Bir atalar sözündə deyildiyi kimi, “aşığın sözü qurtaranda dalay-dalay deyər”. Azərbaycan parlamentində belə “aşıqlar” hər zaman olub və təəssüf ki, bu gün də var və yəqin ki, hələ uzun illər də olacaq...
Sahib Alıyev adında 4 dəfə dalbadal parlamentə düşən deputat ötən gün Milli Məclisdə “dahiyanə” təkliflə çıxış edib. Nəhayət, dördüncü dəfədən Azərbaycanın “başlılca dərdini”, “problemini” anlamağa müvəffəq olan deputat deyib ki, Azərbaycanda göyərçinləri yemləyənlər, sən demə, böyük qəbahət sahibləridir, az qala bütün bəlalarımız, problemlərimiz də bu “əcaib quşlardan” və onları yemləyənlərdən gəlir. Ona görə də belələri mütləq cərimə olunmalıdır. Sonra aləm dəyib bir-birinə, digər millət vəkilləri bunun əleyhinə çıxıblar, deyiblər ki, bu, göyərçinlərə qarşı (onları yemləyənlərə qarşı yox ha) qeyri-humanist addım olar və sair. Söhbətə hətta parlament sədri də qarışıb və deputata haqq qazandırıb. Deyib ki, göyərçinlər infeksiya daşıyıcısı ola bilər. Yəni, göyərçinlər anti-sanitariya mənbəyidir. Bir sözlə, sözün qurtardığı, dilin ağızda yanıb quruduğu yer...
Əvvəlcə qeyd edək ki, doğrudan da bir çox dünya ölkələrində, xüsusilə də Avropada turistlərin kütləvi axın etdikləri dünya şöhrətli, çoxsaylı qədim abidələri, tarixi binaları olan və eyni zamanda da mərkəzi meydanlarına həddindən çox göyərçin və digər quşlar toplaşan şəhərlərdə göyərçinləri yemləmək qadağandır və buna görə cərimələr nəzərdə tutulub (ancaq əksər hallarda bu qadağa formal xarakter daşıyır). Bu da onunla bağlıdır ki, göyərçinlər çox olduğundan tarixi abidələri, heykəlləri və s. korlayırlar.