“Bu gün şanlı üçrəngli bayrağımız tarixinin ən qüdrətli dövrünü yaşayan müstəqil Azərbaycanın üzərində qürurla dalğalanır”.
Bu fikri İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin deputatı Mircəlil Qasımlı bildirib.
“Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayrağımız 70 il sonra - 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyanın qərarına əsasən Naxçıvan Muxtar Respublikasında yenidən ucaldıldı. Müasir müstəqil Azərbaycanın müəllifi Ulu Öndər Heydər Əliyev ölkəmizi tarixin ağır sınaqlarından üzüağ çıxararaq, onun inkişaf və tərəqqi yoluna qədəm qoymasını təmin etdi”, - deyə deputat vurğulayıb.
Ulu Öndərin Azərbaycanı bütün dünyaya tanıtdığını bildirən deputat qeyd edib ki, mummilli Liderin xidmətləri nəticəsində Azərbaycanın beynəlxalq birliyə inteqrasiyası uğurla həyata keçirildi. Qısa müddət ərzində Azərbaycanın dövlət bayrağı bütün beynəlxalq təşkilatların iqamətgahları qarşısında dalğalandı.
Mircəlil Qasımlı qeyd edib ki, Ümummilli Liderin müəyyənləşdirdiyi uzunmüddətli inkişaf strategiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə davamlı tərəqqi yolunda inamla irəliləyən ölkəmiz bu gün dayanıqlı və inklüziv inkişafını davam etdirir. Ötən illər ərzində həyata keçirilən genişmiqyaslı islahatlar, tətbiq edilən sosial-iqtisadi dövlət proqramları ölkəmizin hərtərəfli inkişafını təmin edib. Əldə edilən tarixi nailiyyətlər ölkəmizə, onun vətəndaşlarına, dövlət rəmzlərinə, üçrəngli bayrağımıza hörmət və ehtiramı daha da artırır.
“44 günlük Vətən müharibəsində və antiterror əməliyyatlarında böyük igidliklər göstərmiş qəhrəman övladlarımız üçrəngli bayrağımızın tarixi torpaqlarımızda əbədi dalğalanması üçün öz canlarını fəda etdilər”, - deyən Milli Məclisin deputatı qeyd edib ki, bu gün qalibiyyət rəmzi olan bayrağımızın bütün suveren ərazilərimizdə dalğalanması hər bir azərbaycanlının qürur mənbəyidir.