AZ

5 dövlət Türk Sülh Xartiyası imzaladı- dünya düzəni dəyişir...

Image

Türk dünyasının strateji prioritetləri Türk Dövlətləri Təşkilatının Bişkekdə keçirilən sammitində xüsusi diqqət mərkəzində yer aldı. Tədbirin gündəliyinə ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, təhlükəsizliyin gücləndirilməsi, rəqəmsallaşma və hətta kosmik tədqiqatlar daxildir. 

Sammit Bişkek Bəyannaməsi və Türk Sülh Xartiyasının imzalanması ilə başa çatıb. Türk dünyası ilə əlaqələrin inkişafına verdiyi töhfələrə görə Macarıstanın baş naziri Viktor Orbana “Türk dünyasının Ali Ordeni”  təqdim edilib. Orban bu fonda vurğulayıb: “Türk dünyasının necə inkişaf etdiyini, necə uğur qazandığını görməkdən çox məmnunam. Və inanıram ki, biz hamımız gözəl gələcəyə doğru irəliləyirik”.

Türk Dövlətləri Təşkilatının sammitinin gündəliyi göstərdi ki, üç fundamental sahə ilk  növbədə buradakı ölkələr üçün vacibdir. Bunlar ideologiya, iqtisadiyyat və təhlükəsizlikdir. Türk dünyasının güclənməsi kimi elan edilən sammitin əsasını məhz bu komponentlər təşkil edir. Azərbaycan Prezidenti İlham Əliyev təşkilatın möhkəmlənməs istiqamətində Bakının siyasətinin bundan sonra da davam edəcəyini diqqətə çatdırdı: “Azərbaycan Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək. Türk Dövlətləri Təşkilatının mövcud büdcəsi qarşıya qoyduğumuz hədəflərin həyata keçirilməsi üçün yetərli deyil. Ümid edirəm ki, Azərbaycanın Türk Dövlətləri Təşkilatının Katibliyinə 2 milyon və Ağsaqqallar Şurasına 100 min ABŞ dolları məbləğində maliyyə dəstəyi təşkilatın potensialının daha da güclənməsinə töhfə verəcək”. Özbəkistan prezidenti Şavkat Mirziyoyev Türk İnvestisiya Forumunun yaradılmasını təklif edib. O, həmçinin Türk İnvestisiya Fondunun işinin aktivləşdirilməsini və Türk İnkişaf Bankının yaradılmasını təklif edib. Qırğızıstan prezidenti Sadır Japarov həmkarlarını “Kambar-Ata-1” SES-in tikintisində iştirak etməyə çağırıb: “Respublikamızın günəş, külək enerjisi və yaşıl hidrogen istehsalı üçün əhəmiyyətli imkanları var. Qırğızıstan milli səviyyədə və Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlıq çərçivəsində enerji təhlükəsizliyini təmin etmək və enerji səmərəliliyini artırmaq üçün tədbirlər görür. 50-yə yaxın kiçik və orta su elektrik stansiyasının tikintisi üzrə işlər aparılır. Özbəkistan və Qazaxıstanla birlikdə ən böyük “Kambar-Ata-1” SES-in birgə tikintisinə dair razılaşmalar əldə olunub. Fürsətdən istifadə edərək, sizi bu irimiqyaslı layihənin həyata keçirilməsində iştirak etməyə dəvət edirəm”. O, həmçinin bərpaolunan enerji mənbələrinin inkişafına imkan verəcək Türk Dövlətləri Təşkilatı çərçivəsində texnologiyalar və yaşıl təşəbbüslər üzrə regional mərkəzin yaradılmasının nəzərdən keçirilməsini təklif edib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan enerji və yaşıl iqtisadiyyat məsələlərinə də diqqət ayırıb. Onun sözlərinə görə, nizamnamə kapitalı 500 milyon dollar olan Türk İnvestisiya Fondu tezliklə fəaliyyətə başlayacaq. Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev türk dünyasının vahid informasiya məkanını yaratmaq üçün kabel televiziyalarının qarşılıqlı yayımının təşkilini təklif edib. 

Bu arada qeyd edilməlidir ki, Türk Dövlətləri Təşkilatı ideoloji sferada mühüm işlər görür. Təşkilat ölkələrinin 34 hərfdən ibarət vahid əlifbanın qəbulu ilə bağlı layihəyə imza atması bunun təzahürlərindən biridir. Eyni zamanda qurumun gücləndirilıməsi məqsədilə regionun aparıcı media qurumlarını, universitetlərini və beyin mərkəzlərini birləşdirən şuralar və birliklər yaratmaqla birlik ideyası fəal şəkildə təbliğ olunur. Mədəni əməkdaşlıq da fəal inkişaf edir. Eyni zamanda sammitdə imzalanan sənədlər Türk Dövlətləri Təşkilatı çərçivəsində iqtisadi əməkdaşlığı inkişaf etdirmək istəyindən xəbər verir. Birincisi, 110-dan çox sahəni əhatə edən Bişkek Bəyannaməsidir. Bişkek Bəyannaməsi əsasında il ərzində həyata keçiriləcək tədbirlər planı hazırlanacaq.Burada iqtisadiyyatdan, humanitar və mədəni sahələrdən tutmuş kosmosa qədər sahələr var. İmzalanan sənədlər arasında Türk Dövlətləri Təşkilatı ölkələrinin milli, yəni mərkəzi bankları arasında əməkdaşlıq memorandumu, “yaşıl maliyyə” haqqında memorandum da var. Toplantılarında regional və qlobal əməkdaşlığın, təhlükəsizliyin təmin olunması istiqamətində mühüm qərarlar qəbul edilən Türk Dövlətləri Təşkilatı bu dəfə də ənənəsinə sadiq qalıb. İclasda Türk Dövlətləri Təşkilatı  və Afrika İttifaqı arasında əməkdaşlığın inkişaf etdirilməsinə dair qərar qəbul edilib. Əldə edilən razılaşmaya əsasən, bu, regional qarşılıqlı fəaliyyət üçün möhkəm təməl rolunu oynayacaq. Təşkilatlar arasında Birgə zirvə toplantısının çağırılması istiqamətində də fəaliyyət göstərilməsi üçün uyğun tədbirlərin görülməsi üzrə tapşırıqlar verilib. Bu, türk dünyası ilə Afrika arasında əməkdaşlığın güclənməsi və genişlənməsi istiqamətində mühüm addım sayıla bilər. Təşkilat beynəlxalq əlaqə baxımından ilk dəfə olaraq əməkdaşlıq coğrafiyasını genişləndirəcək. Bu həm də üç qitənin - Asiya, Avropa və Afrikanın qarşılıqlı əməkdaşlığı, fəaliyyətinə, yaxınlaşmasına təkan verər. Zirvə toplantısında Təşkilatın Əfqanıstan üzrə İşçi Qrupunun yaradılmasının vacibliyini vurğulanıb. Bu baxımdan Macarıstanda keçiriləcək qeyri-rəsmi Zirvə Görüşündə qəbul edilməsi üçün Əfqanıstan məsələsi üzrə Türk Dövlətləri Təşkilatı üzv dövlətlərinin vahid yanaşmasının hazırlanması məqsədilə xarici işlər nazirlərinə İşçi Qrupu vasitəsilə Dövlət Başçıları Şurasının Bəyanat layihəsinin hazırlanmasını tapşırılıb. Bu, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin beynəlxalq aləmdə, xarici siyasət sahəsində ortaq mövqe nümayiş etdirməsi üzrə mühüm addım olacaq. Bütün bunlar Türk Dövlətləri Təşkilatının artıq beynəlxalq miqyasda həlledici oyunçulardan birinə çevrilməkdə olduğunu göstərir.

Ramil QULİYEV





Seçilən
43
baki-xeber.com

1Mənbələr