AZ

Ədəbiyyat Muzeyində Zəfər Gününə həsr olunan elmi sessiya keçirilib

Noyabrın 7-də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində 8 Noyabr - Zəfər Gününə həsr olunan elmi sessiya keçirilib.

TƏHSİL.BİZ xəbər verir ki, tədbirdə muzeyin direktoru akademik Rafael Hüseynov çıxış edərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən danışıb. Akademik Vətən müharibəsində əldə olunmuş Zəfərin ordumuzun gücünün, xalqımızın birlik və həmrəyliyinin bariz təcəssümü olduğunu vurğulayıb. Bildirib ki, ərazi bütövlüyümüzün bərpa edilməsi və dövlət suverenliyimizin tam təmin edilməsi ölkə rəhbərliyinin xalqımız və müstəqil dövlətimiz qarşısında müstəsna xidmətidir.

“Zəfərdən zəfərlərə” adlı məruzə ilə çıxış edən alim diqqətə çatdırıb ki, qədim və çoxəsrlik tarixi, zəngin dövlətçilik ənənələri olan Azərbaycan xalqı çoxlu bayram və əlamətdar günlərə malikdir. Zəfər bayramı isə müasir Azərbaycan tarixinin ən şərəfli, şanlı tarixlərindən biridir.

Zaman-zaman xalqımıza qarşı törədilən soyqırımı və deportasiyalardan danışan alim bildirib ki, son 200 il ərzində azərbaycanlılar ermənilərin çoxsaylı zülmünə məruz qalıb. 1905, 1918-1920, 1948-1953-cü illərdə azərbaycanlılar soyqırımlarına məruz qalıb, deportasiya edilib, öz dədə-baba yurdlarından didərgin salınıb. Akademik 44 gün davam edən Vətən müharibəsi nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyulduğunu bildirib. Qeyd edib ki, Azərbaycan Ordusu hazırda dünyanın ən güclü orduları sırasında yer alıb.

R.Hüseynovun sözlərinə görə, ölkə əhalisinin müstəqil dövlətçilik və vətənpərvərlik amalları ətrafında sıx birləşməsində milli ideya mühüm rol oynayır. Milli ideyanın qarşıdakı dövr üçün hədəfləri Prezident İlham Əliyevin apardığı siyasətdə öz əksini tapır.

Akademik vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycanın qlobal arenada mövqeyi daha da möhkəmlənib, eyni zamanda, dövlətimizin başçısı beynəlxalq miqyasda dünya liderlərindən biri kimi qəbul olunur.

Çıxışının sonunda akademik Rafael Hüseynov Zəfər Gününün Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazıldığını deyib, bu qələbəni bizlərə yaşadan qəhrəman şəhidlərimizin xatirəsinin daim uca tutulacağını vurğulayıb. O, Vətən müharibəsində qazanılmış şanlı Qələbənin dördüncü ildönümü və müstəqilliyimizin rəmzi olan Dövlət Bayrağı Günü münasibətilə əməkdaşları təbrik edib.

Elmi sessiyada muzeyin şöbə müdirlərindən professor Şəfəq Əlibəylinin “Zəfər Günümüz mübarək!”, professor Xatirə Bəşirlinin “Zəfər savaşımız – şərəf tariximiz”, Xurşidbanu Natəvan adına Qarabağ filialının kiçik elmi işçisi Məhsəti Əhmədovanın “Qəhrəmanlıq dastanına dönmüş Zəfər Günümüz!” mövzularında məruzələri dinlənilib.

Seçilən
17
tehsil.biz

1Mənbələr