Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Ulu Öndər Heydər Əliyev tərəfindən beynəlxalq aləmdə ölkəmizin mövqeyini gücləndirmək və dünya birliyinə inteqrasiyası üçün ardıcıl və çoxşaxəli xarici siyasət yürüdüb.
İnteqrasiya yalnız iqtisadi sahədə deyil, həm də təhlükəsizlik, mədəniyyət və beynəlxalq hüquq sahələrində də əhəmiyyətli addımlar atılmasını tələb edir. Azərbaycan coğrafi mövqeyindən yararlanaraq, həm regional, həm də qlobal səviyyədə müxtəlif dövlətlərlə və beynəlxalq təşkilatlarla əməkdaşlığını gücləndirdi.
Regiondakı qonşu ölkələr, xüsusən Türkiyə, Rusiya, İran və Gürcüstanla münasibətlərin yaxşı səviyyədə tutulması vacibdir. Bu dövlətlərlə ticarət, enerji və nəqliyyat sahələrində geniş əməkdaşlıq qurulub. Türkiyə ilə strateji tərəfdaşlıq, həmçinin mədəniyyət və dil birliyi üzərində qurulan möhkəm əlaqələr sayəsində iki ölkə arasında əlaqələr yalnız siyasi deyil, həm də iqtisadi sahədə sürətlə inkişaf edib. Azərbaycanın enerji ehtiyatları, xüsusilə Cənub Qaz Dəhlizi layihəsi, həm regional, həm də qlobal bazarlara mühüm enerji nəqliyyatını təmin edir.
Beynəlxalq təşkilatlarla əməkdaşlıq Azərbaycanın dünya birliyinə inteqrasiyasının əsas komponentlərindəndir. Azərbaycan Birləşmiş Millətlər Təşkilatı (BMT), Avropa Şurası, İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT), İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və digər beynəlxalq qurumların fəal üzvüdür. Bu təşkilatlarla əməkdaşlıq, Azərbaycanın qlobal məsələlərdə iştirakını təmin edir. Avropa İttifaqı ilə əlaqələr isə Azərbaycanın siyasi və iqtisadi inteqrasiyasını sürətləndirir, enerji və ticarət sahələrində geniş imkanlar yaradır.
Bir sözlə, Azərbaycanın dünya birliyinə inteqrasiyası, təkcə iqtisadi və siyasi sahələrdə deyil, həm də mədəni və humanitar sahələrdə də böyük əhəmiyyət kəsb edir. Ölkəmiz müxtəlif beynəlxalq təşkilatlarla və region dövlətləri ilə əməkdaşlığını inkişaf etdirərək, qlobal məsələlərdə fəal iştirakını təmin edir və beynəlxalq təhlükəsizliyin möhkəmlənməsinə öz töhfəsini verir.
Mövzu ilə bağlı Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa bildirib ki, inteqrasiya prosesi Azərbaycanın prioritet istiqaməti olduğu üçün bu sahədə dayanma olmur, hər zaman daha da irəliləyir və irəli gedirik.
“Ölkəmiz tərəfindən bu sahədə hər zaman ciddi addımlar atılır. Əsas istiqamət olaraq ilk növbədə türk dövlətləri ilə inteqrasiya formatı, ikinci isə Avropayla əlaqələrin daha da möhkəmləndirilməsi seçilib. Burada Avropa qurumlarında Azərbaycanın təmsilçiliyindən söhbət gedir. Təəssüf ki, Avropadan qərəzli münasibətlərə görə bir çox hallarda müəyyən məsələlərdə çətinliklərimiz olur. Amma daha güclü şəkildə problemlərimizi özümüz həll edirik. 44 günlük Vətən müharibəsini qazanmağımız bariz nümunədir. Hətta işğaldan azad olunan ərazilərin minalardan təmizlənməsində belə ciddi dəstək ala bilmirik. Buna baxmayaraq yenə də öz gücümüzlə çox məsələləri özümüz həll etməyə qadirik”.
“İndidən sonra da əsas hədəfimiz birgə əməkdaşlıq etdiyimiz dövlətlərlə qarşılıqlı münasibətlərin daha da yaxşılaşdırılması olacaq. Lakin türk dünyasına inteqrasiya bizim üçün daha vacibdir. Bu məsələdə Azərbaycanın kifayət qədər böyük imkanları var. Eyni zamanda bu istiqamət bizim gələcəyimiz üçün də çox vacibdir”, – deyə o bildirib.
Siyasi şərhçi Aydın Quliyev isə söyləyib ki, Azərbaycanın beynəlxalq təşkilatlara inteqrasiyası xarici siyasətin mühüm istiqamətini təşkil edir:
“Əlavə olaraq, regional və beynəlxalq təşkilatlarla əməkdaşlıq ölkənin nüfuzunun daha da güclənməsinə xidmət edir. Gənc və müstəqil dövlət olaraq problemlərimizin böyük hissəsinin həllinə məhz xarici siyasəti bu istiqamətdə qurmaqla nail olmuşuq. Azərbaycanın xarici siyasətində beynəlxalq təşkilatlarla inteqrasiyanı iki istiqamətdə qurmaq vacibdir”.
“Birinci olaraq dünyada mövcud olan və özünü təsdiqləmiş beynəlxalq təşkilatlarla əməkdaşlığın dərinləşdirilməsini qeyd etmək lazımdır. Nəticə olaraq bu, təşkilatların imkanlarından bəhrələnməyə kömək edir. Misal olaraq BMT və onun Təhlükəsizlik Şurası ilə əməkdaşlıq. İkinci istiqamət isə yeni formalaşan beynəlxalq təşkilatların möhkəmlənməsində onlarla əməkdaşlıqdan ibarətdir. Azərbaycan bu sahədə də sözün həqiqi mənasında öz töhfəsini verə bilir. Qoşulmama Hərəkatını, Türk Dövlətləri Təşkilatını, Xəzər Əməkdaşlıq Təşkilatı və sairələri buna misal göstərmək olar. Xüsusilə Qoşulmama Hərəkatı və Türk Dövlətləri Təşkilatı olmaqla onların formalaşmasında Azərbaycanın töhfəsi əvəzsiz və misilsizdir. Bu təşkilatlar çatdıqları səviyyəyə görə Azərbaycanın qatqısına minnətdar olmalıdırlar”, – deyə o bildirib.
Nəsimi Ələsgərli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusu üzrə dərc olunub.