AZ

Vətən müharibəsi ilə bağlı hesabat hazırlanıb

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) tərəfindən 44 günlük Vətən müharibəsi ilə bağlı ingilis dilində hesabat hazırlanıb.

“İki sahil” xəbər verir ki, BMTM-in şöbə müdiri Vasif Hüseynov tərəfindən hazırlanan hesabatda İkinci Qarabağ müharibəsini şərtləndirən amillər, 44 gün ərzində baş verən əsas proseslərin xronikası, Azərbaycan üçün qələbə, Ermənistan üçün isə hərbi kapitulyasiya olan 10 noyabr üçtərəfli Bəyanatı və beynəlxalq ictimaiyyətdən gələn reaksiyalar ayrı bölmələr çərçivəsində sistematik qaydada araşdırılıb və təhlil edilib.

Hesabatın “Hərbi variantın qaçılmazlığı” bölməsində V.Hüseynov bildirib ki, Ermənistanda və beynəlxalq ictimaiyyətdə Azərbaycanın öz əzəli torpaqlarını hərbi yolla azad etməyəcəyi ilə bağlı yanlış qənaət formalaşmışdı. Lakin münaqişənin hərbi yolla həllini qaçılmaz edən konkret səbəblər var idi. Bu səbəblərdən birincisi, Ermənistan hərbi-siyasi rəhbərliyi tərəfindən artan irredentist, təcavüzkar ritorika və sərhəd təxribatları idi. Belə ki, hakimiyyətinin ilk dövrlərdə Nikol Paşinyan münaqişənin həllində istəkli olması görüntüsünü formalaşdırsa da, ölkə daxilində mövqelərini gücləndirdikdən sonra sələflərindən daha radikal və ekstremist mövqe tutdu.

Müəllif hərbi variantı şərtləndirən digər amilin isə Ermənistanın təcavüzkar aktlarına beynəlxalq ictimaiyyətdən zəruri reaksiyanın gəlməməsi olduğunu bildirib. Belə ki, münaqişənin danışıqlar yolu ilə həllinə çalışdığını iddia edən ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri Ermənistanı təcavüzkar ritorika və aktlardan çəkindirmək üçün heç bir tədbir görmədi, işğalçı dövlətə sanksiyalar tətbiq edilməsi ilə bağlı Azərbaycanın çağırışlarına əhəmiyyət vermədi.

Hesabatın 44 günlük müharibə, üçtərəfli Bəyanat və beynəlxalq reaksiyalar bölmələrində dövrün hadisələri ayrılıqla təhlil edilib.

Nəticə bölməsində isə müəllif qeyd edib ki, hər iki ölkə üçün fərqli nəticələri olmasına baxmayaraq, İkinci Qarabağ müharibəsi münaqişəni həll edərək yeni regional vəziyyətdən yararlanmaq üçün imkanlar yaratdı. Belə ki, 44 günlük müharibədən sonra yalnız Ermənistan və Azərbaycan üçün deyil, həm də bütün region üçün yeni dövr başlandı.

Qeyd edək ki, Azərbaycan tarixinin şanlı səhifələrindən olan Vətən müharibəsi haqqında ingilis dilində dərc olunan hesabatda əsas məqsəd mövcud faktları təhrif edərək ölkəmizə qarşı təbliğat kampaniyası aparan dövlət və beynəlxalq təşkilatların Cənubi Qafqaz regionunda sülhə xidmət etməyən, təxribat xarakterli fəaliyyətlərinin önünə keçməkdir.

Linkə keçid edərək hesabatla daha ətraflı tanış olmaq mümkündür.

Seçilən
14
ikisahil.az

1Mənbələr