ABŞ seçkilərində qalib gələn Donald Tramp gələn ilin may ayına qədər dünya bazarında neftin qiymətini 50 dollar/barelə qədər endirə bilər.
Valyuta.az xəbər verir ki, bu barədə rusiyalı oliqarx Oleq Deripaska "Telegram"da yazıb.
"Sabahınız xeyir, yeni dünya. May ayına qədər neft 50 dollara qədər enə bilər", deyə milyarder bildirib.
"The Moscow Times" yazır ki, Donald Tramp həqiqətən də neftin qiymətinin aşağı salınması məsələsi ilə ciddi məşğul olmaq niyyətindədir. Xüsusilə, o, seçkilərdə qalib gəldikdən sonra ilk çıxışında neft quyularının kütləvi işlənməsinə başlayacağına söz verib.
"Dünyanın hər hansı digər ölkəsindən daha çox qara qızılımız var! Səudiyyə Ərəbistanından, Rusiyadan çox", deyə Tramp bildirib.
Bu açıqlamadan sonra Brent markalı neft 2% ucuzlaşıb.
Qeyd edək ki, Ukrayna avrobondları Trampın seçkilərdə qələbəsi xəbərləri fonunda bahalaşıb. Mütəxəssislər bunu investorların ABŞ-ın yeni prezidentinin müdaxiləsi sayəsində müharibənin tez bitəcəyinə ümid etmələri ilə izah edirlər. Bununla belə, Rusiyada yerli şirkətlərin səhmləri də bahalaşıb.
Amma itirməyə başlayan Avropadır. Avropa İttifaqı və ABŞ arasında Trampın yəqin ki, başlayacağı yeni ticarət müharibəsi gözləntiləri fonunda Avropa valyutası ucuzlaşıb.
Paşa Məmmədli