"Qurban Qurbanovu istefaya səsləyənlərin futboldan anlayışı yoxdur".
"Operativ Media" xəbər verir ki, bunu Futbolinfo.az saytına açıqlamasında millinin sabiq futbolçusu Mahir Şükürov deyib.
O, Qurban Qurbanovun əziyyətlərinin unudulmamalı olduğunu bildirib.
"Keçən oyun bəzi azarkeşlər Qurban Qurbanovu istefaya səslədi. Onların ümumiyyətlə, futboldan anlayışının olmadığını düşünürəm. Bu insan illərdi komandadadır. Qurbandan başqa hansı məşqçimiz Avropada irəli gedir?! Yaxşı, deyək ki, onu da istefaya göndərdiniz. Guya başqa məşqçi gəlib, “sehirli çubuğu” ilə nəsə edib, “Qarabağ”ı irəli aparacaq? Həmişə demişəm Qurbanov “Qarabağ” üçün, “Qarabağ” da Qurbanov üçün yaradılıb. Futbolu bilən hər kəs də bu fikri dəstəkləyər. İnşallah, bundan sonra da axıra qədər birlikdə davam edərlər. Bizdə insanı bir günün içində qaldırıb, eyni şəkildə də yerə vura bilirlər. Qurbanovun bu günə qədərki əziyyətlərini unutmaq lazım deyil. Hazırda onu pisləyənlər dünənə kimi tərifləyəndir. Bu insan köynək geyindi, başladılar qiymətini yazmağa. Yazanlar kimlərdi, kimin sifarişi ilə işləyirlər – hamımız yaxşı bilirik. Neçə illərdir futbolçu və məşqçi olmuş biri üçün o qiymətə köynək geyinmək normaldır. Belə şeyləri yazaraq, gözdən salmağa çalışmaq ayıbdır. Gedib Azərbaycan çempionatının səviyyəsini qaldırsınlar”.