ABŞ-da dünyanın izlədiyi gərgin seçki mübarizəsinin qalibi Donald Tramp oldu. Hərçənd, seçki kampaniyasında o, ABŞ mediası, xüsusilə Bayden Administrasiyasına yaxın olan informasiya resurslarında ciddi təzyiqlə üzləşmişdi və süni şəkildə onun məğlub olacağı rəyini formalaşdırmağa çalışırdılar. Bütün bu kampaniyaya rəğmən, Tramp demokratların namizədi Kamala Harrislə mübarizədən ciddi səs çoxluğu ilə qalib çıxdı, təmsil etdiyi respublikaçılar isə qanunverici orqanın hər iki palatasında – Senatda və Nümayəndələr Palatasında qazandı.
Tramp ABŞ tarixinə fasilə ilə seçilən ikinci prezident kimi də düşdü. 2016-2020-ci illərdə hakimiyyətdə olan Tramp ABŞ-da formalaşmış qəribə “seçki ənənəsi”nə (8 il - iki dəfə respublikaçılar, iki dəfə demokratlar hakimiyyətdə olur) zidd olaraq, ikinci dəfə seçilmədi. Səbəb seçkidə baş verən saxtakarlıq idi.
2020-ci ildə Trampın “məğlubiyyəti” ilə nəticələnən prezident seçkiləri ABŞ seçki sisteminin eybəcər reallığını ortaya qoydu. 4 il öncə - 4 noyabr 2020-ci il tarixində keçirilən seçkilərin nəticələrinin hesablandığı ilk mərhələdə Trampın qələbəsi aydın görünürdü. O, “biz hər yerdə qalib gəldik, bu, fenomenal nəticədir” deyə qələbəsini açıqladı. Lakin qısa müddətdə “nəticələr” dəyişməyə başlandı. Misal üçün, Miçiqanda bülletenlərin 83 faizinin açıldığı vaxt Tramp (58,1 faiz) Baydenə (40 faiz) böyük fərqlə qalib gəlirdi, yekunda isə Bayden (49,8) 0,3 faiz fərqlə Trampı (49,5 faiz) keçdi. Belə faktlar müxtəlif ştatlarda da qeydə alınıb.
- Arizona ştatında bülletenlərin və səsvermə maşınlarının auditi zamanı müəyyən olundu ki, ilk səslərin sayılması zamanı skan edilmiş 300 minə yaxın bülleten şəkilləri silinib və seçicilər tərəfindən doldurulmayan bülletenlərlə əvəzlənib: misal üçün, çap olunsa da, doldurulmayan, eləcə də poçtla göndərilsə də, bükülməyən belletenlər olub;
- Corciya ştatında bülletenləri müvəqqəti qutulara doldurmaq metodundan istifadə edilib. Bunu edən şəxslərdən biri etiraf edib ki, bir bülletenə görə 10 dollar, ümumilikdə 45 min dollar qazanıb. Seçki qutulatında müşahidə kameralarının məlumatlarının təhlili zamanı Corciya ştatında 200 belə halın baş verdiyi ortaya çıxıb.
- Viksonsin və Pensilvaniya ştatlarında qeydiyyatda olmayan seçicilərin və və “vəfat etmiş şəxslərin” adından doldurulan bülletenlər aşkarlanıb.
Amerikalı siyasi şərhçi Dinesh Dsouzanın 2022-ci ildə hazırladığı “2000 Qatır” (2000 Mules) sənədli filmi isə 2020-ci il seçkilərindəki saxtakarlığı çılpaqlığı ilə ortaya çıxarır. Sənədli filmdə Arizona, Corciya, Miçiqan, Pensilvaniya və Viskonsin ştatlarında “cinayətkar kartel” adlandırılan qrupların saxta bülletenləri qutulara doldurduğuna dair görüntülər yer alır. Bu prosesdə iştirak edən insanların bəziləri hər bülletenə görə 10-40 dollar arası pul aldığını etiraf edib. Filmi hazırlayan komandanın üzvləri bildirirlər ki, qutulara bülletenləri dolduran şəxsləri cib telefonunun geo-izləmə məlumatlarından tapıblar. Bu məlumatlar bülletenləri dolduran “fəalların” Demokrat Partiyasının və nüfuzlu demokratçıların ofislərinə daxil olduğunu təsdiq edir.
Bu film qadağan edildi, hətta bütün sosial şəbəkə platformalarında yayımına da imkan verilmədi. Corciya ştatının rəhbərliyi isə filmi hazırlayan şəxslərin ştatdakı fəaliyyətinə veto qoydu. Trampın seçki saxtakarlığı ilə bağlı araşdırma tələblərinə də müxtəlif yollarla maneələr yaradıldı.
Kapitolidə təxribat: ABŞ Konqresi prezident seçkilərinin nəticələrini 2020-ci ilin yanvar ayında təsdiq etməli idi. Bu, ABŞ-ın bir çox televiziya kanalında canlı yayımlanacaqdı. Konqresdəki Tramp tərəfdarları isə canlı yayəımda saxtakarlıqla bağlı sübutları göstərməyə hazırlaşırdılar. Digər tərəfdən, saxtakarlığa etiraz edən Tramp tərəfdarları Kapitolidə aksiya keçirməyə başladı. Həmin aksiyada baş verən qarşıdurma bunun qarşısını aldı və demokratlara Trampa qarşı impiçment iddiasını qaldırmaq imkanı verdi. Məlumatlara görə, Kapitolidə baş verən qarşıdurma demokratlar tərəfindən təşkil edilmişdi.
İnfohücum: Trampa qarşı mediada görünməmiş hücumlar başlandı. O, bir tərəfdən Rusiya ilə əməkdaşlıqda ittiham edilir, digər tərəfdən seçki saxtakarlığı haqda təqdim etdiyi sübutların “yalan çıxarılması” prosesi aparılırdı. Respublikaçı senator Vens də bəyan etdi ki, media demokratların seçki saxtakarlığına ciddi şəkildə kömək etdi.
Məhkəmə iddiaları: Trampın susdurulması məqsədilə ona qarşı müxtəlif məhkəmə iddiaları qaldırıldı və mediada “cinayətkar” kimi təqdim olundu.
2020-ci prezident seçkiləri ABŞ-ın seçki sisteminin bütün eybəcərliyini ortaya qoyub. Hərçənd, Baydenin hakimiyyətdə olduğu 4 il ərzində Trampa qarşı edilən təzyiqlər bu ölkənin siyasi sisteminin də nə qədər qeyri-demokratik və ədalətsiz olduğunu sübut etdi. Trampı qeyri-qanuni yollarla Ağ Evdən göndərən demoktratlar ona qarşı cinayət işi açaraq, siyasi səhnədən də silməyə çalışdılar. Məhkəmə iddialarının heç biri sübuta yetirilməsə də, prosesin uzunmüddətli davam etdirilməsi və mediada tirajlanması Trampa qarşı siyasi təzyiq cəhdi idi. Hərçənd, o, 2024-cü il prezident seçkilərində respublikaçıların namizədi olaraq mübarizəyə qoşulmağı bacardı.
Seçki kampaniyası dövründə Trampa qarşı edilən təzyiqlər ABŞ “demokratiyası”nın nə qədər eybəcər olduğunu ispat edir. Hətta Trampı öldürmək məqsədilə üç dəfə sui-qəsd cəhdi də baş verdi. Ölümdən “qaçmağı bacaran” Trampın seçkini açıq fərqlə qazanması isə saxtakarlıqlara qarşı meydan oxuması idi. Hərçənd, bütün bu proses – 2020-ci ildəki saxtakarlıqlar, son 4 ildə demokratların rəqib kimi gördüyü Trampa qarşı edilən siyasi təzyiqlər və seçki marafonunda baş verən qeyri-qanuni hallar Amerika demokratiyasının “qumdan qala” olduğunu təsdiq edir.
ABŞ-ın seçki sistemindəki qüsurlar nə cəmi 4 il öncəki seçkilərdə, nə də son seçkilərdə aşkarlanmayıb, problemlər daha öncədən mövcuddur. Misal üçün, ABŞ-da 2012-ci il prezident seçkilərini izləyən avropalı müşahidəçilər sərbəst hərəkət etmək imkanından məhrum olduqlarından şikayətlənirdi.
“Müşahidəçilərə seçki məntəqəsini yoxlamaq üçün sərbəst hərəkət etməyə imkan vermədilər. Səsvermə prosesinin şəkilini çəkməyə, mobil telefon daşımağa, hətta seçicilərlə danışmağa belə icazə verilmirdi. Müşahidəçiləri əvvəlcədən özləri seçdiyi məntəqələrə aparırdılar”, - müşahidəçilər bildirirdi.
Bu, təkcə müxtəlif ölkələrdən gələn müşahidəçilərə yox, seçki üzrə beynəlxalq müstəvidə əsas qurum kimi qəbul edilən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna (DTİHB) da aiddir. DTİHB-nin bir qayda olaraq, ABŞ-dakı seçkiləri müşahidə etmək imkanı məhduddur. Bir çox ştatın yerli qanunvericiliyinə görə, DTİHB müşahidəçiləri seçki məntəqəsinin 30 metr məsafəsinə qədər gələ bilər. 29 metr məsafədə yaxınlaşmaq artıq cinayət hesab olunur. Yaxud dünyanın müxtəlif ölkələrində seçkiləri müşahidə edən və hesabatlar hazırlayan Avropa strukturlarının heç biri ABŞ seçkilərini izləmək imkanına malik deyil. Beynəlxalq müşahidəçiləri seçkiyə buraxmayan ABŞ-ın şəffaf səsvermənin keçirildiyi iddiasının yalan olduğu birmənalı olaraq, qəbul edilmir. Bu ölkədə milyonlarla insan afroamerikalı olduğu üçün səsvermə hüququndan hələ də məhrumdur. Bir sıra ştatlarda şəxsiyyəti təsiq edən sənədi təqdim etmədən də səsvermədə iştirak etmək olur. Eləcə də faks və elektron poçtla verilən səslərdə həmişə qanun pozuntularına yol verilir. “Karusel əməliyyatı”, “ölü canların - vəfat etmiş insanların yerinə səs vermək”, “topa bülletenlərin atılması”, “əvvəldən hazır bülletenlərin istifadəsi” kimi saxtakarlıqlar ABŞ seçki sisteminə yad deyil.
Və sual yaranır: bütün bunlar ABŞ-da yox, başqa bir ölkədə olsaydı, Vaşinqton hansı reaksiyanı verərdi, necə hərəkət edərdi? Cavab təcrübə ilə təsdiqlənib. ABŞ dünyanın istənilən ölkəsində seçki prosesinə açıq müdaxilə edir və baş verən xırda neqativi belə “böyük problem” kimi təqdim edərək, hücuma keçir. Halbuki, bu ölkənin özündə seçki sistemi kifayət qədər qüsurludur, buna rəğmən, digər ölkələrə “mühazirə keçməsi” təkcə qəbuledilməz deyil, həm də mövcud beynəlxalq münasibətlər sisteminin qeyri-adekvat olmasından xəbər verir.
Asif Nərimanlı
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta