AZ

Banklar üç milyon vətəndaşı “faizlə” necə yükləyib?

Ekspert: “Əhalinin istehlak kreditlərinin həcmi durmadan artır, son bir ildə 1.5 milyard manat artaraq, 8 milyard manata çatıb”

Azərbaycanda bank kredit faizlərinin yüksəkliyi daim müzakirə olunan mövzulardandır. Uzun illərdir faizlərin azaldılması üçün addımların atılması, şərtlərin formalaşdırılmasına dair müzakirələr aparılsa da, bu sahədə ciddi bir irəliləyişin əldə olunduğunu söyləmək qeyri-mümkündür. Ölkəmizdə xüsusilə istehlak kreditlərinin yüksək faizləri insanların ağır maliyyə yükü ilə üzləşməsinə gətirib çıxarır. Son illərdə məişət texnikasından tutmuş, kosmetik vasitələrə, qab-qacağa qədər hər şeyin kreditlə satışının mümkün olması əhalinin belə istehlak kreditlərindən daha çox istifadəsinə gətirib çıxarıb. 

Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı məlumata əsasən, 2024-cü il 1 oktyabr tarixinə istehlak kreditlərinin milli valyutada orta faiz dərəcəsi - kredit kartı vasitəsilə verilən kreditlər üzrə 24 faiz, məişət avadanlıqlarının alınması ilə bağlı olan kreditlər üzrə 25 faiz, yaşayış sahəsinin təmiri ilə bağlı olan kreditlər üzrə 16 faiz, avtomobil kreditləri üzrə 12 faiz və digər istehlak kreditləri üzrə 20 faiz təşkil edib.

Bu isə o deməkdir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak kreditlərinin milli valyutada orta faiz dərəcəsi - kredit kartı vasitəsilə verilən kreditlərdə 1 faiz bəndi, yaşayış sahəsinin təmiri ilə bağlı olan kreditlər 3 faiz bəndi, avtomobil kreditləri 1 faiz bəndi azalıb, digər istehlak kreditləri 1 faiz bəndi, məişət avadanlıqlarının alınması ilə bağlı olan kreditlər isə 1 faiz bəndi artıb. Göründüyü kimi, əhalinin ən çox üz tutduğu kredit növü olan məişət avadanlıqlarının alınması ilə bağlı olan kreditlər üzrə faiz dərəcəsində artım qeydə alınıb.

Faizlərin yüksək olmasına baxmayaraq, kifayət qədər gəlirə malik olmayan vətəndaşların çarəsizlikdən üz tutduğu istehlak kreditlərinin həcmi getdikcə artır. Mərkəzi Bankın statistikasına əsasən 2024-cü il oktyabrın 1-nə Azərbaycan banklarının istehlak kredit portfeli 8 milyard 152,8 milyon manat təşkil edib. Bu isə o deməkdir ki, istehlak kredit portfeli aylıq müqayisədə 174 milyon manat (2,2 faiz), ötən ilin sonu ilə müqayisədə 1 milyard 215,8 milyon manat (17,5 faiz), illik müqayisədə 1 milyard 472,7 milyon manat (22 faiz) böyüyüb.

Xatırladaq ki, istehlak kredit portfeli bu il sentyabrın 1-nə  7 milyard 978,8 milyon manat,  yanvarın 1-nə 6 milyard 937  milyon manat, ötən ilin eyni dövrünə 6 milyard 680,1 milyon manat  təşkil etmişdi.

Kreditlərin həcminin artması bankların onlardan topladığı faiz gəlirlərinin də artımını şərtləndirib. Belə ki, 2024-cü il oktyabrın 1-nə Azərbaycan banklarının kreditlər üzrə faiz gəlirləri 2 milyard 232,7 milyon manat olub. Həmin göstərici sentyabrın 1-nə olan dövrlə müqayisədə 183,9 milyon manat və ya 9 faiz, ötən ilin müvafiq dövrü ilə müqayisədə 329,6 milyon manat və ya 17,3 faiz çoxdur.

2023-cü il oktyabrın 1-nə Azərbaycan banklarının kreditlər üzrə  faiz gəlirləri 1  milyard 903,1 milyon manat, bu ilin 1 sentyabr vəziyyətinə bu göstərici 2 milyard 48,8 milyon manat təşkil etmişdi.

Eldeniz

 Eldəniz Əmirov

İqtisadçı-ekspert Eldəniz Əmirov hesab edir ki, istehlak kreditlərinin artması müsbət hal deyil: “Azərbaycanda əhalinin kütləvi üz tutduğu istehlak kreditlərinin həcmi durmadan artır.Son bir ildə belə kreditlərin həcmi 1.5 milyard manat artaraq, 8 milyard manata çatıb. Bu, həm də Azərbaycandan böyük pulların çıxması deməkdir. Çünki istehsalı daxili tələbatı ödəyə bilməyən ölkələrdə istehlak krediti ölkədən çıxan pullara çevrilir. 8 milyard ölkəmizin ümumi kredit porfelinin təxminən üçdə bir hissəsidir. Biznes kreditlərinin isə 60 faizinə bərabərdir. Bu, hədsiz mənfi xarakterizə ediləcək göstəricidir. Məsələn, "Kredit fəlsəfəsi"nin oylağı olan ABŞ-da verilən ümumi kreditlərin həcmi 35 trilyon dollardır. Bunun cəmi 5 trilyon dolları istehlak kreditləridir ki, bu da ümumi kreditlərin 14 faizi deməkdir.

Hələ nəzərə alsaq ki, ABŞ-da xərclənən istehlak kreditlərinin çox böyük hissəsi ölkənin daxilində qalır. Çünki əhali əsasən öz ölkəsində istehsal edilən telefonu, komputeri və digər malları alır. Bu da daxildə sahibkarlığı və istehsalı inkişaf etdirir. Amma Azərbaycan bu məhsulların hamısını xaricdən aldığı üçün istehlak kreditlərinə yönələn 8 milyard manatın böyük hissəsi bu məhsullarını aldığımız ölkələrə axıb gedir".

İqtisadçı qeyd edir ki, istehlak mallarının əksəriyyəti xaricdən idxal olunduğuna görə nəticədə süfrəmiz, uşaqlarımızın qidası və təhsili üçün xərcləməli olduğumuz pulları görüntü naminə mənasız əmtəələrə xərcləyirik: “Xaricdə istehsalını qurmağı bacarmış ağıllı insanlar isə bu pulları bizdən alıb öz uşaqlarının təhsilinə xərcləyir. Sonra da onların uşaqları da, bizim uşaqlarımızın uşaqlarının pulunu öz uşaqlarına xərcləyəcəklər. Buna görə də bu gün ilk növbədə istehlak kreditlərinin verilmə şərtinə yenidən baxılmalı və sərtləşdirilməlidir”.

Vüqar

Vüqar Bayramov 

İqtisadçı-alim, Milli Məclisin üzvü Vüqar Bayramov isə diqqəti başqa bir məqama çəkir: “İstehlak kreditlərinin faizləri ilə yanaşı, diqqəti çəkən digər məqam bankların ödəniş cədvəli ilə bağlıdır. Hazırda istehlak kredit portfeli 8 milyard manatdan çoxdur və 3 milyon vətəndaşımız bu kreditlər üzrə borclanıb. Bütün bunlarla yanaşı, digər məqam bankların ödəniş cədvəlində ilk öhdəliklər üzrə faiz ödənişlərini önə salması ilə bağlıdır. Belə ki, rəqəmlər göstərir ki, istehlak kreditlərində ilk aylar üzrə ödənişlərdə aylıq ödənişin 40 faizə yaxınını faiz ödənişləri təşkil edir.

Məsələn, əgər vətəndaşın ilk dövrlər üzrə aylıq ödənişi 300 manatdırsa, onun təxminən 120 manatı məhz faiz ödənişidir. Yəni kommersiya bankları kredit üzrə hesabladıqları faizləri müqavilə imzalanandan qısa müddət sonra müştəridən almağa çalışırlar. Eyni zamanda müştərinin hətta yubanması yoxdursa və müəyyən müddətdən sonra birdəfəlik ödənişlə kreditini bağlamaq istəyirsə, bəlli olur ki, əvvəlki ödənişlərinin xeyli hissəsi faizlərə silinib. Əsas məbləğdə isə ciddi dəyişiklik baş verməyib. Bu o deməkdir ki, müəyyən müddətdən sonra vətəndaş krediti ödəyə bilmirsə və ya kreditini tam bağlamaq istəyirsə, o zaman aydınlaşır ki, həmin zamanadək ödədiyi vəsaitin 40 faizə qədəri faizlərə çıxılıb".

Millət vəkilinin fikrincə, faiz ödənişlərinin əhəmiyyətli hissəsini ön aylara daxil etməklə banklar bir tərəfdən risklərini sığortalamağa, digər tərəfdən isə gəlirliyini təmin etməyə çalışsalar da, bu, müştəri üçün xüsusi faiz öhdəlikləri yaradır: “Bu, eyni zamanda əsas məbləğ və faizlər üzrə ödənişlərin aylar üzrə proporsional və bəzən də ədalətli bölgüsünə  imkan yaratmır. Bu baxımdan, banklar üçün əsas məbləğ və faizlər üzrə ödəniş qrafiki ilə bağlı ədalətli və proporsional bölgünün tövsiyəsi məqsədəuyğun olardı”.

Əkrəm

Əkrəm Həsənov

Hüquqşünas, bank sahəsi üzrə mütəxəssis Əkrəm Həsənov isə bir qədər fərqli fikirdədir: “Burada qeyri-adi bir hal yoxdur. Ödənişlərin ilk mərhələsində faizlərin çox olması əsas borcun çox olmasıdır. Əsas borc azaldıqca faizlər də azalır. Yəni 3 min manat əsas borcdursa, onun faizi də çox olacaq. Amma 6 aydan, 1 ildən sonra əsas borc azalır deyə faizlər də azalır”.

Hüquqşünas deyir ki, istehlak kreditləri üzrə ödəniş cədvəlində faizlərlə əsas borcun nisbətini tənzimləyən hər hansı hüquqi sənəd, qayda yoxdur: “Bu, adi arifmetikadır və bankların bu sahədə fəaliyyətində hər hansı qanunsuzluq yoxdur”.

Qeyd edək ki, Azərbaycanda istehlak kreditlərinin ödəniş qrafiki demək olar ki, bütün hallarda annuitet ödənişi  əsasında hazırlanır. Annuitet ödənişi - fiziki şəxslərin kreditləşməsi zamanı istifadə olunan ən məşhur ödəniş növüdür. Bu kreditə görə borcların geri qaytarılmasını aylıq bərabər məbləğli ödəniş üsuludur, özündə həm hesablanmış faizi, həm də əsas məbləğ hissəsini əhatə edir. Onun özəlliyi ondadır ki, müddətin əvvəlində faizlərin məbləği daha böyükdür (onlar qabaqcadan ödənilir), əsas məbləğin ödənilən hissəsi isə az olur.

Əgər borcalan krediti vaxtından əvvəl ödəmək qərarına gəlsə, belə müəyyən olacaq ki, onun həmin ana qədər ödədiyi məbləğ daha çox faizin silinməsinə sərf olunub, əsas məbləğin isə çox cüzi bir hissəsi ödənilib, yəni borc faktiki olaraq azalmayacaq. Vaxtından əvvəl ödəniş olduqda borcalan tərəfindən qabaqcadan ödənilmiş faizlər bankın asan qazancına çevrilir.

Bəs bu ödənilmiş faizləri geri qaytarmaq olarmı? Azərbaycan praktikasında belə hallar müşahidə olunmur.

Banklarımız bunu onunla izah edir ki, kreditin vaxtından qabaq bağlanması bankda likvidlik artıqlığı problemi yaradır. Yəni bank müəyyən bir məbləği 18 aya vermişsə, həmin məbləğin hissə-hissə 18 ay ərzində qayıtması və müvafiq olaraq banka həmin aylara görə gəlir gətirməsi nəzərdə tutulmuşdur. Məbləğin banka vaxtından əvvəl qayıtması isə bankın  həmin məbləği yerləşdirməsi ilə bağlı əlavə xərclər yaradacaq, həm də bank hesablanmış mənfəətdən məhrum olacaq. Mövcud vəziyyəti kompensasiya etmək üçün isə banklarımız kreditin gecikdirilməsində olduğu kimi vaxtından əvvəl bağlanması zamanı da cərimə tətbiqinin tərəfdarıdır. Bəzən bu halda əlavə iki ayın faizi də müştəridən alınır, əgər xatırlatsaq anuitetin ilkin aylarında ödəniş tərkibində faiz hissəsi daha çoxdur, onda ödənilən məbləğ gərək ki, bankı razı salsın.

Deyilənlərdən belə nəticəyə gəlmək olar ki, annuitet daha çox banka sərf edən ödəniş növüdür, yəni hətta cərimə tətbiq olunmasa belə, vaxtından əvvəl ödəniş olduqda, bankın faiz itkiləri elə də çox olmur.

Dünya SAKİT,
“Yeni Müsavat”

Seçilən
9
musavat.com

1Mənbələr