AZ

Mətbuat Şurasında “Yeni Müsavat” qəzetinin yubileyi ilə bağlı tədbir keçirilib

Bu gün Azərbaycan Mətbuat Şurasında “Yeni Müsavat” qəzetinin 35 illik yubileyi ilə bağlı toplantı keçirilib. Tədbiri giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid bildirib ki, mürəkkəb şəraitdə formalaşmış yubilyar nəşr ötən müddətdə əzmkar fəaliyyət göstərərək ayaqda qalmağı, eyni zamanda, inkişaf edərək media brendinə çevrilməyi bacarıb. Bu günün “Yeni Müsavat”ı cəmiyyətin etimad göstərdiyi, inam bəslədiyi mətbuat orqanı kimi oturuşmuş struktura malikdir və belə bir statusun qazanılmasında Yeni Müsavat Media Qrupunun rəhbəri, MŞ İdarə Heyətinin üzvü Rauf Arifoğlunun müstəsna əməyi var. R.Məcid, həmçinin, Mətbuat Şurasının “Yeni Müsavat” qəzetini diplomla təltif etdiyini bildirib və diplom plaketini R.Arifoğluya təqdim edib. 

525.az xəbər verir ki, Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli “Yeni Müsavat”ın 35 illiyini ənənəvi fikir daşıyıcılarının bayramı kimi dəyərləndirib. O bildirib ki, 35 il ayaqda qalmaq Azərbaycanın mətbuat tarixində az nəşrə nəsib olmuş xüsusiyyətdir. Bu günün “Yeni Müsavat”ını həm ciddi jurnalistika, həm də ciddi publisistika nümunəsi timsalında xarakterizə edən N.Məmmədli həmçinin deyib ki, bazası və potensialı qəzetə müasir konvergensiya mühitinə uğurlu şəkildə uyğunlaşmağa imkan yaradıb. 

MŞ İdarə Heyətinin üzvü, APA Holdinqin rəhbəri Vüsalə Mahirqızı çıxışında bildirib ki, “Yeni Müsavat” müasir Azərbaycanın tarixi ilə bağlı etibarlı mənbədir. O, üzərindən illər keçdikdən sonra da dövrün tədqiqatçılarının bu mənbəyə istinad edəcəklərinə əminliyini ifadə edib və vurğulayıb ki, qəzetin hazırkı yüksək mövqeyi illərin gərgin əməyinin, peşəyə sadəqin mükafatıdır. 

“Yeni Müsavat” yeniliyi duyur, gələcəyə baxır və keçmişi dəyərləndirir”, - deyən MŞ İdarə Heyətinin üzvü, “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov onu da bildirib ki, Azərbaycanın təlatümlü dövrünün mətbu məhsulu olan yubilyar nəşr hər zaman ideya və amallarına sadiqliyi ilə diqqət çəkib, təkcə Azərbaycan cəmiyyətində deyil, habelə, ölkəmizin hüdudlarından kənarda da populyarlaşıb. 

MŞ İdarə Heyətinin üzvü, Yeni Çağ Media Qrupunun rəhbəri Aqil Ələsgər çıxışında “Yeni Müsavat”ı ölkəmizin yaradıcılıq mühitində fərqlənən şəxslərin üzərində haqqının olduğu media orqanı kimi qiymətləndirib və deyib ki, bu cəhət ona həm də doğma münasibəti şərtləndirir. 

MŞ İdarə Heyətinin üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli çıxışında yubilyar nəşrin dünyanın media trendlərinin uğurlu tətbiqi formulu olduğunu bildirib və əlavə edib ki, bu cəhət onun peşəkarlığı artırmaq əzminin nəticəsidir. 

“Yeni Müsavat”ın öz fəaliyyəti ilə Azərbaycanın milli mücadiləsinin xronologiyasını yaratdığını vurğulayan MŞ İdarə Heyətinin üzvü, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli onu da deyib ki, yubilyar media orqanı, eyni zamanda, qəzetin qurucusu Rauf Arifoğlunun uğur hekayəsidir. 

MŞ İdarə Heyətinin üzvü, “Azxeber.com” saytının baş redaktoru Hacıbəy Heydərli “Yeni Müsavat”ı ölkəmizə yönəlmiş informasiya təhdidlərinə qarşı mübarizənin mühüm səngəri kimi xarakterizə edib. O, eyi zamanda, nəşrin əməksevər və jurnalistikaya bağlı gənclərin ümid yeri olduğunu da əsaslandırıb. 

MŞ sədrinin müavini Səadət Məmmədova bildirib ki, hər zaman mühüm istinad nöqtəsi olaraq yanaşılan “Yeni Müsavat” qəzeti peşəkar komandanın yaradıcılıq yolunda inamla addımladığı məktəbdir və bu məktəb özünün nümunəvi keyfiyyətləri ilə seçilməkdədir. O, qarşıdakı müddətdə də nəşrin eyni kursu davam etdirəcəyinə əminliyini vurğulayıb.

MŞ İdarə Heyətinin üzvü, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin kafedra müdiri Qulu Məhərrəmli çıxışında “Yeni Müsavat”ı qələmi haqqa söykənənlərin tribunası kimi dəyərləndirib və deyib ki, belə bir mövqenin qazanılması mühüm ictimai missiyanın düzgün yerinə yetirilməsindən xəbər verir. 

“Yeni Müsavat”ın qəzetçilik ənənələrinin davamında müstəsna rol oynadığını vurğulayan MŞ sədrinin müavini Vüqar Zifəroğlu bildirib ki, nəşrin daim təkmilləşərək həyata keçirdiyi inkişaf yolu dəyərdir, jurnalistikaya sadiqlik etalonudur. 

MŞ İdarə Heyətinin üzvü, “Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları” İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə çıxışında yubilyar nəşrin vətənpərvərlik təbliğatının aparılmasındakı, milli maraq və mənafelərin müdafiəsindəki missiyasına diqqət çəkib. 

MŞ-nin Ahıl Jurnalistlər Məclisinin sədr müavini Əminə Yusifqızı təbriklərini çatdıraraq “Yeni Müsavat”ın çətinliklərə sinə gərən, mətin və mübariz media orqanı olduğunu bildirib. 

MŞ-nin icraçı katibi Əvəz Rüstəmov çıxışında yubilyar nəşrin Azərbaycanın haqq və mənafelərinin media müstəvisindəki müdafiəsini peşəkar qurmağı bacardığını qabardıb və bu amilin son dərəcə mühüm əhəmiyyət daşımasından söz açıb.

Yeni Müsavat Media Qrupunun təmsilçiləri Ələsgər Süleymanov, Xalid Kazımlı, Elçin Xalidbəyli, Məhəmməd Türkmən, Əli Rəis, Cavanşir Abbaslı, Vaqif Hüseyn, Elşad Məmmədli, Etibar Seyidağa, Xalidə Gəray, Afaq Mirayiq, Şahanə Rəhimova çıxışlarında “Yeni Müsavat” media ailəsində yer almağın onların həyatında mühüm əhəmiyyət daşıdığını bildirib, xatirələrini bölüşüblər. 

Sonda çıxış edən MŞ İdarə Heyətinin üzvü, Yeni Müsavat Media Qrupunun rəhbəri Rauf Arifoğlu yubilyar qəzetin hər zaman insanlara doğru bildiklərini, cəmiyyət üçün vacib saydığı məsələləri çatdırdığını vurğulayaraq qeyd edib ki,  belə bir missiya qürur və fəxarət mənbəyidir. 35 illik yubileyin ən böyük mükafatının Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası olduğunu deyən R.Arifoğlu, eyni zamanda, rəhbərlik etdiyi nəşrin fəaliyyətinə verilən yüksək dəyərə, xoş sözlərə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib. 

Seçilən
27
sherg.az

1Mənbələr