AZ

Tariximizin ən parlaq səhifəsi

Misir MƏRDANOV,
ETN Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü

Cənubi Qafqazın geosiyasətində ciddi dəyişikliyə səbəb olmuş, xalqımızı qalib xalqa, ordumuzu müzəffər orduya çevirmiş 44 günlük şərəfli tariximizin ən parlaq səhifəsi olan Zəfər Günü ilə əlaqədar yazımı bir xatirə ilə başlamaq istəyirəm. Bu hadisə 2003-cü il aprelin 21-də keçmiş Respublika (indiki Heydər Əliyev) sarayında olmuşdu. Həmin axşam orada Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılmasının 30 illiyi ilə bağlı təntənəli mərasim keçirilirdi. Zalın əksəriyyəti həmin liseyin kursantları və məzunları idi, hökumət adamları kimi Təhsil naziri olduğumdan mən də orada iştirak edirdim. Yaxşı xatırlayıram ki, televiziya kanallarında canlı transilyasiya edilən bu tədbirdə Ulu Öndər tribunada çıxış edərkən birdən ürəyini tutaraq bir neçə kəlmə dedi və yıxıldı. Onun yıxılması bütün sarayı ayağa qaldırdı, salonda hamının sanki xorla dediyi dərin bir “ah” eşidildi. Hamı səhnəyə qaçıb nə isə kömək etmək istəsə də, təbii ki, yalnız mühafizə xidmətinin əməkdaşlarını oraya buraxdılar. Həmin dəqiqə televiziya verilişi dayandırıldı və 20 dəqiqəlik fasilə elan edildi. Gözlərimizin qarşısında bu məğrur insanı qolundan tutub səhnənin arxasına apardılar, sonradan bildik ki, xərək gətirib rahat aparmaq istəsələr də, canından çox mənliyinin, şəxsiyyətinin təəssübünü çəkən Ulu öndər razılaşmayıb, öz ayağı ilə getmək istəyib.

Səhnə arxasında həkimlər ilkin müayinədən sonra təcili uzanıqlı vəziyyətdə xəstəxanaya aparılmalı olduğunu deyiblər, razılaşmayıb. “Mənim sözüm yarımçıq qaldı, belə şey heç vaxt olmayıb, ola da bilməz!”,–deyərək səhnəyə qayıdacağını bildirib. Qalstukunu, pencəyini sahmana salandan sonra tribunaya qayıtdı. Həmin anlar gözümün önündən getmir. Bir də gördük ki, Heydər Əliyev əzəmətlə tribunaya doğru addımlayır, bayaqdan keçirdiyimiz stressdən, həyəcandan idi, yoxsa başqa səbəbi də var idi, dəqiq bilmirəm, ancaq elə bərk alqış sədaları ucaldı ki, bəlkə də 30 illik tarixi ərzində o sarayda belə gurultulu alqışlar olmamışdı.

Ancaq qısa çıxışdan sonra həmin hadisə təkrar oldu və bu dəfə mühafizəçilər vaxtında müdaxilə edərək onu yıxılmağa qoymadılar. Sonradan məlum oldu ki, Ulu öndər yıxılarkən onun bir neçə qabırğası sınıbmış. Şahidlər danışırdılar ki, həkimlər onun qarşısında diz çöküb yalvarıblar: ”Cənab Prezident, ayağa qalxmaq qəti olmaz, icazə verin Sizi birbaşa xəstəxanaya aparaq.” Yaxın adamlara vəziyyətin kritik olduğunu izah edən həkimlər onlardan da xahiş ediblər ki, onu dərhal xəstəxanaya aparmağa razı salsınlar. Ancaq deyilən bütün sözlər onu fikrindən döndərə bilməyib: “Bəlkə də başqa tərkibdə iştirakçılar olsaydı, siz deyənə qulaq asardım. Ali Baş Komandan gənc kursantların önündə yıxılıb səhnədən çıxa bilməz! Səhnəyə qayıdıram!”

Və qayıtdı da, qabırğaları sınmış, dəhşətli ağrının əzablarına dözə-dözə, bunu heç kəsə hiss etdirmədən, bir qədər asta addımlarla, ancaq yenə də şux yerişlə qayıtdı... Qayıtdı ki, kursantlar onu ayaq üstdə, ölümə də, ağrıya da, əzablara da qalib gəlməyi bacaran Ali Baş Komandan kimi yadda saxlasınlar! Qayıtdı ki, şərəfli bir ömrün son akkordları da ləyaqətli olsun! Qayıtdı ki, ömrünü həsr etdiyi xalqına son dualarını desin: “...Qoy çaylarımız qurumasın! Qoy ağaclarımız kəsilməsin! Qoy çırağımız sönməsin!..”

Dünyanın hər üzünü görmüş, heç kəsin önündə əyilməmiş, şərəfli bir ömür yaşamış cəsur və qəhrəman insan başqa qərar qəbul edə bilməzdi. Kimin ömründə yalnız ləyaqət və dəyanət qərar tutursa, onun qərarı belə də olmalıydı. Əgər o, həkimlərin məsləhətinə qulaq assaydı, xərəkdə uzanıb xəstəxanaya getməyə razılıq versəydi, tribunaya qayıtmasaydı bəlkə də bir qədər artıq yaşayardı, ancaq həmin Heydər Əliyev olmazdı. Onu milyonlardan fərqləndirən əsas keyfiyyət də bu idi–ölümün gözünün içinə dik baxmaq, həyatdan da üstün olan dəyərləri görmək və onları düzgün qiymətləndirmək! O, dünyaya Heydər Əliyev kimi gəlmişdi, Heydər Əliyev kimi də getməliydi.

Bu gün xeyli zaman ötdükdən sonra həmin müdhiş günü xatırlayaraq düşünürəm ki, əgər Heydər Əliyev onda kursantların qarşısına qayıtmasaydı, bəlkə də biz 44 günlük müharibədə qalib gələ bilməzdik. Əgər həmin tarixi jesti ilə gənclərə cəsarət, mərdlik, vətənpərvərlik, ölümə də meydan oxumaq dərsi keçməsəydi, onların sırasında Polad Həşimov kimi yüzlərlə igid, Vətən yolunda hər şeyə hazır qəhrəman yetişməzdi. Həmin yenilməzlik ruhu Azərbaycan Ordusunun qanına, canına hopmazdı, biz o igidlərə güvənib haqq savaşına qalxa bilməzdik və 17 il sonra həmin möhtəşəm qələbəni qazanmazdıq!

Bəli, Azərbaycanın İkinci Qarabağ, 44 günlük Vətən müharibəsi zamanı möhtəşəm Qələbə qazanması, uzun illərdən bəri Ermənistanın işğalı altında olan tarixi torpaqlarımızın azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpası, heç şübhəsiz, xalqımızın çoxəsirlik dövlətçilik tarixinin ən şərəfli səhifələrindən biridir. Həmçinin bu qələbə qonşusunun torpağına göz dikən, xalqımızın humanistliyindən, qonaqpərvərliyindən, etimadından, etibarından sui-istifadə edən ermənilərin iç üzünü, əsl simasını dünyaya bir daha göstərdi. Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı çoxəsrlik tarixinə daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı.

Ən əsası odur ki, bu müharibədə bütün xalq öz rəhbəri ətrafında bir yumruq kimi sıx birləşdi. Qələbəyə doğru inamla irəliləyən qorxmaz, cəsur əsgərlərimiz düşmənin işğal olunmuş torpaqlarımızdakı hərbi hissələrini, istehkamlarını, ön xətt mövqelərini, döyüş texnikalarını və infrastrukturunu, canlı qüvvəsini, cəbhənin dərinliyindəki atəş nöqtələrini, bazalarını darmadağın etdi, kəndlərimizi, strateji yüksəklikləri azad etdi. Azərbaycan torpaqları qarış-qarış, kənd-kənd işğaldan azad edildi. Uzun illərdən sonra doğma torpaqlarımızda yenidən üçrəngli aylı-ulduzlu bayrağımız ucaldıldı. Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki şanlı qələbəsindən dörd il ötür. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından azad edilməsi müharibənin taleyində həlledici rol oynamış, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələnmişdir.

Bir Azərbaycan vətəndaşı kimi qürur duyduğum bu qələbənin həsrətini uzun illər boyu gözlədiyimi bildirmək istəyirəm. Şükür olsun Ulu Tanrıya ki, bu günləri görmək, Vətən torpaqlarının düşmən tapdağından azad olduğunun şahidi olmaq xoşbəxtliyi mənə qismət oldu. Hər zaman düşünürdüm ki, 80-ci illərin sonlarında başlanan iddialarla torpaqlarımızı işğal edən, bir milyona yaxın soydaşımızı doğma yurd-yuvasından didərgin salan ermənilərin bu vəhşiliyi həyata keçirməsində bizim nəslin günahı var və torpaqlar geri alınmasa biz dünyadan xəcalətli gedəcəyik. Şükür Allaha ki, elə bizim nəslin yetişdirdiyi oğullar, bu işğalı yaddaşlardan silməyə çalışan müxtəlif qüvvələrin oyunlarına, vaxt uzatmasına, təxribatlarına baxmayaraq, Vətən nisgilini unutmadılar, daim ürəklərində yaşatdılar və imkan düşən kimi bu intiqamı aldılar. Bir vətəndaş kimi hesab edirəm ki, bütün məktəblərin giriş qapılarında, sinif otaqlarında vurulan “Qarabağı unutma!” plakatlarının, düşmən tapdağında qalan rayonların işğal tarixini göstərən cədvəllərin, müəllimlərimizin bu barədə söhbətlərinin, vaxtaşırı keçirilən tədbirlərin də bu zəfərdə öz payı vardır. Azərbaycan xalqının ötən müddət ərzində işğalla barışmaması və ərazi bütövlüyünü bərpa etmək üçün sarsılmaz əzm göstərməsi əsas amil idi.

Ordusunda fərariliyin baş alıb getdiyi Ermənistandan fərqli olaraq Azərbaycanda gənclərimizin Vətəni qorumaq üçün hər cür fədakarlığa hazır olduqlarını dönə-dönə sübut etməsi bizə nikbinlik verirdi. Yaxşı xatırlayıram ki, hələ 2020-ci ilin yazında və yayında cəbhədə ermənilərin törətdiyi təxribatlara gənclərimiz sərt reaksiya verərək Bakıda, digər şəhər və rayonlarda kütləvi mitinqlər keçirdilər, cəbhəyə getmək arzusunda olduqlarını bildirirdilər. Unuda bilmirəm ki, 27 sentyabrda döyüşlər başlanan gündən Səfərbərlik və hərbi xidmətə çağırış idarələrinin qarşısında uzun-uzadı növbələr olardı, hamı orduya qoşulmaq, düşməni torpaqlarımızdan qovmaq haqqında düşünürdü, heç kəs yaralana, yaxud şəhid ola biləcəyini ağlına belə gətirmirdi.

Bir dəfə belə məntəqələrin birinin yanında uşaqlarla söhbət etmək üçün maşını saxlayıb düşdüm, doğrusu, onların düşüncələrinə, əqidələrinə, fədakarlıqlarına, bunların cəmi olan vətənpərvərliklərinə heyran qaldım. Aralarında hərbi xidmətə yaşı çatmayanlar da var idi, yaşı xeyli ötmüşlər də. Bəziləri “anamız eşitsə, razı olmaya bilər”, deyərək evdə valideynlərinə deməmiş gəlmişdilər, “oradan zəng edib deyəcəyəm”,–söyləyirdilər. Elə oradaca əmin oldum ki, belə oğulları olan xalq mütləq qələbə qazanacaq, hərçənd ki, Zəfər Gününə hələ bir aydan artıq vaxt qalırdı...

90-cı illərin əvvəllərində Azərbaycanda müstəqllik uğrunda gedən siyasi mübarizələrin fonunda ermənilərin xəyanətkarcasına torpaqlarımızı işğal etdiyi günləri, ondan sonra baş verənləri də yaxşı xatırlayıram. Ölkəmiz 30 ilə yaxın müddətdə ərazisinin 20 faizini işğal edən Ermənistanla danışıqlar apararaq münaqişəni sülh yolu ilə nizamlamağa çalışdı. Danışıqlar heç bir nəticə vermədi, əksinə, aydın şəkildə müşahidə edildi ki, Ermənistan tərəfi, sadəcə olaraq, vaxt udmaq istəyir, status-kvonu möhkəmləndirməyə, əbədi etməyə çalışır. Azərbaycan işğalla barışa bilməzdi və barışmadı. Həmin illərdə ümummilli lider Heydər Əliyev uzaqgörənlilik və müdrikliklə Azərbaycanın hərtərəfli inkişafı, siyasi və iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi üçün böyük işlər gördü, sağlam təməllər yaratdı.

Sonralar bu yolu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkənin ərazi bütövlüyünün bərpası üçün, ilk növbədə, iqtisadi gücün vacibliyini bəyan etdi. Düzgün strategiya və düşünülmüş məqsədyönlü siyasət nəticəsində Azərbaycan güc toplamağa başladı, iqtisadi müstəqillik təmin edildi, Azərbaycan iqtisadi cəhətdən heç kimdən, heç bir ölkədən, heç bir beynəlxalq maliyyə qurumundan asılı olmayan müasir dövlətə çevrildi, dünya üçün çox nadir inkişaf modelini yaratdı. Ölkənin iqtisadi cəhətdən yüksəlişi ordu quruculuğunda da dönüşə səbəb oldu, Azərbaycan Ordusunun arsenalı ən müasir silah və hərbi texnika ilə gücləndirildi, hərbçilərin bilik və bacarıqları artırıldı, onların sosial müdafiəsinin, iş şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atıldı. Azərbaycanın müdafiə sənayesi inkişaf etdirildi, ordunun tələbatının böyük hissəsi daxili istehsal hesabına təmin olundu, Azərbaycan 1000-dən çox adda hərbi təyinatlı məhsullar istehsal etməyə başladı və ən müasir silahların ixracatçısına çevrildi. Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyəti Azadlıq meydanında dəfələrlə keçirilmiş hərbi paradlarda bütün dünyaya nümayiş etdirildi. Ötən dövr ərzində çoxşaxəli, prinsipial, dürüst xarici siyasətin yürüdülməsi, beynəlxalq təşkilatlarla və xarici dövlətlərlə fəal işin aparılması, sıx əlaqələrin qurulması, həyata keçirilən regional enerji və kommunikasiya layihələri Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini xeyli gücləndirdi, ölkənin nüfuzunu artırdı, bölgədə Azərbaycanın iradəsi həlledici amilə çevrildi.

Bütün bu amillər Azərbaycanın mütləq Qələbəsini tam şərtləndirdi və onun əldə edilməsini zaman məsələsinə çevirdi.

Azərbaycan dəfələrlə Ermənistanı işğal etdiyi ərazisini geri qaytarmağa çağırdı, Ermənistan nəinki bu çağırışlara məhəl qoymadı, əksinə, yeni Azərbaycan torpaqlarını işğal etməyə həvəsləndi, ardıcıl hərbi təxribatlar törətmək yolunu seçdi. Ermənistan danışıqlar prosesinin formatını və məzmununu pozmaqla, danışıqların imitasiyasını aparmaqla, BMT TŞ-nın qətnamə və qərarlarını icra etməməklə sülh tərəfdarı olmadığını açıq şəkildə ortaya qoydu. Ermənistanın baş naziri Nikol Paşinyanın 2019-cu il avqustun 5-də Xankəndidə “Qarabağ Ermənistandır və nöqtə” açıqlaması Ermənistanın işğalçılıq siyasətinin ən bariz etiraflarından birinə çevrildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-cu il oktyabrın 3-də “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında çıxışı zamanı Nikol Paşinyanın bu bəyanatına “Qarabağ Azərbaycandır və nida işarəsi” deməklə ölkəmizin mövqeyni açıqlıqla ortaya qoydu: “Sən bizim sülh çağırışlarımızı qəbul etmirsənsə, biz bu münaqişəni hərbi yolla da həll edə bilərik!”

Beləliklə, Ermənistan hərbi birləşmələrinin 4 il ərzində tədricən işğal etdiyi və 30 ilə yaxın dövr ərzində işğalda saxlayaraq ərazisində güclü hərbi istehkamlar, maneələr, müdafiə xətləri qurduğu Azərbaycan torpaqları 44 gün ərzində azad edildi. Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olundu, Ermənistan–Azərbaycan münaqişəsi tarixə çevrildi.

Bu gün Vətən müharibəsi Azərbaycan xalqının Qarabağ həsrətinə son qoyub, işğaldan azad edilmiş ərazilərdə ən müasir standartlarla bərpa və yenidənqurma işlərinə başlanılıb, Qarabağa həyat qayıdıb...

...Bu yaxınlarda iki günlük asudə vaxtım var idi. Çoxdan arzusunda olduğum yerlərə, doğma Qarabağa getmək, düşmən tapdağından azad edilmiş torpaqlarımızda aparılan yüksək keyfiyyətli abadlıq işlərini gözlərimlə görmək istəyi məni iki günü necə keçirmək haqqında çox düşündürmədi... Ömrümün bu iki günü ən dəyərli məqamlar kimi yaddaşıma yazıldı. İlk qədəm basdığım yer Füzuli rayonu idi. Yerli camaat zarafatla Füzuliyə “Nyu-Füzuli” deyir, geniş küçələr, planlı və zövqlü tikililər, bir-birindən aralı inşa edilmiş yeddimərtəbəli gözəl binalar, parklar, meydanlar, marketlər, otellər bu zarafatı gerçəkləşdirir. Bir gerçəklik də budur ki, ermənilər viran qoyduqları bu şəhərin adını da dəyişdirmişdilər-əməllərinə uyğun “Varanda” adlandırmışdılar. “Varanda” elə viran sözünə bənzəyir, Nyu-Füzuli Nyu-Yorka, Nyu-Parisə, Nyu-Cersiyə bənzədiyi kimi. Bu gün bizim qapılarımız qonaqların üzünə açıqdır, xarici ölkələrin səfirləri, dövlət adamları, mədəniyyət xadimləri, jurnalistlər ürək açıqlığı ilə Füzuliyə dəvət olunur, aparılan quruculuq işləri onlara nümayiş etdirilir. Ancaq 30 il ərzində “konyak dostları” istisna olmaqla ermənilər bu yerlərə bir nəfər də qonaq dəvət etmirdilər. Cənab İlham Əliyev bu barədə dəqiq deyib: “Biz uzun illər Qarabağ dərdimizin həqiqətlərini dünya birliyinin diqqətinə çatdırmağa çalışanda bəziləri inanmırdı, elələri də var idi ki, inanmaq istəmirdi. İşğalçı dövlət heç kimi o vaxt bu bölgəyə buraxmırdı, qadağan etmişdi. Çünki buraya gələn hər bir insan görəcəkdi, erməni vəhşiliyi nədən ibarətdir”.

Burada bir həqiqət də belədir ki, Dədə Qorqud demişkən, gərək torpağı doğma hesab edəsən ki, əkəsən, qoruyasan ki, əkə biləsən, əkəsən ki, qorumağa nəyinsə olsun! Biz bu torpaqların sahibi olduğumuza görə onu abadlaşdırmağa belə həvəsliyik, erməni 30 ildə bir daşı da o biri daşın üstünə qoymadı, əksinə, daşı daş üstdə saxlamadı, olanları da vəhşicəsinə dağıtdı, viran qoydu. Çünki doğma yeri deyildi, özgə yurdu idi, təhtəlşüurla dərk edirdi ki, nə vaxtsa bu torpaqların əsl sahibləri qayıdacaqlar. Belə də oldu...

Bu gözəllikləri yaradan insanların şövq ilə, böyük sevgi ilə tikdikləri Füzuli həm də bir inşaat meydançasına bənzəyir. Dünyanın ən müasir avadanlıqlarının, texnikalarının, müxtəlif növ maşınların cəlb edildiyi bu meydançanın başqa yerlərdən bir üstünlüyü var-burada insanlar tükənməz həvəslə, 30 illik həsrətdən sonra qovuşduqları doğma yurda məhəbbətlə çalışırlar. Deyirlər ki, əgər aşpaz bişirdiyi yeməyə öz məhəbbətini, sevgisini qatmasa hazırladığı o qədər də dadlı olmaz. İnşaat işi də belədir, əgər usta daşı o biri daşın üstünə məhəbbətlə qoyarsa, tikdiyi bina yaraşıqlı alınar. Bir-birindən gözəl 7 mərtəbəli binaların cərgəsində maşını saxladım, tikinti gedən mərtəbəyə qalxdım, otağa pəncərə quraşdıran ustaya yaxınlaşıb cavabını bildiyim sualı verdim:

–Yorulmayasınız, usta. Bayaqdan kənardan dayanıb baxıram, pəncərəni bir neçə dəfə götürüb, ölçüb-biçib yenidən qoyursunuz, bezmədiniz? Elə bil öz evinizin pəncərəsidir.

Usta deyəsən məni tanıdı:

–Xoş gəlmisiniz, Misir müəllim. Bu tikilən ev mənim evimdən irəlidir. Biz 30 il həsrət qaldığımız Füzulini tikirik, belə də olmalıdır. Dost üçün tikilən ev ayrıdır, düşmən üçün tikilən ayrı. Bir də var, həm dost üçün, həm də düşmən üçün tikirsən. Doğmalar üçün tikirsən, çalışırsan ki, yaxşı alınsın, gəlib içində rahat yaşasınlar, bir yandan da düşmənlərin açığına tikirsən, düşmən də, onun zurna tutanları da gələndə görsünlər ki, onların xaraba qoyduqları yerlər necə gözəl bir məkana çevrilə bilərmiş.

Ustanın dedikləri məni əməlli-başlı fərəhləndirdi. Bu maraqlı və ürəkdən çalışan adamın əslən Füzulidən olduğunu düşündüm:

–Nə yaxşı, ay usta, özünüz Füzulidənsiz?

–Yox, ay Misir müəllim! Burada haralı olmaq məsələsi yadımızdan çıxıb. Şəhidlərimizin qanı ilə alınmış yerlərdə başqa cür ola bilməz. Biz qalib xalqıq! Burada biz özümüzün doğulduğu yerə görə yox, qələbənin doğulduğu yerə görə həmvətənik. Əgər bizdən çox cavan olanlar bu torpaq uğrunda can qoyublarsa, biz də bu işimizə can qoymalıyıq. Ona görə Füzuli də, Ağdam da, Şuşa da, Zəngilan da belə gözəl alınacaq. Biz bir-birimizə söz vermişik, “işinə haram qatana şəhidlərin ruhu qənim olsun!” demişik. Axıra qədər də belə çalışacağıq.

–Halal olsun, ay usta!–deyib ayrıldım.

Füzulidə məni ən çox heyrətləndirən və məftun edən amillərdən biri də “Yaşıl” texnologiyaların və "ağıllı'' sistemlərin tətbiqi idi. Qlobal çağırışlara və müasir inkişaf tendensiyalarına uyğun aparılan bu işlər Füzulini (və bütün Şərqi Zəngəzuru) dünyanın cənnət guşələrindən birinə çevirən əsas səbəblərdəndir. Mən yaşda olan insanlar üçün son model mobil telefonlar kimi bir az qəribə, bir az da anlaşılmaz görünən “ağıllı” kəndlər bizi 80-ci illərin “sovet kolxozlarından” birbaşa XXI əsrin Yaponiyasına, İsveçrəsinə ekskursiyaya apardı. Haqqında çox oxumuşdum, televiziyada, sosial şəbəkələrdə görmüşdüm, ancaq əyani şahidi olmaq başqa aləm oldu. Müharibənin vəhşiliklərinin cəmi dörd il ərzində belə bir əfsanəyə çevriləcəyini adam öz gözləri ilə görəndə inana bilmir, oxuyanda, eşidəndə necə inansın?!

“Qarabağın dünyaya açılan hava qapısı” adlandırılan Füzuli Hava Limanına baxmasaydım olmazdı. İnanmaq olmur ki, 30 ilin xarabalıqları üzərində bir ildən də az müddətdə inşa edilib istifadəyə verilən bu “möcüzə”nin ərazisi bir az əvvəl Azərbaycan igidlərinin yağı düşmənin başını əzən döyüş meydanı idi. Buna da inanmaq olmur ki, ən müasir texnologiyalara uyğun baqaj konveyerləri, qeydiyyat sistemi, VIP zallar, mağazalar, restoranlar və digər zəruri məntəqələr, uzunluğu 3000 metr, eni 60 metr olan uçuş-enmə zolağı olan bu ərazidən 1200-dən artıq mina təmizlənib. Bircə Füzuli aeroportu ölkəmizin siyasi-hərbi və iqtisadi qüdrətinin nə qədər möhtəşəm olduğunun daha bir təsdiqidir. Bəlkə də dünyanın heç bir yerində belə qısa müddətdə hava limanı inşa edilməyib. Bu gözəllikləri, möhtəşəmliyi görmək üçün, necə deyərlər, adam iki göz istəyir, tamaşa eləsin. Bərəkətli torpaqlar 3 il bundan əvvəl əkilmiş şitilləri, toxumları boylu-buxunlu ağaclara çevirib, Füzuli hava limanı da, Zəfər yoluna gedən magistral da yaşıllıqlar arasında cənnətin bir guşəsinə bənzəyir.

Qarabağa gəlib Zəfər yolu ilə Şuşaya getməmək, bu əfsanələr yurdunu görməmək qəbahət olardı, – deyə Azərbaycanın mədəniyyət paytaxtına yol aldım. Bu füsunkar torpağı yeni qiyafədə görməkdən çox məmnun oldum. Qalanın üstündə yazılmış “Şuşa” sözü erməni əlifbasına bənzədilmiş kiril hərfləri ilə deyildi, Cıdır düzündən beynəlxalq mədəniyyət tədbirlərinin ətri, Şuşa dağlarından isə bir əks-səda səsi gəlirdi: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtdıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!”

Surətlə dirçəldilən Şuşada qaldığımız oteli öz xidmət mədəniyyətinə, səliqə-səhmanına, müasir dizaynına, rahatlığına görə dünyanın ən yaxşı otelləri ilə müqayisə etmək olardı. Yuxarı Gövhərağa məscidi Qafqazın ən möhtəşəm ibadət yerlərindən biridir. Yenidən qurularaq qiyafəsini surətlə dəyişən Şuşanın tarixi abidələrinin bərpasını, Azərbaycanın böyük şairi Molla Pənah Vaqifin yeni məqbərəsini, Mamayı məscidinin, Şirinsu hamamının əsaslı təmirdən sonra açılışını görmək qismətimə düşdüyünə görə, taleyimə minnətdaram. Gördüm ki, Şuşada bir-birindən yaraşıqlı dörd mehmanxana fəaliyyət göstərir, Mehmandarov məscidi və Mehmandarovun evi bərpa edilib. Şahid oldum, qürur hissi keçirdim ki, Şuşa müasir şəhərsalma qaydalarına uyğun yenidən qurulur, dirçəlir. Ulu öndər demişdir ki, “Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir”. Bu həqiqətə bir daha əmin oldum.

Mən bir həqiqəti də demək istəyirəm ki, tutduğum vəzifə ilə əlaqədar dünyanın 50-yə yaxın ölkəsində olmuşam, çox vaxt nümayəndə heyətinin rəhbəri kimi getdiyim bu səfərlərdə oranın rəsmi şəxsləri məni ölkələrinin ən görməli yerlərinə aparırdılar. Yunanıstanın Santorini adasından Yaponiyanın Hitaçi Milli Parkına, İtaliyanın Venesiya şəhərindən İsveçrənin Lucerne gölünə kimi dünyanın ən yaraşıqlı, bəşər övladının heç olmasa bir dəfə görməli olduğu gözəl məkanlar kimi beynəlxalq turizm kataloqlarına salınmış yerləri görmüşəm, heç biri Şuşa kimi deyil. Məni qınamayın, elə təsəvvür yaranmasın ki, subyektiv mülahizə yürüdürəm, yaxud doğmalıq mənə bu yerləri belə füsunkar göstərir. Yox! Həqiqətən, incə bir zövq ilə inşa edilən yeni Şuşanin dizaynı ilə təbiətin ahəngi böyük bir möcüzə yaratmışdır. Gördüyüm yerlərdə təbiətin gözəlliyi insanların müdaxiləsi olmadan təqdim edilir, insanların yaratdığı şedevrlərdə isə belə təbii gözəllik yoxdur.

Oradan igidlər yurdu Laçına yollandım. İndi günbəgün gözəlləşən, yeni sima alan Laçını da Azərbaycanın bir-birindən yaraşıqlı rayonları, şəhərləri ilə bir sıraya qoymaq olmur. Burada böyük işlər görülür. Laçında tikilən evlər, məktəblər, su elektrik stansiyaları, salınan yollar, körpülər elə bil 30 illik boşluğu doldurmağa hesablanmışdır: Surətlə, keyfiyyətlə və müasir!

Mən burada da insanlarla söhbət zamanı torpağa bağlılığa, vətənə sevgiyə heyrət etdim. İnsanlar sidq-ürəkdən çalışırlar, məskunlaşan sakinlərin hamısı işlə təmin edilib, hələ yüzlərlə peşə üzrə ustaları yeni gələnlərin arasından gözləyirlər. Heç kəs hansı şəhərinsə xiffətini çəkmir, doğma yurdun havasına, suyuna illərlə həsrət qalanlar doğmalıq şərbətini ciyərlərinə doldururlar.

Qısa müddətdə Zabuxda evlər və digər obyektlər inşa olunub, yollar abadlaşdırılıb, əhalinin istirahəti üçün parklar salınıb. Kəndin mərkəzindən keçən çayın üzərində körpü inşa olunub. İndi gündüzləri mənzərəsi ilə seçilən kənd gecələri işıq saçan gözəlliyi ilə diqqət çəkir.

Zabuxu görəndə yenə yadıma İsveçrə, onun dünya şöhrətli kurort şəhəri İnterlaken düşdü. Mənim fikrimcə, Zabux çayının hər iki sahilində səliqə ilə inşa edilmiş qırmızı damlı evlər və təbiətin bu gözəlliklə harmoniyası İnterlakeni kölgədə qoyur. Şübhə etmirəm ki, iki-üç ilin ərzində bu möcüzəni yaradanlar yaxın illərdə bütün Qarabağda və Şərqi Zəngəzurda elə bir cənnət quracaqlar ki, təkcə Azərbaycandan uzaqlarda istirahət yeri axtaran həmvətənlərimiz deyil, gözəlliyə, təmiz havaya, qüsursuz təbiətə və saf insanlara dəyər verməyi bacaran dünyanın bütün turizm həvəskarları axışıb bura gələcəklər. O günlər uzaqda deyil...

...Laçından Kəlbəcərə gedən yol hələlik (dedilər ki, tunellər çəkilib qurtarandan sonra aşırımlar öz funksiyasını itirəcək) sərt aşırımlardan, dolaylardan keçir. Belə aşırımları heç yerdə görmək mümkün deyil. Uca-uca dağları aşdıqca sanki nağıllar aləminə düşürsən. Bəlkə də ilin ən gözəl vaxtıdır deyə düşünəndə yerli sakinlərdən biri dedi ki, Laçının hər fəsli, hər ayı gözəldir. Qışda qarlı dağlar, bəyaz ağaclar, payızda bərəkətli meşələr, yazda yaşıl talalar, düzlər.

Bu bir-birindən gözəl səhifələri olan kitaba bənzər günlərin tarixi isə 2020-ci il noyabrın 8-də qoyulub. Bütün dünyaya xalqın qəhrəmanlığını, ordunun qüdrətini, Ali Baş Komandanın müzəffərliyini sübut edən 44 günlük şərəf salnaməsi ilə! Bir riyaziyyatçı kimi hərdən düşünürəm ki, həndəsənin atası hesab edilən Pifaqorun yaratdığı numerologiya elmində rəqəmlərin mistikası haqqında yürüdülən mülahizələrdə bir həqiqət varmı? 8 Noyabr tarixindəki 8 rəqəminin iki 4-dən ibarət olması, 2020-ci ildəki 2 rəqəmlərinin də 4-ə bərabər olması, 44 rəqəminin qanunauyğunluğuna əsas verirmi? Pifaqor deyirdi ki, rəqəmlər hər bir yaradılışın səbəbini, onun həyatda missiyasını, taleyini ifadə edir. Müasir tariximizdə 44 rəqəmi bizim üçün sonsuz qürur, böyük Qələbə, Zəfər rəmzinə çevrilib. Pifaqor rəqəmləri təhlil edərkən 44 rəqəmini güc və sabitlik simvolu kimi göstərir. Qoy Azərbaycanımız həmişə güclü, sabit və firavan olsun!

 

Seçilən
15
xalqqazeti.az

1Mənbələr