Müəllif: Tamara Mustafayeva, Banco.az
Rusiya federal büdcəsində 220 milyard rubl kəsir yaranıb.
Banco.az xəbər verir ki, Rusiya Maliyyə Nazirliyindən verilən yazılı bəyanatda bu ilin 10 ayında büdcə gəlirlərinin ötən ilin eyni dövrü ilə müqayisədə 28,4 faiz artaraq 29,7 trilyon rubla çatdığı bildirilib.
Qeyd olunan dövrdə büdcə xərclərinin 23,7 faiz artaraq 29,9 trilyon rubla çatdığı vurğulanan bəyanatda büdcə kəsirinin 220 milyard səviyyəsində olduğu yazılıb.
Bəyanatda qeyri-neft və təbii qaz büdcəsinin gəlirlərinin 20,2 trilyon rubl, neft və təbii qaz büdcəsinin gəlirlərinin isə 9,5 trilyon rubl olduğu bildirilib. Xatırladılıb ki, bu il büdcədə ÜDM-ə nisbətən 1,7 faiz kəsir gözlənilir.
Rusiyada müharibə səbəbiylə büdcə xərclərinin artması səbəbindən 2025-2027-ci illər büdcəsində xüsusilə enerji şirkətləri üçün vergilərin artırılması nəzərdə tutulur. Rusiya hökuməti bu artımla büdcə gəlirlərini 12 faiz artırmağı hədəfləyir.