AZ

Özbəkistanda tədqiqatçılar yeni tarixi kəşflər  edib

 

Özbəkistanın dağlarında orta əsrlərə aid şəhərlər aşkar edildi.

Amerika Birləşmiş Ştatlarının Vaşinqton Universitetindən olan alimlər Özbəkistanda İpək Yolunun tarixi baxımından böyük əhəmiyyətə malik olan iki qədim şəhər kəşf ediblər. Araşdırmaçılar “Taşbulak” və “Tuğunbulak” adlanan bu məskunlaşma yerlərinin ətraflı xəritələrini bölgədə pilotsuz uçuş aparatı əsaslı lidar skanları ilə ortaya çıxarıblar.

Maykl Fraşettinin (Michael Frachetti) rəhbərlik etdiyi komanda lidar texnologiyası ilə şəhərlərin meydanlarını, divarlarını, yollarını və yaşayış sahələrini araşdırıb. İki min metr yüksəklikdə yerləşən bu şəhərlər həmin dövrdə dağlarda inkişaf edən ticarət mərkəzlərindən biri kimi seçilir.

Tuğunbulakın 120 hektarlıq sahəsi ilə dövrün ən böyük şəhərlərindən biri olduğu düşünülür. Frachetti "Bu mərkəzlər İpək Yolu üzərində böyük bir qarşılıqlı əlaqə nöqtəsi idi. Burada heyvanlar, qiymətli metallar və digər resurslar ticarətin əsasını təşkil edirdi" deyə bildirib. İlk qazıntılar Tuğunbulakda üç metr qalınlığında torpaq divarlarla əhatə olunmuş bir quruluşun yerli dəmir ustalarının polad istehsalı ilə məşğul olduğu bir zavod ola biləcəyini göstərir.

Bu kəşf Orta Asiyanın İpək Yolu üzərindəki roluna dair vacib məlumatlar təqdim etməklə yanaşı gələcək araşdırmalarda bölgənin tarixi ilə bağlı yeni kəşflərin edilə biləcəyinə işarə edir.



Seçilən
22
trt.net.tr

1Mənbələr