Tural İsmayılov: “Burada Makronun vasitəçiliklə bağlı səyləri ilə Tokayevin səylərini əsla eyniləşdirmək olmaz”
Fransa prezidenti Emmanuel Makron və Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Tokayevin səfəri zamanı birgə bəyannamə imzalayıblar və orada Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına, iki ölkə arasında sülh sazişinin tezliklə imzalanmasına tam dəstək ifadə olunub.
Bu barədə Qazaxıstanın rəsmi saytı ölkə prezidenti ilə Fransa prezidentinin iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi ilə bağlı birgə bəyannaməsinə istinadən məlumat yayıb.
“Prezidentlər Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına və 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanaraq, hər iki dövlətin ərazi bütövlüyünə hörmətlə yanaşaraq, regionda ədalətli və sabit sülhün bərqərar olmasına imkan verəcək sazişin tezliklə imzalanmasına tam dəstəyini ifadə ediblər”, - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, prezidentlərin birgə bəyannaməsində tərəflər Transxəzər beynəlxalq nəqliyyat marşrutunun inkişafı üçün Cənubi Qafqazda sabitliyin vacibliyini də vurğulayıblar.
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Fransa prezidenti Emmanuel Makronun dəvəti ilə 2024-cü il noyabrın 4-dən 5-dək Fransada dövlət səfərində olub.
Makron və Tokayev Bakı-İrəvan sazişinin imzalanmasına "möhkəm girişiblər".
Bu cəhdlərin perspektivləri nədir? Tokayev və Makron bu işə hansısa töhfə verə bilərmi? Xüsusən də Makron "sülh göyərçini" roluna girib.
“Əsla, Makronun bu məsələdəki mövqelərinə güvənmək...”
Politoloq Tural İsmayılov “Bakı-Xəbər”ə şərhində “Əlbəttə, Tokayevin Azərbaycanla Ermənistan arasında sülhün mümkünlüyü ilə bağlı mövqeləri və ümumiyyətlə Qazaxıstanın burda uğurlu vasitəsçi ola bilmə məsələsi çoxdan gündəmdədir. Əslində, niyə də yox. Çünki Qazaxıstan Azərbaycanla, Türk Dövlətləri Təşkilatı da daxil olmaqla, müxtəlif platformalarda yaxından əməkdaşlıq edir. Həmçinin Qazaxıstanın KTMT-də və Avrasiya İqtisadi Birliyində Ermənistanla təmsilçiliyi var. Qazaxıstan Ermənistanla münasibətləri normal olan ölkələrdəndir. Bu baxımdan, bütün bu sadalanan faktorları nəzərə alanda Qazaxıstanın Azərbaycanla Ermənistan arasındakı danışıqlarda uğurlu vasitəçi olmaq imkanları çox genişdir. Amma burada Makronun vasitəçiliklə bağlı səyləri ilə Tokayevin səylərini əsla eyniləşdirmək olmaz”-deyə bildirdi.
T.İsmayılovun fikrincə, Qazaxıstan prezidenti Tokayev burada səmimi, dürüst vasitəçilik cəhdləri edir, Makron isə birmənalı şəkildə Ermənistanı dəstəkləyən və həmçinin 30 il ərzində işğalçılığa dəstək verən bir ölkənin rəhbəridir. “Ona görə də, özəlliklə Makronun hakimiyyəti dövründə Fransanın Azərbaycana qarşı düşmənçiliyi ən pik həddə çatıb. O üzdən, əsla Makronla Tokayevin cəhdlərini eyniləşdirmək olmaz. Hər bir halda əsla Makronun bu məsələdəki mövqelərinə güvənmək olmaz deyə düşünürəm”.
T.İsmayılov vurğuladı ki, Makron bu məsələdə qətiyyən səmimi deyil.
İradə SARIYEVA