AZ

Türkiyəli ekspert: Tramp müharibələri bitirməyə çalışacaq”.

“Donald Trampın ABŞ-nin yeni prezident seçilməsinin arxasında mühüm daxili və xarici faktorlar dayanır”.

Bu sözləri Türkiyənin Kocaeli Universitetinin beynəlxalq münasibətlər üzrə professoru İrfan Kaya Ülger “Cebheinfo.az” –a açıqlamasında Donald Trampın növbəti hakimiyyəti dövründə gözlənilən daxili və xarici siyasətini şərh edərkən bildirib. 

O qeyd edib ki, demokratların səhv seçimi Trampın qələbəsinə yol açdı:

“Şübhəsiz ki, 2016-2020-ci illərdə ABŞ-yə rəhbərlik edən Donald Trampın yenidən prezident seçilməsi ölkə iqtisadiyyatına, hərbi müdafiəsinə və xarici siyasətinə dərindən təsir edəcək. Növbəti dörd il ərzində Trampın xarici siyasət mexanizmləri dünyadakı bir çox problemlərin, xüsusən də Ukrayna və Yaxın Şərq müharibələrinin gedişatını dəyişəcək.

Trampın seçkilərdə uğur qazanmasında bir çox səbəblər var. Bunlar əsasən daxili və xarici səbəblərdir. Daxili səbəbləri nəzərdən keçirsək, Bayden administrasiyasının son dörd ildə iqtisadiyyat, səhiyyə və immiqrasiya siyasətində problemləri həll edə bilməməsi Amerika xalqında demokratlara inamın azalmasına səbəb olub. Digər tərəfdən, Demokrat Partiyası Trampa qarşı effektiv namizəd seçə bilmədi.

Vitse-prezidentlik dövründə heç bir güclü siyasi iradə nümayiş etdirməyən Kamala Harrisin avqust ayında Çikaqo konqresində partiyanın namizədi seçilməsi Demokrat Partiyasının rəqabət gücünün effektliyinə mənfi təsir göstərdi. Əgər Mişel Obama və ya Kaliforniya qubernatoru Qevin Nyusomun namizədliyi irəli sürülsəydi, Trampın qalib gəlməsi qeyri-mümkün olacaqdı”. 

Ekspert onu da qeyd edib ki, iyulun 17-də Trampa qarşı sui-qəsd də siyasi dəstəyin daha da artmasına səbəb oldu. Onun sözlərinə görə, Trampın qələbə çalmasında xarici faktorlar da mühüm rol oynayıb:

“Trampın davamlı olaraq Ukrayna müharibəsini bitirəcəyini gündəmə gətirməsi, Qəzza və Livan müharibələrinə son qoyacağını, o cümlədən ölkəyə xarici sərmayələri dəvət edəcəyini açıqlaması, Çinlə ticarətə yeni vergilər və sanksiyalar tətbiq edəcəyini deməsi də səslərin Respublikaçılar Partiyasına yönəlməsində həlledici faktor hesab etmək olar. O ki qaldı Trampın ABŞ-nin Yaxın Şərqdə və digər regionlarda hərbi mövcuqluğunun qorunması istiqamətində addımlarına, bu barədə indidən dəqiq proqnoz vermək o qədər asan deyil.

Bunu zaman göstərəcək. Təbii ki, Tramp müdafiə strategiyasını Pentaqon, CentCom və CIA ilə müzakirə edəcək. Eyni zamanda, Trampın hakimiyyəti dövründə beynəlxalq ictimaiyyətdə İsrailə qarşı artan mənfi reaksiyanı aradan qaldırmaq üçün Netanyahunu baş nazir vəzifəsindən uzaqlaşdırmaq variantı da gündəmə gələ bilər. Hesab edirəm ki, Tramp təkcə Ukrayna müharibəsini deyil, Yaxın Şərqdəki müharibələri bitirməyə çalışacaq”. 

Seçilən
21
50
cebheinfo.az

10Mənbələr