AZ

Bu il ilk dəfə Qlobal İstiləşmə 1,5 dərəcəni keçəcək

Avropa İqlim Xidmətinin proqnozlarına görə, güclü istilik dalğaları və ölümcül fırtınalarla yadda qalan 2024-cü ilin müşahidə tarixində ən isti il olması "demək olar ki, dəqiqdir".

Gözlənilir ki, orta illik dünya temperaturu sənaye öncəsi dövr səviyyəsini 1,5°C-dən çox üstələyəcək və beləliklə, 2024-cü il bu simvolik həddi aşan ilk təqvim ili olacaq.

Bu yüksək temperatur əsasən insan fəaliyyətindən qaynaqlanan iqlim dəyişikliyi və həmçinin təbii amillərdən, məsələn, El Nino hava fenomeninin təsiri ilə əlaqədardır.

Alimlərin sözlərinə görə, bu, gələn həftə Azərbaycanda keçiriləcək BMT-nin COP29 İqlim Konfransı öncəsi həyəcan siqnalı olmalıdır

“Bu son məlumatlar COP-29-da hökumətlər üçün daha bir ciddi xəbərdarlıq olaraq, gələcək istiləşməni məhdudlaşdırmaq üçün təcili tədbirlərin qəbul edilməsinin zəruriliyini göstərir,” —Böyük Britaniya Meteorologiya Cəmiyyətinin baş direktoru Liz Bentley bildirib.

Qlobal temperatur 2024-cü ilin ilk 10 ayı ərzində o qədər yüksək olub ki, yalnız son iki ayda inanılmaz dərəcədə kəskin eniş yeni rekordun qoyulmasının qarşısını ala bilərdi. Əslində, Avropa İqlim Dəyişikliyi Xidməti «Kopernik»in məlumatlarına görə, 2024-cü ilin sənaye öncəsi dövrlə müqayisədə ən azı 1,55°C daha isti olması ehtimalı yüksəkdir.

«Sənaye öncəsi» dövr, təxminən insanların böyük miqdarda fosil yanacaq yandıraraq planeti əhəmiyyətli dərəcədə isitməyə başlamazdan əvvəlki dövr olan 1850–1900 illəri əhatə edir.

Proqnoz göstərir ki, 2024-cü ildə ötən il qoyulmuş 1,48°C-lik cari rekord keçilə bilər. «Bu, qlobal temperatur rekordları tarixində yeni bir mərhələdir», — “Kopernik”-in direktor müavini Samanta Berdcess bildirib.

“Kopernik”-in məlumatlarına görə, bu, təqvim ili ərzində istiləşmənin ilk dəfə 1,5 dərəcədən yuxarı qalxması olacaq.

Bu, simvolik xarakter daşıyacaq, çünki təxminən 200 ölkə 2015-ci ildə imzalanan Paris iqlim razılaşmasına əsasən, temperaturun uzunmüddətli artımını bu səviyyədə məhdudlaşdırmağa cəhd etməyi öhdəsinə götürüb və bununla iqlim dəyişikliyinin ən ciddi nəticələrindən bəzilərindən qaçmağa ümid edir.

Əgər 1,5°C həddi keçilərsə, bu, Paris hədəfinin pozulduğu anlamına gəlmir, çünki bu hədəf təbii dəyişkənliyi yumşaltmaq üçün təxminən 20 illik bir dövr ərzində orta temperaturla bağlıdır.

qarafik-1.jpg

statistika-1_1.jpg

Seçilən
62
ednews.net

1Mənbələr