AZ

Günəş işığı ilə işləyən su qızdırıcısı nədir?

 Azərbaycanda günəş işığı ilə işləyən su qızdırıcılarına tələbat yaranmağa başlayıb.

Operativ Media”nın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2024-cü ilin yanvar- avqust aylarında Azərbaycana 46 ədəd günəş işığı ilə işləyən su qızdırıcısı ( 33.4 min ABŞ dolları) idxal olunub.  

Günəş işığı ilə işləyən su qızdırıcısı nədir?

Ənənəvi su qızdırıcılarından fərqli olaraq, günəş işığı ilə işləyən su qızdırıcıları suyu qızdırmaq üçün elektrik enerjisi sərf etmir. Bu cihaz suyu isitmək üçün günəşdən enerji alır. Günəş işığı, su qızdırıcısının kollektor adlı hissəsində toplanır. Bu kollektorlar, günəş enerjisini istilik enerjisinə çevirir. Kollektorlar, ümumiyyətlə, yüksək istilik keçiriciliyinə malik materiallardan (məsələn, alüminium, bərk şüşə və ya xüsusi örtüklərlə təchiz edilmiş digər materiallar) hazırlanır. Kollektorlarda toplanan günəş enerjisi istilik şəklində suya ötürülür. Bu prosesi başa çatdırmaq üçün müxtəlif texnologiyalar mövcuddur:

Günəş işığı ilə işləyən su qızdırıcılarının neçə növü var?

İlk olaraq qeyd etmək lazımdır ki, bu qızdırıcılar gündəlik isti su təminatını tam şəkildə ödəməyə qadirdir. Bu qızdırıcılar yaşayış (özəl evlərdə və mənzillərdə) və kommersiya (otellər, xəstəxanalar, məktəblər, idman zalı və digər ictimai yerlərdə) üçün istifadə olunur. Günəş işığı ilə işləyən su qızdırıcılarının iki növü mövcuddur:

Aktiv günəş su qızdırıcıları - Aktiv günəş su qızdırıcıları, günəş kollektorlarından və ya absorberlərdən isti suyu evə yaymaq üçün nasosdan istifadə edir. Bu qızdırıcıdan daha çox soyuq ərazilərdə istifadə olunur. Bu ərazilərdə suyun donmaması üçün çənlər qapalı yerdə saxlanılır.

Pasif günəş su qızdırıcıları - Pasif günəş su qızdırıcıları isti suyun hərəkəti üçün dövriyyə nasoslarından istifadə etmirlər. Bunun əvəzinə, suyun dövranı üçün daha isti suyun səthə qalxdığı və soyuq suyun batdığı sistemdən istifadə olunur. Passiv günəş suyu sistemləri ümumiyyətlə aktiv sistemlərdən daha ucuzdur, çünki suyu pompalamaq üçün xüsusi avadanlıq tələb olunmur.

Qeyd etmək lazımdır ki, bu sistemin ölkə ərazisində geniş şəkildə tətbiqi bir qədər bahalı prosesdir..Bu sitemin digər bir üstünlüyü isə ekologiyaya heç bir ziyan verməməsidir. Günəş enerjisi, yanacaqlardan fərqli olaraq heç bir zərərli qaz havaya buraxmır. Günəş işığı ilə işləyən su qızdırıcılarının qiymətləri, sistemin növündən, tutumundan və gücündən asılıdır. Qiymətlər 900 AZN-dən başlayaraq 7,000 AZN-ə qədər dəyişə bilir.

Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri, ekoloq Rövşən Abbasov bildirib ki, bu texnologiyadan istifadə etmək üçün ölkəmizdə əlverişli iqlim şəraiti mövcuddur:

"Bu texnologiyadan istifadə etmək üçün əlverişli iqlim şəraiti mövcuddur. Azərbaycanda ən çox günəş işığının düşdüyü ərazilər Naxçıvan Muxtar Respublikası və Mərkəzi Arandır. Abşeron yarımadasında da günəş şüaları çox düşür. Qarabağ zonasında isə daha çox günəş şüalarının düşdüyü ərazi Kəlbəcərin dağlıq hissəsidir.  Azərbaycanda illik ortalama günəş radiasiyası 1500-1700 kWh/m² arasındadır. Naxçıvan Muxtar Respublikasında isə illik ortalama günəş radiasiyası 2000 kWh/m²-dir. Buna görə də günəş enerjisi texnologiyalarından istifadə olduqca əlverişlidir".
 

İqtisadçı Emin Qəribli bildirib ki, günəş enerjisindən istifadə hər bir halda iqtisadiyyat üçün müsbət haldır:

“Ölkə ərazisində günəşli günlər daha çox olur. Biz günəş işığı ilə zəngin ölkəyik. Hazırda bu sahə inkişaf etməkdə davam edir. Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi mövcuddur. Eyni zamanda günəş batareyaları zavodu fəaliyyət göstərir.  

Hazırda günəş enerjisindən istifadə ölkəmizdə diqqət mərkəzindədir. Bildiyiniz kimi COP29-a sayılı günlər qalıb. COP29 tədbiri də məhz bu sahələrin inkişafı üçün çox müsbət addımdır. Biz buna görə də gələcəkdə də bu tipli qurğuları ölkəmizdə gətirməli və onlara uyğunlaşmalıyıq. Bu gün artıq bu sahənin inkişafda olduğunu görürük”

Qeyd edək ki, Nazirlər Kabineti  2022-ci ildə verdiyi qərara əsasən Azərbaycana idxal olunan günəş işığı ilə işləyən su qızdırıcıları gömrük rüsumundan azad olunub. 
 

Gülcahan Məmmədova

Seçilən
19
operativmedia.az

1Mənbələr