Rusiyanın Tümen şəhərində məhkəmə, 11 nəfərin ölümünə səbəb olan saxta spirtli içkilərin saxlanması və satılmasında ittiham olunan 30 yaşlı Azərbaycan vətəndaşı barəsində qərar verib.
Bakuinfo.net xəbər verir ki, həmin şəxs saxta alkoqol məhsullarının tədarükü və satışında təqsirli bilinib.
Tümen vilayətinin prokurorluğundan verilən məlumata görə, təqsirləndirilən şəxs 2021-ci ilin avqustundan 2022-ci ilin yanvarına qədər mağazalara metil spirtindən ibarət, etiketlənməmiş alkoqollu içkilər tədarük edib. Ümumilikdə təxminən 46 qutu saxta içki satışa çıxarılıb.
Həmin şəxs, üstəlik, 16 qutu saxta içkini zibil qablarında gizlədib. Yerli sakinlər bu içkiləri taparaq istifadə edib və ağır zəhərlənmə nəticəsində 11 nəfər dünyasını dəyişib, 3 nəfər isə yaralanıb.
Təqsirləndirilən şəxs Rusiya Cinayət Məcəlləsinin 238-ci maddəsi ilə məhkum olunaraq, ümumi rejimli islah koloniyasında 6 il müddətinə azadlıqdan məhrum edilib.//news24.az