Lənkəran şəhəri “2024-cü ildə Türk dünyasının gənclər paytaxtı” elan olunub. Bu barədə qərar Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının Bişkekdə keçirilən 11-ci iclasının yekunları üzrə qəbul edilib. Bununla yanaşı, TDT ölkələrinin liderləri növbəti sammitin 2025-ci ildə Azərbaycanda keçirilməsi ilə bağlı razılığa da gəliblər.
Lənkəran şəhərinin “2024-cü ildə Türk dünyasının gənclər paytaxtı” seçilməsi ilə bağlı fikirlərini Medianews.az-a bölüşən Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov bildirib ki, bu, olduqca əlamətdar hadisədir.
Millət vəkilinin sözlərinə görə, bu, həm də rəmzi məna ifadə etməklə, Lənkəranda gənclik nəfəsinin davamı deməkdir: “Lənkəran bu il “Azərbaycanın gənclər paytaxı”dır. Eyni zamanda Türk dövlətlərinin gənclər paytaxtı olacaq. Bizim cənub zonamız bir növ gəncliklə nəfəs almağa davam edəcək. Lənkəran şəhəri hər zaman gənclər üçün aktiv olan, onlar üçün kifayət qədər yaxşı fəaliyyət yaradılan, gənclərin özlərini reallaşdırması üçün geniş imkanları olan şəhərlərimizdən biridir. Mən inanıram ki, Lənkəran şəhəri türk dövlətlərinin gəncləri üçün də yaxşı bir məkan olacaq. Burada kifayət qədər geniş və əhatəli, məzmunlu tədbirlər həyata keçiriləcək. Eyni zamanda türk dövlətlərindən olan gənclərin birgə fəaliyyəti üçün kifayət qədər geniş imkanlar yaradılacaq”.
Deputat Ş.İsmayılov vurğulayıb ki, Azərbaycanda gənclər siyasəti hər zaman dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub: “Azərbaycanda həyata keçirilən gənclər siyasəti modeli dünyada uğurlu modellərdən biri kimi tanınıb. Bunun davamı olaraq türk dövlətlərindən olan gənclər də Azərbaycanda, xüsusilə bizim regionlarımızda bu siyasətlə həm tanış olacaqlar, həm təcrübə mübadiləsi aparacaqlar, həm də ortaq mədəniyyətimizin, dəyərlərimizin gənclər tərəfindən geniş təbliği üçün kifayət qədər geniş imkan yaradılacaqdır. Əminəm ki, Lənkəran şəhəri üzərinə düşən bu mühüm, mötəbər missiyanın öhdəsindən layiqincə gələcək. Bizim gəncliyimiz, Azərbaycan gəncliyi, Lənkəran gəncliyi bu tədbirdən həm özlərini reallaşdırmaq baxımından, həm təcrübə mübadiləsi baxımından yetəri qədər yararlanacaqlar. Türk dövlətlərindən gələn bizim qardaşlarımız, gənclərimiz isə Azərbaycan reallıqları, ölkəmizin regionları ilə yaxından tanış olmaq imkanı qazanacaqlar”.
Əməkdar jurnalist, əslən Lənkəran şəhərindən olan Təranə Məhərrəmova da Cənub mirvarisinin “2024-cü ildə Türk dünyasının gənclər paytaxtı” elan olunmasını çox sevindirici xəbər kimi qiymətləndirib. Qeyd edib ki, Lənkəran ölkəmizin, o cümlədən cənub bölgəsinin ən böyük və qədim şəhərlərindən biridir.
“Bu şəhərin adı tarixçilərin, səyyahların əsərlərində yer alıb. Lənkəran, tarixlə müasirliyin bir arada olduğu, milli və beynəlxalq ənənələrinin harmoniya təşkil etdiyi bir şəhərdir. Mən uşaqlıqdan gözümü açandan Lənkəranda ölkə əhəmiyyətli tədbirlərin keçirildiyinin şahidi olmuşam. “Məhsul bayramları” keçirilərdi. Burada keçirilən xalq festivalları və bayramlar, Lənkəranın qədim ənənələrinin yaşadılmasına və qorunmasına sübutdur. Lənkəranın ”Türk dünyasının gənclər paytaxtı” seçilməsi də təsadüfi deyil. Bu, bütün cənub regionu üçün sevindirici və qürur doğuran hadisədir. Bildiyimiz kimi, ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir. Azərbaycan gəncliyi müasir dövrün tələblərinə uyğun beynəlxalq gənclər hərəkatına inteqrasiya olunur. Bu hadisə cənub regionunda yaşayan gənclərin beynəlxalq müstəvidə qarşılıqlı əlaqələr qurmaq, təcrübə mübadiləsi aparmaq, bilik və bacarıqlarını təkmilləşdirmək üçün yeni və geniş imkanlar açacaq. Həmçinin cənub regionuna diqqəti yönəldəcək. Turizm baxımından cənub regionu üçün əhəmiyyətli olacaq. Bütün cənub bölgəsində yaşayan insanları bu münasibətlə təbrik edirəm. Türk dünyasının ürəyi Lənkəranda döyünür!”
Nailə QASIMOVA