistlər isə buranın İninin qonaqları üçün vazkeçilməz olduğunu isbatlayır.

Lusin "altı ulduz" mənasını verir və adı qədər "gözqamaşdıran ləldir". Musiqi, rəssamlıq, rəqs, müğənnilər və əyləncələr bu bölgənin zənginliyidir. Bura elə bir məkandır ki, bütün xalqların nümayəndələri burada birlikdə xoşbəxt yaşayırlar.

Tarixi Lusin məhəlləsində gəzən turistlər yerli sakinlərin şən rəqslərini müşayiət edən ənənəvi xalq melodiyalarının əks-sədasını və havada təzə bişmiş çörəyin ətrini hiss edirlər.

Unikal altıbucaqlı plana malik Lusin məhəlləsi alman mühəndislər tərəfindən layihələndirilib və 1930-cu illərin ortalarında tikilib. Ötən əsrdə burada müxtəlif etnik qrupların nümayəndələri ahəngdar yaşayıblar: uyğurlarla yanaşı qazaxlar, xan çinlilər, huilər, ruslar, qırğızlar və tatarlar.

Hazırda məhəllədə 3 mindən çox sakin yaşayır.

2014-cü ildə yerli hökumət Lusinin mühafizəsi və abadlaşdırılması layihəsinə 30 milyon yuan (4,2 milyon dollar) sərmayə qoyub. İş bununla bitməyib, 2019-cu ildə məhəllənin mühafizəsi və bərpası üçün daha 130 milyon yuan (18 milyon dollar) ayrılıb. Sonuncu dəfə 2022-ci ildə şəhərin mədəniyyət və turizm departamenti turizmin inkişafına 50 milyon yuandan çox sərmayə yatırıb.

Hazırda Lusinin mənzərəli ərazisində 300-dən çox qonaq evi, restoran, sənətkarlıq dükanları, mehmanxanalar və ixtisaslaşdırılmış mağazalar fəaliyyət göstərir ki, burada ümumilikdə 900-ü milli azlıqların nümayəndələri olmaqla 1100-dən çox yerli işçi çalışır.

Təkcə 2024-cü ilin birinci rübündə 21 yeni müəssisə açılıb ki, hamısı turizm sektorunda fəaliyyət göstərir. Məsələn, Zhang Xinyunun üç il öncə açdığı “Marqarita” adlı 14 otaqlı qonaq evi turistlərə həm də avtomobil icarəsi, turist fotosessiyaları və fərdi marşrut planlaşdırması kimi xidmətlər də göstərir. Yalnız bu qonaq evi ötən il Qazaxıstan, Böyük Britaniya, ABŞ, Almaniya və Yaponiyadan səyahətçilər də daxil olmaqla 3 minə yaxın turisti qəbul edərək təxminən 3 milyon yuan gəlir götürüb.

Nəğməli akkordeonlar

Hə, Lusin məhəlləsinə gələsən, Akkordeon (qarmon) Muzeyinə baş çəkməyəsən. Deməli, buradakı muzeydə müxtəlif ölçüdə və markada 800-dən artıq akkardion sərgilənir. Ən qədiminin 100-dən artıq yaşı olan akkordeon kolleksiyası 27 ölkədən gətirilib.

Muzeydə sadəcə akkordeonlar sərgilənmir, həm də bu musiqi alətləri barəsində təfsilatlı məlumatlar diqqətə çatdırılır. Yəni bura gələn turistlər həm akkordeonlarla tanış olur, həm də onlar haqqında biliklərini zənginləşdirirlər. Üstəlik burada 9 yerli xalqı təmsil edən akkordeon ifaçılarından ibarət musiqi qrupu da fəaliyyət göstərir. Məsələn, mən muzeydə olarkən uyğur, qazax, xan çinli, qırğız, tacik və sair xalqların təmsilçiləri olan bu qrupun çox maraqlı ifalarını dinlədim.

Şansi Məscidi

İnin şəhərində daha bir maraqlı və turistlərin gəzib-görmək istədiyi yer Kazançı adlanan məkandır. Bir növ Bakının Fəvvarələr meydanını xatırladır. Düzdür, Kazancıda fəvvarələr yoxdur, amma burada şəhərin ən böyük və qədim İslam ibadət ocaqlarından olan Şansi Böyük Məscidi yerləşir.

Məscid 1644-cü ildən 1911-ci ilədək hakimiyyətdə olan Qing sülaləsi dövründə bu regiona göndərilən Şansi müsəlman əsgərlərinin öz ibadətlərini yerinə yetirməsi məqsədilə tikilib. Ona görə də Şansi Məscidi adlandırılıb.

1781-ci ildə tikilmiş ibadət ocağının 240 ildən çox tarixi var. Təxminən 3 min kvadratmetr ərazini əhatə edir. Məscid, 2010-cu ildə muxtar regional hökumətin istəyi əsasında orijinal ölçüsünü, üslubunu və material keyfiyyətini qorumaq prinsiplərinə uyğun şəkildə bərpa edilib. Onun üslubu mərkəzi düzənlik mədəniyyətinə və ərəb dekorativ üslubuna xasdır.

Məscidin ibadət zalı təxminən 2100 kvadratmetrdir. Digər məscidlər kimi gündə beş ibadət, Cümə və mühüm bayramlar mütəmadi olaraq keçirilir, ibadət etməkistəyən bütün müsəlmanlara qapısı həmişə açıqdır. Binanın xarici görünüşü daha çox Çin memarlıq üslubunda olsa da, daxildən dinc islam ab-havası yayılır.

Məscidin oxu zalında mövcud olan 2 mindən çox Quran və digər islami kitablar bütün günü oxucularına açıqdır.

Ümumiyyətlə, Sincan-Uyğur Muxtar Rayonundakı bütün etnik qrupların mədəniyyəti əsrlər boyu mübadilə edilib, ötürülüb və inkişaf etdirilib ki, bu da regionda yaşayan dinlərin inanc azadlığına tam hörmət göstərilməsinə şərait yaradır.

Horqos – Qərbə açılan qapı

Çinin qərb qapısı olan və İnin şəhərindən 90 kilometr məsafədə yerləşən Horqos (monqol dilində "dəvə karvanının keçdiyi yer" mənasını verir) İli-Qazax Muxtar Dairəsinin İnindən sonra ikinci iri şəhəridir. Eyni adlı çayın sahilində yerləşən bu şəhər də İnin kimi yaşıllığa bürünüb. Ərazidə olarkən eşitdim ki, 15-20 il əvvələdək qəsəbə olan Horqosda indi 80 min əhali yaşayır və şəhər hər keçən il daha da böyüyür. Səbəb isə şəhərin Çinin Mərkəzi Asiya və Rusiyaya, oradan da Avropaya uzanan yolları üzərində tranzit qovşaq rolunu oynaması, son illər burada Azad İqtisadi Zonanın fəaliyyət göstərməsidir.

Qeyd edim ki, 1950-1962-ci illər arasında Çin Xalq Respublikası ilə keçmiş SSRİ arasında əsas ticarət qapısı olan Horqos 1983-cü il noyabrın 16-da quru ticarət limanı kimi yenidən fəaliyyətə başlayıb. 1992-ci ilin avqustunda Çin və Qazaxıstan hökumətləri limanın üçüncü ölkələrə açılması və beynəlxalq nəqliyyat statusuna malik olması barədə razılığa gəliblər.

Horqos limanı yenidən açıldıqdan sonra Sincan-Uyğur Muxtar Rayonu üçün qərbə açılan mühüm pəncərəyə çevrilib. Xarici ticarətin inkişafı ilə Horqos limanı tədricən unikal sərhəd şəhərciyinə çevrilib.

Horqos Gömrükünün son statistikasına görə, ötən il Horqos limanının idxal və ixrac yüklərinin həcmi 41 milyon 784 min tona yüksəlib. 

Bu il avqustun sonunadək Sincandakı Horqos və Alaşankou dəmir yolu limanlarından keçən Çin- Mərkəzi Asiya (Avropa) qatarlarının sayı 10037-yə çatıb.

2024-cü ilin yanvar-iyul aylarında Horqos limanının idxal və ixrac yükdaşımalarının həcmi 25,642 milyon ton təşkil edib. Oktyabrın 10-na olan məlumata görə isə, ilin 9 ayı ərzində Horqos Magistral Limanı vasitəsilə giriş və çıxışların sayı 1 milyonu keçib.

Horqos Magistral Limanı illik 3 milyon ton idxal və ixrac malları, 5 milyon giriş-çıxış personalı üçün gömrük rəsmiləşdirmə qabiliyyətinə malikdir.

Sərhəd bazarı

Horqosda Çin tərəfindən çox möhtəşəm layihə olan sərhədyanı ticarət bazarı təşkil olunub. Ticarət zonası 6 gömrük sərhəd ticarət nəzarəti məntəqəsi və 4,85 kvadratkilometr ərazini əhatə edir. Eyni zamanda, sərhəd ticarət zonasının funksiyası tədricən müasir logistika funksiyasına çevrilib.

Ticarət zonasının əsas xüsusiyyəti sərhədyanı ərazilərin sakinləri arasında qarşılıqlı ticarətə açıqlığın yüksək olmasıdır. Ticarət mərkəzi 25 min kvadratmetr tikinti sahəsinə malikdir, bazarda 1500-dən çox dükan və 1200-dən çox iş otağı var, burada gündəlik əməliyyatın həcmi 1 milyon yuandan çox olur.

Alış-veriş üçün çox sayda iş adamı bazara cəlb edilib. Limanda yeni tikilmiş biznes mərkəzi beş Mərkəzi Asiya ölkəsi, Rusiya və Çindən 1000-dən çox çeşiddə malları bir araya gətirərək, onu Çin və Qazaxıstandan gələn turistlər üçün alış-veriş cənnətinə çevirir.

Şaftalı çiçəkli kənd

İnində bir balaca kənd var – Xoçen. Əsas magistraldan ayrılıb kəndi ikiyə ayıran asvalt küçəyə buruldum. Küçə tədricə yüksələrək meşənin sərhədində başa çatırdı. Əsas küçədən isə hər iki tərəfə qısa dalanlar ayırılır. Bəzən görənə elə gələ bilər ki, adi kəndir, amma əslində bura çox böyük ekoturizm sənayesinin mərkəzidir. Bu yerlər bütün Çində şaftalı və ərik bağları ilə məşhurdur. Hətta evlərin həyətlərində, küçələrin kənarlarında da bu ağaclar sıralanıb.

Kənddə olarkən eşitdim ki, toplanan meyvələr kənddəki müəssisədə emal olunur. Yəni meyvələr həm bazara çıxarılır, həm də qurudulur, mürəbbə, kampot, cem hazırlanır. Bu da öz növbəsində çox sayda yerli sakinin işlə təmin olunmasına şərait yaradır.

Kəndin mərkəzində ekoturizmlə tanış olmaq üçün bura gələnlərin qalması üçün bir qatlı kiçik otel fəaliyyət göstərir. Güllü-çiçəkli bir neçə həyətdən ibarət otelin otaqları ikinəfərlikdir və təchizatına görə heç də şəhər otellərindən geri qalmır. Aldığım məlumata görə, ötən il burada 110 min qonaq qəbul olunub.

Lavanda diyarı

İnində daha bir cəlbedici məkan Xoçendəki ətrindən doymadığım lavanda plantasiyaları ilə əhatələnmiş ətirli bitki yağı email üzrə ixtisaslaşmış, dünyanın üçüncü ən böyük lavanda yağı istehsalçısı olan Huocheng County-dir. Təxminən 20 min insanın çalışdığı lavanda sənayesi toplam 4 min hektar ərazisini əhatə edir. Burada ildə ortalama 400 ton lavanda yağı, 2 min ton qurudulmuş çiçəklər istehsal olunur. Düzdür, lavandanın çiçəkləmə dövrü yazın sonu, yayın əvvəlinə təsadüf etdiyindən bu ətirli bitkini sahədə qoxulaya bilmədim, amma kompleksin tərkibində yaradılmış çox möhtəşəm muzeydə lavanda çiçəkləri, ondan hazırlanmış yağ və ətirlər, içinə qurudulmuş lavanda ləçəkləri yığılmış yastıqlar, uşaqlar üçün oyuncaqlar, yuyucu vasitələrlə tanış oldum.

Burada lavanda sənayesinin yaranmasından, keçdiyi inkişaf yolundan və əldə etdiyi uğurlardan bəhs edən guşələr yaradılıb, kompleksin tərkibində istehsal olunmuş məhsulların satışını həyata keçirilən ticarət mərkəzi fəaliyyət göstərir.

Vüsal Tağıbəyli

Bakı-Urumçi-İnin-Bakı

Seçilən
40
hafta.az

1Mənbələr