AZ

Makron Trampın prezident seçilməsindən çox sarsılıb...

Image

Sədrəddin Soltan: "Hətta vəziyyət o yerə gəlib çatıb ki, Avropa İttifaqının dağılmasına dair fikirlər söylənilir"

Fransa prezidenti Emmanuel Makron Donald Trampın ABŞ prezident seçkilərindəki qələbəsindən sonra Almaniya kansleri Olaf Şolsla birlikdə Avropanı “daha birləşmiş, daha güclü və daha suveren” etmək üçün çalışacaqlarını bildirib. Makron həmçinin Aİ ölkələrini “hər kəs özü üçün” prinsipini aradan qaldırmaq üçün birgə gələcək addımlar barədə razılığa gəlməyə çağırıb.

“Biz yeni şəraitdə vahid, daha güclü və daha suveren Avropa yaratmaq üçün çalışacağıq. Amerika Birləşmiş Ştatları ilə əməkdaşlıq edərək, maraqlarımızı və dəyərlərimizi müdafiə edirik”, - Fransa prezidenti sosial şəbəkədə yazıb.

Donald Trampın qələbəsini şərh edən Aİ-nin xarici siyasət sözçüsü Piter Stano ittifaqın Ukraynaya dəstəyini davam etdirmək niyyətini açıqlayıb. "Financial Times" mənbələrə istinadən xəbər verir ki, avropalı diplomatlar Respublikaçılar üçün "qələbənin miqyasından şok ifadə ediblər". Qəzetin yazdığına görə, bir çox Aİ liderləri cənab Trampın Ukraynada hərbi əməliyyatları dayandırmaq üçün saziş bağlamağa məcbur edə biləcəyindən ehtiyat edirlər.

Bir də E.Makronu narahat edən Donald Trampın seçkiqabağı çıxışlarında Amerika iqtisadiyyatını qorumaq üçün idxal məhsullarına böyük rusumlar tətbiq edəcəyini vəd etməsidir. Makron düşünür ki, Trampın bu addımı Fransaya böyük itkilərə başa gələ bilər. Belə gorünür ki, Fransa "köhnə qitə"də Amerikanın əleyhinə müəyyən tədbirlər planlaşdırmaq fikrindədir. Avropa ölkələri Trampın hakimiyyətə gəlməsindən sonra onun siyasətinə qarsı hansı addımlar ata bilər? Bu işdə Almaniyanın və Fransanın xüsusi fəallıği ola bilərmi?

Sualımızı cavablandıran siyasi şərhçi Sədrəddin Soltan dedi ki, Avropa İttifaqından Böyük Britaniya çıxandan sonra bu qurumda ciddi narahatlıqlar və çəkişmələr başlandı: "Hətta vəziyyət o yerə gəlib çatıb ki, Avropa İttifaqının dağılmasına dair fikirlər söylənilir. Məsələn, Fransanın Avropa İttifaqından çıxmasına dair bir sıra siyasi qüvvələr açıq bəyanatlar veriblər. Avropa İttifaqında daha çox Almaniya və Fransanın istəkləri reallaşır, yəni qurumun aparıcı qüvvəsi bu iki ölkədir. Gələcəkdə Almaniya və Fransa üzv olan digər dövlətlərin də fəallaşması üçun müəyyən addımlar ata bilərlər. Məsələn, onlar Polşanı, Rumıniyanı, Baltikyanı ölkələri fəallaşdıra bilərlər. Həmçinin Rusiya ilə daha çox qarşıdurmada olan ölkələrin fəallaşmasına şərait yarada bilərlər.

Makronun "hər kəs özü üçün" prinsipini aradan qaldırmaq təklifi ilə məncə o, "hər kəs İttifaq üçun" prinsipini irəli sürür. Çünki təşkilat daxilində Avropa İttifaqının mənafeyi nəzərə alınmadan başqa dövlətlərlə ikitərəfli əlaqələr saxlayan, əməkdaşlığı dərinləşdirən ölkələr var.

Bəzi hallarda Avropa Parlamenti ilə Avropa Komissiyası arasında anlaşılmazlıqlar, fikir syrılıqları yaranır. Bununla onlar öz müstəqilliklərini nümayiş etdirməyə çalışırlar. Avropa İttifaqının əsas aparıci qüvvələri olan Almaniya və Fransa təşkilatın taleyini həll edə bilən dövlətlərdir, Avropa İttifaqının gələcəyi daha çox bu iki ölkədən asılıdır.

Danald Trampın yenidən hakimiyyətə gəlməsi bu iki ölkəni narahat edir. Çunki Tramp prezidentliyinin birinci dönəmində Avropa İttifaqını hədələyərək bildirmişdi ki, İttifaqın təhlükəsizliyini Amerika təmin edir, ancaq Avropa İttifaqı Rusiya ilə əməkdaşlıq edir. Yəni Avropa İttifaqı bu addımları ilə Amerikanın təsir dairəsindən çıxmaq istəyir".

Avropanın “Politico” nəşri Aİ diplomatları arasında olan mənbələrə istinadən yazır ki, Trampın Ağ Evə qayıtmasından sonra Aİ və ABŞ arasında iqtisadi münasibətlərin onun ilk prezidentliyi dövründə olduğundan daha pis ola biləcəyi gözləniləndir.

Qəzet yazır ki, 2018-ci ildə Tramp Meksika və Kanadadan başqa bütün ölkələrdən polad üçün 25 faiz, alüminium üçün isə 10 faiz rüsum tətbiq edib: "Aİ Vaşinqtonun ehtimal olunan yeni tariflər tətbiq etməsinə cəld və sərt reaksiya verməyə, həmçinin Trampı danışıqlar masasına oturtmağa və razılaşma əldə etməyə hazırdır".

Nəşr vurğulayır ki, hazırda Aİ-nin enerji və müdafiə sahəsində ABŞ-dan asılılığı da vəziyyəti gərginləşdirir: “ABŞ-da bu seçkilərin nəticələri yalnız bir faktı təsdiqləyir ki, biz Aİ-də öz güclərimizə və maraqlarımıza diqqət yetirməliyik və məqsədlərimizə ayıq nəzər salmalıyıq”.

Londonda yerləşən Xarici İnkişaf İnstitutunun baş eksperti David Kleimannın fikrincə, Aİ ABŞ-ın “daha aqressiv tona” və ticarət əlaqələrində “mümkün məcburetmə cəhdlərinə” hazır olmalıdır.

Avropa Parlamentinin Beynəlxalq Ticarət Komitəsinin rəhbəri Bernd Lanq isə bildirib ki, Amerika tərəfi Aİ məhsullarına əsassız rüsumlar tətbiq edərsə, biz buna reaksiya verəcəyik.

Dəniz NƏSİRLİ





Seçilən
18
50
baki-xeber.com

10Mənbələr