AZ

Yaxın gələcəkdə süni intellektin bəzi ixtisaslara təsiri qaçılmazdır

Mütəxəssislər yaxın gələcəkdə süni intellektin bütün sahələr üzrə təsirini istisna etmirlər. Yüksək insan zəkasının məhsulu olan süni intellekt o qədər inkişaf edəcək ki, bir çox ixtisaslara və peşələrə ehtiyac azalacaq, yaxud da əhatə dairəsi məhdudlaşacaq. Süni intellekt insan beyninin rəqəmsal texnologiyadakı böyük inqilabı hesab olunur. Bu gün süni intellekt sürətli inkişaf mərhələsindədir. Cəmiyyət həyatının müxtəlif sahələrində onun tətbiqi qaçılmaz görünür. Artıq böyük şirkətlər və biznes sektorları öz məhsullarının təqdimatında süni intellektin imkanlarından faydalanmağa çalışır. Süni intellekt təhsilə də təsir göstərəcək.

Bu fikirləri TƏHSİL.BİZ -əmüsahibəsində ixtisas seçimi və karyera üzrə mütəxəssis, təhsil eksperti Ramin Nurəliyev söyləyib. Hər bir vətəndaşın öz gələcəyini qurmaq, seçdiyi ixtisas üzrə təhsil alaraq əmək bazarında rəqabətə qoşulmağı planlaşdırdığını söyləyən mütəxəssis qlobal dünyada yüksək texnologiyaların inkişafının bəzi ixtisasların tələbatına müəyyən qədər təsir etdiyini vurğulayıb: “Artıq cəmiyyət rəqəmsal inkişafın, yüksək texnologiyaların sürətlə inkişafını gördüyü üçün bu istiqamətdə ixtisaslaşmağa meyil edərək, gələcəkdə əmək bazarında öz mövqeyini qorumağa çalışır. Abituriyentlər ixtisas seçərkən müasir dünyanın tələblərinə diqqət yetirirlər. Artıq bəzi ixtisaslara dair bilikləri sosial media resursları vasitəsilə əldə edərək müxtəlif ehtiyacları ödəmək mümkündür. Həmin sahənin ixtisaslı kadrı olmasan da, bu sahədə müəyyən qədər nailiyyət əldə etmək qaçılmazdır. Məsələn, ağac əkmək və ona qulluq, bağ salmaq, maldarlıq, arıçılıq və s. kimi kənd təsərrüfatı sahələrini yutub platformasına baxaraq inkişaf etdirmək mümkündür. Eləcə də məişət həyatımızda bəzi işləri internet resurslarından yararlanaraq evimizdə rahatlıqla tətbiq edə bilirik. Əgər internet resursları və sosial media ilə bəzi ixtisasın mütəxəssisi olmadan həmin işləri görmək mümkündürsə, süni intellekt ilə daha böyük nailiyyətlər əldə edilə bilər. Yaxın gələcəkdə süni intellektin köməyilə daha çox işlər həll olunacaq və insan amilinə, işçi qüvvəsinə çox ehtiyac duyulmayacaq”.

Ramin Nurəliyev hesab edir ki, süni intellekt bir çox ixtisaslara da öz təsirini göstərəcək: “Xüsusilə də bəzi ixtisaslarda süni intellektin təsiri qaçılmaz hesab olunur. Məsələn, süni intellektin inkişafı və insan psixologiyasına təsiri psixoloqların əmək bazarına təsir göstərəcək. Ağır psixoloji xəstələri çıxmaq şərtilə, yüngül psixoloji gərginlikli insanlara süni intellekt vasitəsilə dəstək vermək mümkün olacaq. Süni zəka proqramları ilə psixoloji problemlərə cavab tapılacaq.

Mühasibatlıq ixtisasını da süni intellekt proqramları ilə əvəzləmək mümkün görünür.

Pedaqoji ixtisaslara gəldikdə, demək olar ki, müəllimləri də süni intellektlə əvəzləmək mümkün olacaq. Sinifdə şagirdlərə süni intellektin köməyilə dərslər keçirilərək müvafiq qiymətləndirmə aparıla bilər.

Bir çox mühəndislik ixtisaslarında artıq yüksək texnologiyaların təsirini görmək mümkündür. Gələcəkdə bəzi mühəndislik sahələrinə ehtiyacın azalacağı da gözləniləndir.

Tərcümə ixtisasları da süni zəkanın təsirindən yan keçməyəcək. Hazırda müxtəlif dillər arasında süni zəka proqramları ilə tərcümələr proqramlaşdırılır.

Hesab olunur ki, insan resursları, əczaçılıq, tibb və hüquq ixtisaslarında da süni intellektin müəyyən qədər təsiri olacaq. Mütəxəssislər məhkəmə-hüquq sistemində süni zəkanın daha çox obyektivliyinə ehtimal edirlər. Hakimin verdiyi qərar ilə süni intellektin mülahizəsini bir üst məhkəmədə (apellyasiya prosesində) uyğunlaşdıraraq yekun qərarın verilməsində təsiredici amilə çevriləcəyini iddia edirlər. Ümumiyyətlə, yaxın gələcəkdə yüksək texnologiya və süni intellektin köməyilə daha çox işlər həll olunacaq və insan amilinə bir o qədər də ehtiyac duyulmayacaq.

Buna görə də gənclər seçəcəyi ixtisası gələcəyin tələblərinə uyğun olaraq planlaşdırmalıdır. Onlar süni intellekt və yüksək texnologiyalar ilə ayaqlaşmağı bacarmalıdırlar. Əmək bazarında mövqe tutmaq üçün abituriyentlər düzgün ixtisas seçməli və ixtisasının ən yaxşısı olmalıdır. Bu baxımdan abituriyentlər ixtisas seçərkən gələcəklərini fikirləşərək qərar verməlidirlər”.

Seçilən
18
1
tehsil.biz

2Mənbələr