Türkiyənin Muğla vilayətinın Marmaris rayonu sahillərində, Rodos adası yaxınlığında baş verən hadisədə yunan sahil mühafizəsi tərəfindən yaxalanmaqdan qorxan təşkilatçı miqrantları silah gücü ilə dənizə atıb və 4 mühacir ölüb.
Musavat.com Türkiyə nediasına istinadla xəbər verir ki, itkin düşən miqrantların axtarış-xilasetmə işləri davam edir. Məlum olub ki, miqrantlar ölümlərinə gedən yol üçün 4500 avro ödəyiblər.
Bildirilir ki, türk olduğu iddia edilən təşkilatçı təxminən 35 miqrantı Rodos adasının Genadi bölgəsinə aparmağa hazırlaşırmış. Ancaq o, Yunanıstanın sahil mühafizəsi patrullarının onu görüb təqib etməsindən sonra mühaciləri silah gücü ilə dənizə tullanmağa məcbur edib. Güllələnəcəklərindən qorxan insanlar özlərini suya atıblar.
Hadisədən xəbər tutan “Frontex” və Yunanıstan sahil mühafizəsinə məxsus 4 qayıq dənizdən, 1 helikopter isə havadan axtarış-xilasetmə işlərinə başlayıb. Aralarında qadın və uşaqların da olduğu 25 miqrant xilas edilib, 4 nəfərin cəsədi tapılıb. Cəsədlər Rodosa aparılıb.
Bölgədə itkin düşmüş mühacirlərin olması halında axtarış-xilasetmə işlərinin davam etdirildiyi, miqrantları silah gücü ilə dənizə atan təşkilatçının sürətli qayıqla Türkiyə sahillərinə qaça bildiyi bildirilib.
Musavat.com