AZ

İsrail polisi iki fransız jandarmını saxlayıb

İsrail

İsrail polisi Şərqi Qüdsdə Fransa ərazisi olan Pater Noster kilsəsində iki fransız jandarmını saxlayıb.

Reyting.az
İsrail mətbuatına istinadla bildirir ki, Fransa xarici işlər naziri Jean-Noël Barrotun Şərqi Qüdsdəki Pater Noster kilsəsini ziyarət etməzdən əvvəl İsrail polisi ilə fransız jandarmları arasında gərginlik yaşanıb.

Fransız jandarmları İsrail polisinin Fransa ərazisi statusuna malik Pater Noster kilsəsinə daxil olmasını istəməyib. Bu səbəbdən İsrail polisi ilə Fransa jandarmları arasında gərginlik artıb. İsrail polisi iki fransız jandarmını saxlayaraq, ərazidən uzaqlaşdırıb.

Digər tərəfdən, Fransa jandarmlarının saxlandığı anların görüntüləri sosial mediada yayımlanıb. Görüntülərdə İsrail polisi fransız jandarmlarından birinin qolunu sıxaraq yerə uzadır.

Fransa mətbuatı yazır ki, xarici işlər naziri Barrot İsrail polisinin Fransaya məxsus əraziyə icazəsiz və silahla daxil olduğunu bildirib. Barrot bu vəziyyətin qəbuledilməz olduğunu deyib.

İsrail polisinin Pater Noster kilsəsinin yerləşdiyi ərazini tərk etməkdən imtina etdiyini bildirən Barrot, bu gün bu əraziyə daxil ola bilməyəcəklərini qeyd edib.

Barrotun sözlərinə görə, Fransanın məsuliyyəti altında olan bir ərazidə baş verənlər İsraillə gücləndirməyə çalışdığı əlaqələri zəiflədir.

Fransa Xarici İşlər Nazirliyinin internet saytında verilən açıqlamada Barrotun müdaxiləsi nəticəsində diplomatik statuslu iki fransız jandarmasının sərbəst buraxıldığı bildirilib.

Açıqlamada İsrail təhlükəsizlik qüvvələrinin hərəkətləri pislənir və İsrailin Parisdəki səfiri Coşua Zarka yaxın günlərdə nazirliyə çağırılacaq.

E. KAMAL
Seçilən
13
1
reyting.az

3Mənbələr