ABŞ-da prezident seçkilərinin nəticəsi artıq məlumdur, respublikaçı Donald Tramp ölkənin 47-ci dövlət başçısı seçilib.
Dünya liderləri, eləcə də Azərbaycan Prezident İlham Əliyev Trampı seçkilərdəki qələbəsi münasibətilə təbrik edib.
Donald Trampın prezidentliyi dönəmində ABŞ xarici siyasətində müəyyən yeniliklərin olması gözlənilir. Ukrayna, Yaxın Şərq məsələlərində onun mövqeyi demokratlardan fərqlənir.
Trampın seçilməsi Azərbaycan və Cənubi Qafqaz üçün müsbət nələrsə vəd edirmi? Tramp dövründə ölkələrimiz arasında əlaqələr necə olacaq?
Azərbaycan-ABŞ Parlamentlərarası İşçi Qrupunun sədri Səməd Seyidov Modern.az-a bildirib ki, Donald Trampın seçilməsi ABŞ xalqının yalan və böhtanlardan bezdiyini göstərib:
"Cənab Prezident İlham Əliyevin Donald Trampa göndərdiyi məktub artıq konkret Azərbaycanın istəyini, niyyətini, milli maraqlarını birbaşa göstərib. Biz dostluq, əməkdaşlıq etmək istəyirik. Bizim ABŞ-la əlaqələrimiz həmişə yüksək olub. Təəssüflər olsun ki, Bayden Administrasiyası ikili siyasətlə, yalan və böhtanla Azərbaycan-ABŞ münasibətlərinə zərbə vurmuşdu. Xüsusilə də onların təşəbbüsləri əsasında konqresmenlər, senatorlar yalanla, böhtanla dolu olan sənədlə COP29 ərəfəsində Aərbaycana hücumlar edib. Trampın seçilməsi onu göstərir ki, ABŞ xalqı özü bu böhtan və yalanlardan əl çəkmək istəyir. Bizim istəyimiz regionda gedən prosesləri düzgün qiymətləndirməkdir. ABŞ böyük dövlətdir, onunla əməkdaşlıq, dostluq etmək çox əhəmiyyətlidir. Regionda gedən prosesləri düzgün qiymətlədirməkləri, məsələlərə obyektiv yanaşmaları və münasibətlərdə qarşılıqlı hörmət olacaqsa, əlaqələrimiz də yüksək səviyyədə qurulacaq. İnanmaq istəyirik ki, respublikaçılar düzgün seçim edib, doğru istiqamətdə bu münasibətləri inkişaf etdirəcəklər".
Komitə sədri Trampın Azərbaycanla Ermənistan arasındakı sülh proseslərində rol oynayıb-oynamayacağından da danışıb:
"Ən əsas məsələ Qafqazın daxili siyasətinə qarışmamqdır. İAzərbaycanla Ermənistan arasında olan danışıqlara kənar müdaxilələr olmasa, prosesləri tezliklə həll etmək iqtidarındayıq. Hər hansı təsir, müdaxilə olsa belə, obyektiv, qərəzssiz, kömək məqsədi daşımalıdır. Regionda xaos, münaqişə ab-havası yaratmaq üçün müdaxilələr edilməməlidir. Bu nöqteyi-nəzərdən ABŞ öz milli maraqlarını həyata keçirmək istəyirsə, Cənubi Qafqazdakı, Azərbaycandakı vəziyyəti düzgün qiymətləndirməli və Bakının yaratdğı reallığı tam qəbul etməlidir".