AZ

DİA-da “ASAN xidmət” mərkəzlərinin əməkdaşları üçün təlim keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) “ASAN xidmət” mərkəzlərinin əməkdaşları üçün “Prezident İlham Əliyevin innovativ idarəçilik texnologiyaları: Zəfərə aparan yol” mövzusunda təlim keçirilib.

DİA-dan TƏHSİL.BİZ -ə bildirilib ki, təlim Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın 2023-2025-ci illərdə icrası üzrə Fəaliyyət Planını rəhbər tutaraq və həmçinin 2020-ci il 13 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”na uyğun olaraq keçirilib.

Təlimdə DİA-nın rektoru akademik Urxan Ələkbərovun “Prezident İlham Əliyevin innovativ idarəçilik texnologiyaları: Zəfərə aparan yol” mövzusunda mühazirəsi dinlənilib. Rektor çıxışında dövlətimizin başçısının Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası olan COP 29-un Azərbaycanda keçiriləcəyi ilə bağlı geniş məlumat verib. Akademik bildirib ki, hər il fərqli bir ölkənin ev sahibliyi etdiyi COP qlobal çağırışlara dair fəaliyyəti sürətləndirmək və məqsədlərə nail olmaq üçün keçirilən əhəmiyyətli görüşdür. Yaşıl iqtisadiyyata keçid və yaşıl enerji təchizatçısına çevrilmək Azərbaycanın iqtisadi sahədə həyata keçirdiyi uğurlu siyasətin əsaslarındandır.

Rektor mühazirəsində dahi şəxsiyyət Heydər Əliyevin tarixi xidmətlərindən də danışıb, 1993-cü ildə Ulu Öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycan dövlətçiliyinin böyük təhlükələrdən xilas olduğunu, ölkənin ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatında əsaslı dönüşün yarandığını qeyd edib. Rektor ölkəmizdə qazanılan uğurların dahi rəhbər Heydər Əliyev siyasətinin bəhrəsi olduğunu deyib. Urxan Ələkbərov Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyası sayəsində Azərbaycanın qazandığı nailiyyətlərə diqqət çəkib. O, Prezident İlham Əliyev tərəfindən hazırlanaraq tətbiq edilmiş yeni dövlət idarəçiliyi texnologiyalarının Azərbaycanın davamlı inklüziv inkişafı naminə resurslardan səmərəli istifadə sahəsində regional və qlobal liderə çevirdiyini xüsusi vurğulayıb. Urxan Ələkbərov bildirib ki, inklüziv inkişaf sahəsində ölkəmizin yüksək göstəricilər əldə etməsi və sosial siyasətin reallaşdırılması baxımından dünya liderinə çevrilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın müstəsna xidmətləri var.

Rektor müstəqil və suveren Azərbaycan dövlətinin keyfiyyətcə yeni olan və 2021‒2030-cu illəri əhatə edən strateji mərhələyə daxil olduğunu qeyd edərək, inklüziv cəmiyyətin qurulması prosesinin ölkənin 2030-cu il üçün planlaşdırılmış əsas prioritetləri sırasında olduğunu söyləyib.

Təlim fikir mübadiləsi ilə davam edib.

 

Seçilən
24
tehsil.biz

1Mənbələr