Türkiyə Müdafiə Nazirliyi Donald Trampın ABŞ prezidenti seçildikdən sonra Amerikanın Suriyadakı hərbi qüvvələrinin çıxarılacağı ilə bağlı KİV-də yayılan məlumata cavab verib. Qurumun sözçüsü Zeki Aktürk açıqlama verib.
“Bölgəmizdə müdafiə və təhlükəsizliklə bağlı bütün hadisələri yaxından izləyir, buna uyğun tədbirlər görürük. ABŞ əvvəllər Suriyadan çəkilməyə qərar vermişdi, amma bu, praktikada baş vermədi. Sözlərə yox, əməllərə baxmaq lazımdır. Dost və müttəfiq ölkələrdən gözləntimiz PKK/YPG/SDQ terror təşkilatına yardım və dəstəyi dayandıraraq, terrorla mübarizəmizə səmimi dəstək verməkdir, - deyə Aktürk qeyd edib. Xatırladaq ki, Donald Trampın əvvəlki hakimiyyəti dönəmində ABŞ-ın Suriyadakı hərbi qüvvələrinin əksəriyyəti çıxarılmışdı. Hazırda Amerikanın bu ölkədə təxminən 1500 hərbçisinin olduğu güman edilir.
Bu arada isə Atlantik Şurasının analitiki Piter Dikinson bildirib ki, Donald Tramp andiçmə mərasimindən əvvəl Ukraynadakı müharibəyə son qoymaq üçün Putinlə gizli danışıqlara başlaya bilər. Analitikin fikrincə, müharibəyə son qoyulması ilə bağlı iki ssenaridən söhbət gedə bilər. O, qeyd edir ki, Putinlə danışıqların nəticəsi olaraq Ukraynaya sülh sazişi layihəsi təqdim oluna bilər. Dikinsona görə, Kiyev müəyyən olunan şərtlərlə razılaşmasa, ABŞ Ukraynaya dəstəyini dayandıra bilər.
O, qeyd edir ki, ikinci ssenariyə görə, Tramp Rusiya ilə danışıqlarda müsbət nəticələr əldə etmək üçün açıq şəkildə Ukraynanın mövqeyini gücləndirməyə çalışa bilər. Təhlilçi əlavə edir ki, bu, Tramp Kiyevin güclü mövqedən çıxış etməsində maraqlı olduğu təqdirdə baş verə bilər.
Qeyd edək ki, ABŞ-nin “Wall Street Journal” nəşrinin yazıdığına görə, Ukraynaya təqdim olunacaq sülh sazişindəki variantlardan biri Ukraynanın 20 il müddətinə NATO üzvlüyündən imtina etməsi və müharibəni dondurmasıdır. Bildirilir ki, vunun müqabilində ABŞ Rusiyanın mümkün ikinci hücumuna qarşı çıxmaq üçün Ukraynanı kifayət qədər silahla təmin etməyə davam edəcək. “The Times” nəşri isə yazıb ki, Donald Trampın ABŞ seçkilərindəki qələbəsindən sonra Ukrayna işğal olunmuş ərazilərindən imtina etməyə və Moskva ilə danışıqlara getməyə məcbur edilə bilər.
Yeri gəlmişkən, Kreml Putinin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ilə inauqurasiyadan əvvəl danışmaq ehtimalını istisna etmir. Kremlin sözçüsü Dmitri Peskov bu haqda jurnalistlərə açıqlamasında, “bu, mümkündür,” – deyə bildirib. Peskov həmçinin vurğulayıb ki, “Tramp özü Putinə inauqurasiyadan əvvəl zəng edəcəyini söyləyib və hazırda əlavə deyə biləcəyimiz başqa bir məlumat yoxdur".
Bütün bu mövzuları TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcılar – Sevinc Telmanqızı və Emil Salamoğlu “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu ilə birlikdə dəyərləndirir, o cümlədən Zəfərimizin 4 ili və Azərbaycan mediasının hazırkı vəziyyətini müzakirə edirlər.
https://www.youtube.com/@musavattv
https://www.facebook.com/tvmusavat