AZ

Qubada iki hektar sahədə pavlovniya bağı salınır

Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu və Quba Rayon İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə "GubaEco" layihəsinə start verilib.

FED.az xəbər verir ki, birgə layihə əsasında rayonun Zərdabi qəsəbəsində 2 hektar ərazidə institutun Mikroklonal çoxaltma laboratoriyasında invitro üsulu ilə çoxaldılan pavlovniya ağaclarından ibarət bağın salınması həyata keçirilir.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində reallaşan layihənin ilk günü 2500 pavlovniya ağacı əkilib.

İnstitutun direktoru İlham Qaraqurbanlı bildirib ki, qlobal istiləşmə son dövrlərdə dünyanın ən böyük ekoloji problemlərindən biridir. Atmosferdə istixana qazlarının artması səbəbindən yer səthinin temperaturu yüksəlir və bu da bir sıra fəsadlara yol açır. Dünya üzrə təbii resursların azalması və ətraf mühitin çirklənməsi nəticəsində oksigen istehsalına olan ehtiyac artmışdır. Problemi həll etmək üçün meşələrin qorunması və yenidən yaşıllaşdırma tədbirləri həyata keçirilməlidir.

Pavlovniya ağacları Asiya, Avropa, Şimali Amerika və Avstraliyada kommersiya, tibbi və dekorativ məqsədlər üçün əkilir. Pavlovniya ağacı ətraf mühitin fərqli mühitlərinə uyğunlaşa bilir, yüksək böyümə tempi və müstəsna regenerativ xüsusiyyətləri ilə fərqlənir. Faktiki olaraq, pavlovniya dünyada ən tez böyüyən ağaclardan biri olmaqla, il ərzində bəzi növlərdən fərqli olaraq bir neçə dəfə daha çox biokütlə istehsal etmək bacarığına malikdir. Bu da öz növbəsində biokütlə istehsalı məqsədilə pavlovniya plantasiyalarının yaradılmasına marağın artmasına səbəb olmuşdur.

Bu ağaclar böyük yarpaqları ilə fərqlənir, onların diametri 45-75 sm olur. Pavlovniya çirklənmiş havanı zərərli qaz və hissəciklərdən təmizləməyə kömək edir. Başqa ağaclara nisbətən 10 dəfə çox CO2 udmaq bacarığına malikdir. Pavlovniyanın yarpaqları sürətlə böyüyür və CO2 emalının böyük həcminə malikdir. Belə ki, 1 ağacın çətiri il ərzində ortalama olaraq 22 kiloqram karbon qazı udaraq 6 kiloqram oksigen qazı buraxır.

Bundan başqa, dünyada pavlovniya ağacı meşələrin bərpası üçün istifadə edilir. Bu ağacın kökləri torpağı eroziyadan qoruyur, çirklənmiş (civə, arsen və s.) torpaqları təmizləyir, küləkdən qoruyur. İnkişaf etmiş ölkələrdə pavlovniya ağacı şəhərlərin abadlaşdırılmasında da geniş istifadə edilir. Bu ağac növü gözəl dekorativ bitki olmaqla şəhərlərdə radiasiya rejiminə təsir edir, səs-küyü azaldır, kölgəlik yaradır, patogen bakteriyalardan təmizləyir və tozu azaldır. (Azərtac)

Seçilən
43
fed.az

1Mənbələr