AZ

Azərpoçt kəndlərdə bankomatlar qoya bilər — TƏKLİF

Parlamentin bugünkü iclasında kənd yerlərində bankomat problemi müzakirə olunub. Bildirilib ki, əhalisi çox olan kəndlərdə bir dənə də olsun bankomat yoxdur. Deputat Bəxtiyar Əliyev deyib ki, Ağdam rayonunun böyük inzibati vahidi, 15 minə yaxın əhalisi olan Çəmənli kəndində bir dənə də olsun bankomat yoxdur: "Həmin kənd Ağdamın işğal olunmamış 40-a yaxın kəndindən biridir. Kəndin əhalisinin çox olduğunu nəzərə alaraq həmin ərazidə bankomat quraşdırılmasına şərait yaradılmalıdır", - deyə o qeyd edib.

Məsələyə bank sektoru üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov münasibət bildirib. Ə.Həsənov Demokrat.az-a açıqlamasında deyib ki, bankomatları quraşdırmaq bankların işidir:



“Bundan başqa, “AzərPoçt”un da bankomatları ola bilər. Bu da onların özlərinin siyasətidir. Bankomatları harada qoyurlar? Harada ki müştəri və pul daşınması çoxdur. Yəni bankın şöbəsi, filialı olan yerlərdə qoyulur bankomat. Filial yoxdursa, bankomat da qoyulmur. Bu, bankın öz seçimidir. 

Hər kənddə bankomat qoymaq üçün dəfələrdə təklif etmişəm ki, “AzərPoçt”un maliyyə xidmətləri genişləndirilməlidir. Bu gün qurum əmanət qəbul edə bilir, hesab aça bilir, amma kredit verə bilmir. Əmanət qəbul et müştəridən, hesab aç, amma o vəsaiti heç yerə yerləşdirə bilmə, kredit verə bilmə... Poçt hər bir kənddə var, bu işləri də onun səlahiyyətinə vermək lazımdır. Qazanc imkanı yaradılsa, poçt hər yerə bankomat qoya bilər. Təəssüf ki, belə deyil. Dövlətsə bankdan tələb edə bilməz ki, hər yerə bankomat qoy, bank kommersiya  qurumudur, müstəqildir. Poçt isə dövlətin tabeliyindədir, amma pulu yoxdursa,necə etsin bunu. Gərək poçta da vəsait ayrılsın”.

Törə Zeynallı
Demokrat.az
Seçilən
21
demokrat.az

1Mənbələr