Bakıda “Gazelli Art House” qalereyasında rəssam Elnarə Nəsirlinin “Meşənin pıçıltısı - səsin sehri” adlı sərgisi keçirilib.
"Far.Az" xəbər verir ki, tədbir Latviyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə baş tutub.
Tədbirdə çıxış edən Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya bildirib ki, sərgi təbiətə həsr olunub.
Onun sözlərinə görə, sərgidə musiqini əks etdirən səs texnologiyasından innovativ istifadə vasitəsilə Latviya və Azərbaycan meşələrinin zəngin biomüxtəlifliyi, yerli növlərdən olan müxtəlif bitkilərdən alınan musiqi səsləri təqdim edilir.
Səfir, həmçinin 2026-27-ci illərdə Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasında iştirak etmək üçün Latviyanın namizədliyini dəstəklədiyinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib.
Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov çıxışı zamanı qeyd edib ki, Azərbaycan iqlim dəyişikliyi probleminin həllinə böyük önəm verir və bunun sübutu COP29 qlobal konfransının ölkədə keçirilməsidir.
Qeyd edək ki, sərgi ictimaiyyət üçün noyabrın 8-dən 2025-ci il fevralın 1-dək “Gazelli Art House” Bakı Qalereyasında açıq olacaq.
FOTO: Məhəmməd Ağayev