AZ

Donald Trampın dövründə Azərbaycan-Amerika münasibətlərinin gələcəyini indidən proqnozlaşdırmaq çətindir, - Azərbaycan Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimli Turan agentliyinə bildirib.

"Hələlik Trampın komandası formalaşmayıb, xarici siyasətə cavabdeh olan dövlət katibi postunu kimin tutacağı məlum deyil. Həmçinin Tramp komandasının Qafqaz bölgəsi üzrə prioritetləri də aydın deyil", - Kərimli deyib.

Bununla yanaşı, Trampın siyasətilə bağlı müəyyən fərziyyələr irəli sürmək olar.

"Seçki kampaniyası zamanı səslənən bəyanatlara əsasən, o, Azərbaycan və Ermənistan arasında sülh prosesini sürətləndirmək üçün Bakıya təzyiq göstərəcək. Güman etmək olar ki, bu istiqamətdə ardıcıllıq saxlanılacaq", - Kərimli hesab edir.

Onun fikrincə, Trampın strategiyasında Çin və İrana qarşı sərtləşmə olacaq.

"Azərbaycan hakimiyyəti İranla münasibətlərin saxlanmasında maraqlıdır, Çinlə isə  strateji tərəfdaşlıq haqqında saziş imzalayıb. Ona görə də bu istiqamətdə problemlər yaranacaq. 

ABŞ-ın İran və Çin ilə münasibətlərində gərginliyin artması Azərbaycan üçün əlavə problemlər yaradacaq", - Kərimli deyib.

Tramp administrasiyası "Şimal-Cənub" dəhlizində yox, Ərəbistan yarımadası vasitəsilə Hindistandan Avropaya gedən marşrutda maraqlı olacaq.

"Azərbaycan, İran və Rusiyanın maraqları ilə Tramp administrasiyasının maraqları arasında ziddiyyətlər yaranacaq".

"Bu amillərə görə, Azərbaycanın avtoritar hakimiyyəti ilə Tramp administrasiyası arasında mövqelərin toqquşması mümkündür", - Kərimli davam edib.

O güman edir ki, yeni administrasiya Azərbaycanda insan hüquqlarının  kobud şəkildə pozulmasına səssiz qalmayacaq və ciddi bəyanatlarla çıxış edəcək.

Öz növbəsində, Müsavat Partiyasının lideri İsa Qəmbər hesab edir ki, Tramp 2016-2020-ci illərdə ilk prezidentliyi dövründə Bakı ilə saxladığı münasibətlərin xarakterini davam etdirəcək.

"O dövrdə ikitərəfli münasibətlərdə qeyri-adi bir şey olmadı, ümumilikdə normal idi", - Qəmbər deyib.

ABŞ həmişə Azərbaycandan təhlükəsizlik və energetika məsələlərində ABŞ-ı qane edən mövqe gözləyib. Ola bilsin ki, Tramp Bakıdan daha çox açıqlıq istəsin.

Eyni zamanda, Trampın siyasətində onun Rusiya, İran, Türkiyə ilə gələcək münasibətlərinə dair proqnozlaşdırılmayan məqamlar var. Bu münasibətlərin hansı istiqamətdə inkişaf edəcəyi onun Cənubi Qafqaza və Azərbaycana təsirindən asılı olacaq.

Ermənistan-Azərbaycan münaqişəsilə bağlı gözlənilməz addımlar atıla bilər. Trampın proqnozlaşdırılmayan xarakterini nəzərə alaraq, Bakı daha diqqətli və məsuliyyətli davranmalıdır, Qəmbər hesab edir.

Respublikaçı Alternativ Partiyasının (REAL) Siyasi Komitəsinin rəhbəri Natiq Cəfərli də hesab edir ki, illərdir ki, ikitərəfli münasibətlər ciddi iqtisadi və geosiyasi maraqlar üzərində qurulub. Respublikaçılar administrasiyası dövründə münasibətlər həmişə daha hamar olub.

"Trampın seçilməsinin hansısa  fundamental  dəyişikliyə səbəb olacağını düşünmürəm", - o  deyib.

Vətəndaş cəmiyyəti və demokratiya mövzusunun arxa plana keçəcəyi  istisna olunmur", -Natiq  Cəfərli qeyd edib.

Seçilən
32
turan.az

1Mənbələr