ABŞ-nın yeni prezidenti Donald Tramp seçkilərə hazırlıq ərəfəsində bildirmişdi ki, prezident seçkilərində qalib gəlsə, Ukraynada hərbi əməliyyatların dayandırılmasına nail olacaq və üçüncü dünya müharibəsinin başlanmasının qarşısını alacaq.
Bəs görəsən, Tramp vədlərinə əməl edə biləcəkmi?
Mövzu ilə bağlı Diplomatiya Araşdırmaları Mərkəzinin sədri, politoloq Samir Hümbətov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Rusiya-Ukrayna münaqişəsinin Trampın iradəsi daxilində dayandırılması sual altındadır.
Onun sözlərinə görə, Trampın 4 illik əvvəlki prezidentlik dövründə Pentaqonla ciddi şəkildə problemləri var idi:
"Pentaqonla yanaşı, Amerika dərin dövləti Trampı çox sıxışdırırdı. İndiki halda Trampın verdiyi vədə əməl edə biləcəyi və müharibəni tam olaraq dayandıra biləcəyi müəmmalıdır. Məsələ ondadır ki, Trampdan başqa da qərar verən şəxslər var. Həmin güc mərkəzlərinin müharibənin gedişatına ciddi təsiri var. Tramp müharibəni dayandıra bilər, amma onun bazasını formalaşdırmaq lazımdır. Yəni, Trampın bitirəcəyi müharibənin tamamilə bitəcəyi, yoxsa kövrək atəşkəs kimi müvəqqəti sülhün əldə olunacağı məlum deyil".
Samir Hümbətov: Müharibə dayandırıla bilər, amma...
S.Hümbətov hesab edir ki, Trampın Rusiya-Ukrayna münaqişəsini dayandıracağı çox da real görünmür.
"Trampın qarşıdakı dövrdə müharibəni dayandıra bilməsi baş verə bilər, amma sülh şəraitinin dayanıqlığı sual doğurur. Tramp öz nüfuzunu qorumaq üçün müharibəni dayandırmağa çalışa bilər. Lakin nəticənin effektiv olacağı dəqiq deyil", - deyə Samir Hümbətov qeyd edib.
Gülşən Şərif