AZ

Avropa İttifaqı COP29-dan əvvəl açıqladı - “Riskli xəttə yaxınlaşırıq”

Rekord səviyyədə yüksək temperaturun qeydə alındığı 2024 bu baxımdan dünyanın ən isti ili kimi 2023-ün yerini tutacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Avropa İttifaqının Kopernik İqlim Dəyişikliyi Xidmətinin (C3S) hesabatında deyilir.

Məlumat gələn həftə Azərbaycanda başlayacaq BMT-nin COP29 iqlim sammiti ərəfəsində açıqlanıb. Ölkələr Bakıda iqlim dəyişikliyi ilə mübarizə üçün böyük maliyyə artımı barədə razılığa gəlməyə çalışacaqlar.

C3S-nin məlumatına görə, yanvar-oktyabr aylarında orta qlobal temperatur o qədər yüksək olub ki, əgər ilin qalan hissəsində temperatur anomaliyası sıfıra yaxın düşməsə, alimlər 2024-ün dünyanın ən isti ili olacağına əmindirlər.

Elm adamları qeyd edirlər ki, 2024 həm də insanların sənaye sahəsində qalıq yanacaqları yandırmağa başladığı 1850-1900-cü illər arasındakı dövrlə müqayisədə planetin 1.5ºC-dən çox isti olduğu ilk il olacaq.

Kömür və neft-qazın yanması nəticəsində atmosferə atılan karbon qazı qlobal istiləşmənin əsas səbəbidir.

Ölkələr 2015-ci il Paris Sazişində razılaşıblar ki, qlobal istiləşmənin ən pis nəticələrini önləmək üçün 1.5 ºC-lik (2.7 dərəcə Farenheyt) həddi keçməsinin qarşısını almağa çalışsınlar.

Dünya onilliklər ərzində 1.5 ºC-lik orta qlobal temperaturu nəzərdə tutan bu hədəfi keçməyib, amma C3S dünyanın 2030-cu ildə bu həddi aşacağını gözləyir.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
9
teleqraf.com

1Mənbələr