AZ

Zəfər Günü: Milli qürurumuzun şərəfli səhifəsi

Azərbaycan xalqının tarixində 8 Noyabr Zəfər Günü ən parlaq səhifələrdən biridir. Hər il bu müqəddəs günü qürurla qeyd edərək, tarixi ədalətin bərpası uğrunda fədakarlıq göstərən şəhidlərimizi, canını bu torpaq uğrunda fəda edən qəhrəmanlarımızı dərin ehtiramla yad edirik. Bu zəfər, həm də bir xalqın bir yumruq kimi birləşərək irəliyə atılmasının, illərlə içində yığdığı həsrətin və əzminin təntənəsidir.

2020-ci il sentyabrın 27-də Ermənistanın ardıcıl təxribatları və yeni işğal planlarına qarşı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlayan Vətən müharibəsi, Azərbaycan xalqının iradəsini, ordumuzun qüdrətini bütün dünyaya nümayiş etdirdi. Bu zəfər yürüşündə hər bir əsgərimiz “geri dönmək yoxdur” deyərək, müqəddəs torpaqlarımızı işğaldan azad etmək üçün canını ortaya qoydu. Bu möhtəşəm qələbənin əldə olunmasında şəhidlərimizin misilsiz rolu vardır. Hər bir şəhid bu müqəddəs torpağın müdafiəsi üçün öz canını fəda etdi, onların fədakarlığı Azərbaycan xalqının tarixində ölümsüzləşdi. Onlar bizim milli qürurumuzun, vətən sevgimizin simvoludur.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev hər zaman vurğulayıb ki, torpaqlarımızın azad edilməsi Azərbaycanın dövlət siyasətinin ən müqəddəs məqsədidir. İlham Əliyev, ulu öndər Heydər Əliyevin əmanət qoyduğu bu tarixi missiyanı bütün qətiyyəti ilə həyata keçirərək, güclü ordu quruculuğunu, iqtisadi inkişafı və diplomatik üstünlüyü strateji hədəfə çevirdi. Məhz onun uzaqgörən siyasəti sayəsində Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Zəfər Günü, Azərbaycanın yalnız öz torpaqlarını azad etmək uğrunda apardığı haqq mübarizəsi deyil, eyni zamanda 30 il ərzində düşmən əsarətində qalan torpaqlarımıza, orada yaşanan əzablı illərə və dözümümüzə verilən ən böyük qiymətdir. Biz bu qələbəni sadəcə torpaqlarımızı geri qaytarmaqla yox, həm də öz şərəf və ləyaqətimizi bərpa etməklə qazandıq. Azərbaycan xalqı bu qələbə ilə göstərdi ki, onun torpaqları üzərində heç kimə haqsız iddialar etmək şansı tanınmayacaq. Bu, Azərbaycan xalqının suverenliyinə olan sarsılmaz iradənin təzahürüdür.

Müharibənin 44 günü ərzində Azərbaycan Ordusu hər gün irəliyə gedərək, hər bir şəhəri, kəndi düşmən əsarətindən azad etdi. Şuşa şəhərinin azad edilməsi bu zəfərin ən parlaq məqamı olaraq tarixdə qaldı. Ali Baş Komandanın rəhbərliyi altında həyata keçirilən “Dəmir Yumruq” əməliyyatı, düşmənin bütün planlarını darmadağın etdi. Bu əməliyyat çərçivəsində ordumuz bir-birinin ardınca 5 şəhər, 4 qəsəbə və 286 kəndi azad edərək, Ermənistanın illərlə yaratdığı hərbi mifin üzərində qalibiyyət bayrağını dalğalandırdı. Şəhidlərimizin müqəddəs ruhu qarşısında bu zəfər, Azərbaycanın hər bir oğlu və qızı üçün müqəddəs bir əmanətdir. Onları bizə göstərdi ki, hər qarış torpağımız Vətən sevgisi ilə sulanmış, xalqımızın iradəsi ilə toxunmuşdur. Azərbaycan Ordusunun hər bir əsgəri bu mübarizədə sarsılmaz əzm və cəsarət nümayiş etdirdi. Xalq və ordu birliyinin ən təsirli nümayişi, məhz bu zəfərin əldə edilməsində öz əksini tapdı. Hər bir şəhidin adı, hər bir qazinin xatirəsi bizim üçün unudulmazdır, çünki onlar bu torpağın qürurunun, azadlığının daşıyıcılarıdır.

Müharibə dövründə bütün dünya Azərbaycan xalqının dəmir iradəsini, haqq-ədalət uğrunda apardığı qətiyyətli mübarizəni gördü. Prezident İlham Əliyevin dediyi kimi, "Biz sülh istəyirik, lakin ədalətli sülh." Bu, Azərbaycanın həm hərbi, həm diplomatik sahədə əldə etdiyi uğurların nəticəsidir. Azərbaycanın əldə etdiyi bu hərbi qələbə, Prezident İlham Əliyevin zəfər paradında vurğuladığı kimi, yalnız bizim üçün deyil, beynəlxalq hüququn da qalibiyyəti oldu. Azərbaycanın dövlət suverenliyi tam təmin edildi, xalqımızın tarixi ədalət tələbi yerinə yetirildi. Zəfərdən sonra, şəhid ailələrinə, qazilərimizə genişmiqyaslı sosial dəstək paketləri həyata keçirilməyə başlandı. Dövlət tərəfindən şəhid ailələrinə, müharibə qazilərinə göstərilən diqqət və qayğı, Azərbaycanın öz qəhrəmanlarını unutmadığının göstəricisidir. Hər bir şəhid ailəsi bu xalqın şərəfinin və qürurunun daşıyıcısıdır. Azərbaycan xalqı hər zaman onların yanında olacaq, onların xatirəsini qəlbində yaşadacaqdır.

8 Noyabr Zəfər Günü hər bir azərbaycanlının qəlbində əbədi olaraq yaşayacaqdır. Bu gün, yalnız Azərbaycanın hərb tarixində deyil, həm də dünya tarixində xüsusi yer tutan bir zəfər günüdür. Azərbaycan Ordusunun XXI əsrdə yaratdığı bu qələbə təcrübəsi, dünyanın hərbi məktəblərində öyrənilən bir örnək halına gəlmişdir. Azərbaycan xalqı sülh və təhlükəsizliyin qarantı olaraq bölgədə güclü bir mövqeyə sahib olmuş, öz haqqını qorumaq əzmini bir daha göstərmişdir.

Azərbaycan iqtisadiyyatının bugünkü sabitliyi və yüksəlişi, Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi layihələrin uğurlu nəticəsidir. Dövlətimizin başçısının məqsədyönlü fəaliyyəti sayəsində Azərbaycan müstəqil xarici siyasət kursunu uğurla davam etdirir, öz iqtisadiyyatını tam təmin edir və kənar dəstəyə ehtiyacı yoxdur. Azərbaycanın dünya siyasətində əldə etdiyi nüfuz, sülh, sabitlik və iqtisadi əməkdaşlığa nail olmağı hədəfləyən təşəbbüslərini fəal şəkildə dəstəkləməsi ilə sübut olunur. Müstəqil siyasət yürüdə bilən dövlətlərin sayı dünya xəritəsində çox azdır, lakin Azərbaycan güclü iqtisadiyyatı, hərbi qüdrəti və xarici siyasəti ilə bu azsaylı dövlətlər arasında yer alır – bütün bunları biz Prezident İlham Əliyevin uzaqgörən siyasətinə borcluyuq.

İkinci Qarabağ müharibəsinin sona çatmasından cəmi dörd il keçməsinə baxmayaraq, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın şəxsi nəzarəti altında işğaldan azad edilmiş ərazilərdə möhtəşəm bərpa və yenidənqurma işləri aparılır. Azad edilən torpaqlarda sürətli və misilsiz transformasiya başlanıb, bu, həm miqyasına, həm də estetik gözəlliyinə görə Azərbaycan xalqının gələcəyinə olan dərin bağlılığın göstəricisidir. Qarabağ və Şərqi Zəngəzura dönüş artıq reallığa çevrilir, keçmiş məcburi köçkünlər doğma şəhərlərinə və kəndlərinə qayıdır və Zəfər Gününü yeni tikilmiş evlərində, öz torpaqlarında qeyd edirlər. Bu dönüş, Azərbaycanın milli qürurunu təcəssüm etdirən bir hadisədir və bu böyük uğur hər bir azərbaycanlının yaddaşında əbədi iz buraxır.

Prezident cənab İlham Əliyev həm geosiyasi, həm də geoiqtisadi mənada ölkəmizin regionda mütləq liderliyini təsdiq edərək, Cənubi Qafqazda tamamilə yeni bir reallıq yaratmışdır. Bu gün dünya Şərqdən Qərbə və əks istiqamətdə daşınacaq tranzit yüklərin ölkəmizdən keçən Orta dəhlizin vacibliyini vurğulayır. Bu marşrutun ən mühüm komponenti olan Zəngəzur dəhlizi, Azərbaycanın Avrasiyanın ən böyük tranzit mərkəzlərindən birinə çevrilməsini təmin edəcəkdir. Bu, Azərbaycanın dünya iqtisadiyyatı və geosiyasətində strateji mövqeyini daha da möhkəmləndirəcək, ölkəmizi davamlı inkişaf və tərəqqiyə aparacaq əhəmiyyətli bir addımdır.

Bu gün Azərbaycan və Türkiyə arasındakı strateji tərəfdaşlıq əlaqələri, bölgədə sülhün və təhlükəsizliyin təminatı kimi möhkəmlənmişdir. Azərbaycan və Türkiyə, Zəfər Günündə bir daha bir yumruq kimi birləşərək dostluğun və qardaşlığın ən ali səviyyəsini nümayiş etdirdilər. Azərbaycan xalqı bu möhtəşəm qələbə ilə sülhə, ədalətə və gələcək nəsillərə parlaq bir miras qoydu.

Azərbaycan xalqı şəhidlərimizın və qazilərimizın qəhrəmanlığını, fədakarlığını heç vaxt unutmayacaqdır. Bu torpaq, onların tökülən qanları ilə müqəddəsləşmişdir, vətən sevgisi onların qəlbindən bu torpağın hər qarışına hopmuşdur. Azərbaycan xalqı sizin yolunuzda addımlayaraq bu qüruru gələcək nəsillərə ötürəcək, bu müqəddəs zəfəri əbədi yaşadacaqdır.

Ölkəmiz bu gün qeyri-mümkün görünən layihələri və təşəbbüsləri həyata keçirərək yeni bir dövrə qədəm qoyur. Müstəqil, güclü, suveren bir dövlətin vətəndaşı olmaq hər bir azərbaycanlı üçün böyük fəxr və qürur mənbəyidir. Biz bu Zəfər Günü ilə bir daha milli birliyimizi, əzmkarlığımızı və tarixi ədalətin bərpası üçün göstərilən sarsılmaz iradəni qeyd edirik. Bu zəfər, Azərbaycanın yalnız hərbi qüdrətini deyil, həm də öz taleyinə sahib çıxma iradəsini və ədalət uğrunda mübarizədəki gücünü dünyaya nümayiş etdirdi. Azərbaycanın gələcəyinə inamla baxdığımız bu günlərdə, Zəfərimiz mübarək olsun!

Hicran Hüseynova,

Milli Məclisin Komitə sədri, professor

 

 

Seçilən
20
1
sabahinfo.az

2Mənbələr