ABŞ seçkilərində Demokratların namizədi Kamala Harrisin məğlubiyyəti dünya mediasında gündəm olub.
Sfera.az bildirir ki, vitse-prezidentin qələbə qazana bilməməsinin səbəbləri araşdırılıb.
Harrisin 13 həftəlik uğursuz kampaniyası zamanı nələr baş verdi?
Demokrat namizəd ilk günlərdə heç bir açıqlama vermədi və üç həftə ərzində müsahibə təklifini qəbul etmədi. Adətən ictimai çıxışlardan qaçan Harris televiziyaya vitse-prezidentliyə namizəd Tim Valzla birlikdə ilk müsahibəsinə çıxdı. Xanım namizəd kampaniya komandasının şüarları və mesajları üzərində nəzarəti ciddi formada saxlasa da, o, həm də boşboğazlıq etməkdən qorxurdu. Eyni zamanda, tənqidçilər qeyd edirdilər ki, Harris ya nəsə gizlədir, ya da öz siyasətindən əmin deyil.
Analitiklərin fikrincə, Trampdan fərqli olaraq Harris qeyri-real bəyanatlar verirdi. İctimai yerlərdə “saxta tələffüzdən” istifadə etdiyi üçün də davamlı olaraq tənqid edilən 60 yaşlı Harris təşkil etdiyi mitinqlərdə müxtəlif irqlərin iştirakçılarına görə səsini və tempini dəyişirdi. Bu hərəkəti isə adətən məsxərəyə qoyulurdu. Harrisin lağ obyekti olan digər çıxışı isə Pensilvaniya ştatında yerləşən kilsədə baş tutmuşdu. Onun burada din xadimi kimi danışdığı bildirilirdi.
Məlumata görə, onun daha bir uğursuz kampaniyası keçmişdə işlədiyi yerlə bağlı çıxışı olub. Belə ki, Harrisin kampaniyaçıları bildirdilər ki, o, universitetin birinci kursdan ikinci kursa kimi Kaliforniyadakı bir “McDonald's”da işləyib. Lakin respublikaçılar bu məlumatı “zəhmətkeş bir amerikalı kimi görünmək üçün irəli sürülən uydurma bəyanatdır” ifadəsi ilə ləkələməyə çalışıblar. Digər tərəfdən, “New York Times” qəzeti Harrisin məktəb yoldaşından müsahibə alaraq sözügedən açıqlamasını sübut edəcək heç bir fotoşəkil və ya qeydin olmadığını yazdı. “Harris yalan danışır?” adlı başlıqlarla yayımlanan məqalələr isə mübahisəyə səbəb oldu. Bu prosesdən istifadə edən Tramp “McDonald's”ın Filadelfiyadakı filialında çalışaraq böyük rəğbət qazandı, həmçinin bununla Harrisin açıqlamasını lağ obyektinə çevirdi.
Analitiklər qeyd edirlər ki, Harris tez-tez ona verilən suallara mürəkkəb cavablar verirdi. Nəticəsiz cümlələr quran Harris sadə və başa düşülən cavablar vermədiyi üçün bu da onun uğursuzluğu kimi qiymətləndirilib. Ümumilikdə, onun əksər çıxışları ilə bağlı sosial mediada, “Kamalanın bütün danışdıqları saxtadır, vədləri səmimi deyil”, kimi fikirlər üstünlük təşkil edib.
Günay